Yaralı halda qardaşını 15 kilometr çiyinlərində daşıdı – VİDEO

Əslən Bakıdan olan 20 yaşlı Şabizadə İlkin və 18 yaşlı Şabizadə Elmin qardaşları ön cəbhədə birlikdə çiyin-çiyinə düşmənlə mübarizə aparıblar.  Hər ikisi eyni gündə, eyni yerdə yaralanıblar. Lakin qardaşlardan biri, Ş.Elmin ağır yaralandığından, Ş.İlkin onu çiyinlərində aparıb.

Bu barədə Yeniavaz.com-a danışan Ş.İlkin həmin anları belə xatırlayır:

“Mən qardaşımla eyni manqada idim. Şuşa dağlarında döyüşə gedirdik, birdən sağ tərəfimizdən naməlum səslər eşitdik. Bir-birilərinə “ara” deyirdilər. Başa düşdük ki, ermənilərdir. Təqribən 50 nəfər olardılar. Elə həmin dəqiqə atışma oldu və güclü döyüşlər başladı.  Bir müddət sakitlik hökm sürdü və biz elə bildik ki, hamısını məhv eləmişik. Daha sonra onlar artilleriyadan atəş açmağa başladılar. Həmin vaxt mən də,  qardaşım da ayağımızdan yaralandıq. Qardaşımın yarası ağır idi.  Buna görə də onu çiyinlərimə alaraq 15 kilometr yol getdim. Maşına çatdıq və bizi qospitala gətirdilər. Hal-hazırda vəziyyətimiz yaxşıdır və sağalmağa doğru gedirik. Min canım olsa qardaşıma və əsgərlərimizə qurban verərdim. Allah şəhidlərimizə rəhmət eləsin, yerdə qalanlara can sağlığı versin! Biz fəxr edirik ki, Azərbaycanlıyıq!”

Ş.İlkin və Ş.Elmin qardaşlarını uşaqlıqdan nənələri böyüdüb. Yeniavaz.com-a danışan nənələri Əliyeva Yetər nəvələri ilə fəxr etdiyini  bildirdi: “Şükürlər olsun, nəvələrim Vətəni qorudular və başımızı uca etdilər. Allah şəhidlərə rəhmət eləsin, onların ailələrinə səbr versin”.

Alət çubuğuna keç