Vüqar Səfərli nə oyunlar açıb və kiminlə? – Faktlar

Azərbaycan mətbuatının 150 illik tarixində bu qədər savadsız, bu qədər kobud, bu qədər acgöz adam görünməyib… Düşünürəm ki, banklardan çıxan 5 milyon manat (V.Səfərlinin xarici banklarda 5 milyon 796 min manat pulu aşkarlanıb – red.) bu adamın mətbuatdan oğurladıqlarının ancaq nağd hissəsidir. İndi görün, Bakıda, bütün Azərbaycanda nə qədər mənzilləri, biznes obyektləri var…

Axar.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist, Bakı Baş Polis İdarəsinin Mətbuat Xidmətinin sabiq rəisi Qalib Arif KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərlinin həbsi ilə bağlı Baş Prokurorluğun yaydığı faktlara münasibətində qeyd edib.

O bildirib ki, bu faktları V.Səfərli vəzifədə olanda da dəfələrlə yazıb:

“Mən Azərbaycan Prezidentinin jurnalistlər üçün tikdirdiyi binaların birinin sakiniyəm və Vüqar Səfərlinin bizim başımıza açdığı oyunların şahidiyəm. Mən hər gün xarab olan su kranlarından, açılıb-bağlanmayan, küləkdən vıyıldayan, hətta içəri su buraxan qapı-pəncərələrdən danışmaq istəmirəm. Aydındır, 5 manata alınıb, 50 manata qeydiyyata salınıb. Bircə misal çəkəcəyəm. Deməli, jurnalist binalarının bütün sakinləri 5 ildir ki, kombi problemindən əziyyət çəkirdi. Az qala, hər ay çirklənirdi, 30-40 manat verib yudurtmaq lazım gəlirdi. Məsələn, mən bu 3-4 ildə kombiyə min manata qədər xərc çəkmişəm. Düşünürəm ki, təzəsini alsaydım, daha yaxşı idi.

Təxminən 1 il bundan qabaq Vüqar Səfərli işdən çıxarıldı. Və inanmazsız, bizim kombilər işləməyə başladı… Artıq bir ildir ki, çirklənmir, işləyir…

Düzü mat qaldım, kiçik bir araşdırma apardım. Məlum oldu ki, Vüqar Səfərli Türkiyədə bizim binalar üçün kombilərin alındığı “Dəmir-Döküm” şirkəti ilə danışıb, burda onun bir filialını (ofisi Mətbuat Şurasının yaxınlığındadır) açdırıb. Sonra da Qaz İdarəsinin keçmiş rəhbərliyi ilə danışıb, jurnalist binalarına təmizlənməmiş qaz verdirməyə başlayıb. Kombilər tez-tez xarab olub, Vüqar Səfərlinin filialı da adamları soyub. Təsəvvür edin ki, Türkiyə bazarında hardasa 5 lirə olan ağ plasmas filtrlər burda 25-35 manata (“8-ci km” bazarında 10-15 manat idi) təklif edilirdi. Bu müddətdə hər bir sakinin orta hesabla 1000 manatdan çox xərc çəkdiyini nəzərə alsaq, bu, yarım milyona qədər pul deməkdir. Siz quldurluğun miqyasını (kiçik bir sahədə) təsəvvür edirsinizmi?!”

Qalib Arif qeyd edib ki, Vüqar Səfərli bu qədər dövlət pulunu tək oğurlamayıb və tək yeməyib:

“Məlum olduğu kimi, KİVDF-ni əski şöbə müdiri Əli Həsənov kurasiya edib. Deməli, oğurluq pulların mütləq əksəriyyəti, yəni 75 faizi Əli Həsənova çatıb. Əks halda, Vüqar Səfərli bu qədər pulu oğurlamağa, sadəcə olaraq, cəsarət etməzdi. Axı, o, kasıb adamdı, Fondun sədri təyin edilənə qədər Əhmədlidə köhnə doqquzmərtəbədə yaşayırdı. Sədr olandan sonra isə şəhərin hər rayonunda bir mənzili vardı, yalnız şəxsi “Mersedes-Krossoveri” 150 min dollardı. Bəli, o, bu pulları tək oğurlamamışdı, kuratorundan başqa, cinayət ortaqları da vardı”.

Qalib Arif KİVDF-də Müşahidə Şurasının fəaliyyət göstərməsinə də diqqət çəkib və bildirib ki, onun Fondun vəsaitlərini dağıtdığı, jurnalist mənzillərini satdığı dövrdə qurumun Müşahidə Şurasının sədri Həsən Həsənov idi.

Qeyd edək ki, Müşahidə Şurasının digər üzvləri də var və onlar xərclənən vəsaitə nəzarət etməli idilər.

Mənbə: 
Alət çubuğuna keç