Yaralı halda saatlarla döyüşən “Azərbaycan Bayrağı” ordenli kapitan: həmin an bomba partlasaydı… – VİDEO

Ordumuzun qəhrəmanlığı, qorxmazlığı və şücaəti sayəsində Vətən müharibəsini zəfərlə başa vurduq. Azərbaycan eşqi, bayraq sevgisi ilə silahlanan qəhrəman igidlərimiz haqq savaşımızdan alnıaçıq, üzüağ çıxdılar. Vətənin dar günündə onun köməyinə yetişən minlərlə ərənlərimiz qanları ilə tarix yazdı, onlar həm də adlarını zəfər tariximizə yazdırdı.

Qanı, canı ilə tarix yazan igidlərimizdən biri də Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı Əli Kərimovdur.

Müzəffər Ordumuzun sıralarında böyük qəhrəmanlıqla döyüşən, torpaqlarımızın azad olunması zamanı igidlik nümayiş etdirərək yaralanan, ancaq yaralı halda döyüşə davam edən kapitan Əli Kərimovu sizə daha yaxından tanıdacaq.

Kərimov Əli Valeh oğlu 14.10.1989-cu ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda anadan olub. 2005-ci ildə Heydər Əliyev adına Hərbi Liseyə daxil olub. 2008-2012-ci illərdə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı ixtisası üzrə təhsil alıb. 2012-ci ildə leytenant rütbəsini alıb. 2013-cü ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təhsil alıb. Həmin ildən xüsusi təyinatlı qüvvələrdə xidmət edir. Türkiyədə bir çox təlimlərdə iştirak edib. Xizəkçilik, dağ təlimləri, anti-terror, özəl qüvvələrlə bağlı təlimlərə qatılıb. Ən son 2020-ci il martın 23-də Türkiyədə müəllim kimi dağçılıq və şiddətli soyuqlarda müharibə və xizəkçilik dərsi keçib. Uzun illərdir ki, Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrində çalışır. Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Əli Kərimov deyir ki, uşaqlıqdan hərbiyə marağım olub. Qəhrəman igidimizin atası uzun illər hərbidə feldşer işləyib. Qardaşı isə hazırda zabitdir.

Ə.Kərimov müharibədən, şərəfli döyüş yolundan və onunla eyni döyüşdə çiyin-çiyinə vuruşan, yaralanan, şəhidlik zirvəsini fəth edən silahdaşlarından qürurla danışır. “Yaralı olsam da, özümü düşünmürdüm, Vətən daha vacib idi” deyən igidimiz oktyabrın 29-na qədər düşmənlə yaxın məsafədən döyüşüb.

O, döyüşlərə oktyabr ayının 11-dən qoşulduğunu deyir. Bu vaxta qədər isə Naxçıvanda gündəlik döyüş hazırlığı ilə məşğul olublar: “Bizə veriləcək döyüş əmrini səbirsizliklə gözləyirdik. Oktyabrın 10-da döyüşə hazırlıq əmri gəldi. Bizi Füzuli-Xocavənd istiqamətinə gətirdilər. Burada polkovnik Tehran Mənsimov şəxsi heyəti və Birinci Qarabağ savaşındakı təcrübələrindən, müharibədə bizi nələrin gözlədiyindən, nələrlə qarşılaşa biləcəyimizdən danışdı və öz tövsiyələrini verdi. Daha sonra isə xüsusi döyüş təminat qruplarına bölündük”.

Əli Kərimov Füzuli rayonunun kəndlərinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. O və silahdaşları Uryandağ yüksəkliyinə qədər irəliləyiblər. Əsasən də yüksəkliklərin, kəndlərin işğaldan azad olunması, düşmən postlarının ələ keçirilməsi tapşırıqlarını yerinə yetiriblər. Onlar Yuxarı Yağlıvənd və Divanalılar kəndlərini azad edərək, bir sıra vacib yüksəklikləri geri qaytarıblar. Düşmənin gözləmədiyi anda ona zərbə vurublar. Əli Kərimov o anları bu cür xatırlayır: “Hansı ki, ermənilər düşünürdü ki, burdan gəlmək ağılsızlıq olar. Ancaq biz onlara gözləmədikləri anda zərbə endirdik. Bir qrupun komandiri mən idim, digərinin kapitanı şəhid dostum Babayev Nihat, başqa bir qrupun komandiri baş leytenant Əhmədov Coşqun, başqa birində isə mayor İsaqov Mircəlal, digərində də kapitan Qurban İlhamov əsas döyüş qruplarının komandiri idi. Biz qruplarımıza uyğun olaraq döyüş tapşırıqları alırdıq və onu yerinə yetirirdik”.

Əli Kərimov Vətənə xidməti ən ümdə borcu bilir. Yaşadığı heç bir çətinlik onu yolundan döndərməyib. Füzuli rayonunun Divanalılar kəndini düşmən işğalından azad edərkən Əli bir erməni ilə yaxın məsafədə gözlənilmədən qarşı-qarşıya gəlir. Ancaq düşmən igidimizdən cəld tərpənib ona atəş açır. Mərmilər isə xoşbəxtlikdən onun sinəsində olan avtomatın daraqlarına dəyir. Əli eyni anda ona atəş açan ermənini boğazından və ağzından vurur. Həmin kənddə döyüşlər davam edir. İgidimiz yenidən düşmənin snayperinə tuş gəlir. Güllə bu dəfə də ona xəsarət yetirmir, üzərində olan əl bombasına dəyir. Xoşbəxtlikdən bomba partlamır. Əli deyir ki, əgər həmin an üzərimdəki bomba partlasaydı, sağ qalmaq ehtimalım yox idi.

Polkovnik Tehran Mənsimov döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı Əli və digər kapitanların yanında olub. Onun sözlərinə görə, işğaldan azad etdikləri ərazidə həmlə taboru yerləşdirilib. Əli Kərimov həmlə taborunun komandiri, polkovnik-leytenant Cavid Fərhadovun da göstərdiyi igidlikdən danışıb: “O, Aprel döyüşlərində də qəhrəmancasına iştirak edib. Bu müharibədə də səfərbərliklə çağırılmışdı. Divanalılar kəndinin alınmasında xüsusi təyinatlılarla birgə böyük şücaət göstərib. O, xüsusi təyinatlı olmadan öz könüllüləri ilə düşmənin hərbi hissəsini ələ keçirmişdi (60-70 nəfərlik heyətlə).

Əli Kərimov döyüşün qızğın anlarından da danışıb. O bildirib ki, 3 qrupa bölünərək Uryandağ yüksəkliyi istiqamətində irəliləmək üçün əmr alıblar: “Mənim, kapitan Babayev Nihatın və baş leytenant Əhmədov Coşqunun qrupu orada olmalı idik. 29-30 oktyabr gecə saat 11 radələrində fəaliyyətə başladıq. Düşmənlə qızğın döyüşlər getdi. Dəhşətli döyüş idi. İlk olaraq öndə mən gedirdim və düşmən səngərinə yaxınlaşıb girmək istəyəndə vuruldum”.

 

 

Düşmən Əlini snayperlə hədəf alıb. Güllə sağ ayağından girərək sol ayağından çıxıb. Ancaq ona tuşlanan güllə Əlini yolundan döndərmir. Yaralı vəziyyətdə döyüşə davam edir: “Həmin anda qızğın döyüş gedirdi və o məqamda ilkin tibbi yardım göstərmək mümkün deyildi. Düşmən başımıza güllə yağdırır, minamyotdan atırdı. O anda güllənin ağrısı yox idi, dəyən zaman istilik hiss elədim. Elə bildim ki, iynə girdi. Başqa ağrı hiss etmirdim. Sonradan da dedim ki, yəqin güllə sürtüb keçib. O halda döyüşdüm”.

Əli və silahdaşları düşmən səngərinə doğru irəliləyiblər. Döyüş yoldaşı, 3-cü qrupun komandiri Babayev Nihat orada snayperlə vurulub və qəhrəmancasına şəhid olub. Digər qrupun komandiri Əhmədov Coşqun düşmənin atdığı əl bombası nəticəsində ağır yaralanıb. Həmin döyüşdə Əlinin 5 silahdaşı şəhid olub. Ancaq tapşırıq uğurla yerinə yetirilib: “Bundan sonra bizə kömək gələcəkdi, ancaq yaralılar ağır idi, gözləmədik. Mənim kimi yarası yüngül olan döyüşçü yoldaşlarımızla birgə yaralı silahdaşlarımızı qucağımızda, çiynimizdə, söykənib kömək etmək yolları ilə ərazidən təxliyə etdik. Təxliyə etdiyimiz yerə qədər kilometrlərlə yol getdik. Dostumu çiynimdə aparırdım. Həmin gün 12 yaralımız var idi. Ancaq yüksəkliyi azad edə bildik”.

Bu, qəhrəman kapitanın Vətən müharibəsindəki son döyüşü olur. O, xəstəxanaya yerləşdirilir.

“Heç bir çətin məqamımız olmayıb, düşmən çətin anlar yaşayırdı” deyən 31 yaşlı kapitanı dinlədikcə bir daha əmin olursan ki, bu yurdun Əli kimi oğulları var olduqca, bayrağımız hər zaman Vətən səmasında qürurla dalğalanacaq.

Əli Kərimov döyüş əmrini neçə illərdir gözlədiyini deyir: “Şəhidlərimiz gülərək can verirdi. Onlar şəhadətə yüksəldikləri üçün şükür edirdilər. Hər kəs döyüşə sevinclə gedir. Xalqımızın dəstəyini də hiss edirdik. Xalq birləşmişdi, ruh yüksəkliyi çox idi. Heç kəs ermənidən qorxmurdu. Azərbaycanın mərd oğulları qəhrəmancasına döyüşürdü. Hər birimiz kişi kimi son damla qanımıza qədər döyüşdük. Yüzlərlə əsgər yaralanmalarına baxmayaraq döyüşürdü. Yaralı-yaralı xəstəxanada heç kəs qalmaq istəmirdi. Hamısı tezliklə döyüşlərə qayıtmaq üçün səbirsizlənirdi. Düşmən tərəfdə isə hər şey əksinə idi”.

Qəhrəman kapitan deyir ki, qələbədə mənim də payımın olması böyük fəxarət hissidir: “28 illik həsrətə son qoyanların içərisində mənim də olmağım böyük qürurdur. Qalib ordunun qalib zabiti olmaq çox qürurvericidir. Mən də tarixə düşdüm. Övladlarıma, nəvələrimə nələrisə danışa biləcəm. Onlar bizimlə fəxr edəcəklər”.

“Azərbaycan Bayrağı” ordenli kapitanı ən çox qürurlandıran isə xalqın mənəvi-psixoloji, eyni zamanda təminat baxımından dəstəyi ilə yanaşı, orduda olan rəhbər şəxslərin, polkovnik və generalların onlarla çiyin-çiyinə döyüşməsidir. Bu, onlara döyüşdə böyük motivasiya olub: “Bu müharibədə generalla əsgər çiyin-çiyinə döyüşürdü. General sıravi əsgərə qardaşım, yoldaşım, dostum deyirdi. Bu, hər kəsi ruhlandırırdı. Bu savaşda arxadan heç kim komanda vermirdi. Komanda verən əsgərinin yanında komanda verirdi. O, öz bölməsinin necə irəlilədiyini, hansı çətinlikləri yaşadığını döyüş meydanında görürdü. Bu isə bizi daha da ruhlandırırdı”.

Əli Kərimov müayinə olunub və xidmətə tam yararlıdır. Hazırda Vətənin keşiyində dayanaraq sevdiyi işini davam etdirir.

Düşməni əzə-əzə, bu yolda öldü var, döndü yoxdur deyə-deyə irəliləyən, son damla qanına qədər döyüşən, Əli kimi qanayan yarasını sarıyıb Vətənin səsinə səs verən igidlərimiz 44 günlük haqq savaşımızda illərin həsrətinə son qoydu. Bu igidlər 30 ildir közə dönmüş gözləri Şuşaya doğru yol çəkən, qələbə xəbəri üçün səbirsizlənən, məğlub kimi gəzməyə məhkum olunmuş bir xalqın kimliyini, mənliyini özünə qaytardı. Əli kimi neçə-neçə mərd, qorxmaz kapitanlar, zabit və əsgərlər düşməni əzib haqqımızı geri aldı. Bu ərənləri dinlədikcə qürurlanmaya bilmirsən.

Müzəffər zabit adının haqqını verən Əli Kərimov artıq zəfər qazanan Azərbaycan Ordusunun qalib kapitanıdır. O, indi ailəsinin, yaxınlarının, həm də bütün Azərbaycanın qürur yeridir. Bu cür Vətən oğulları ilə hər birimiz fəxr edirik!

Akqabay Mıradov

Alət çubuğuna keç