VƏBA TÜĞYANI ZAMANI BANKET?! – Putin niyə hakimiyyətdən əl çəkə bilməzdi?

Koronavirus pandemiyasının qlobal iqtisadiyyata ağır zərbələr vurduğu və bunun nəticəsində də neftin qiymətinin üzü aşağı yuvarlandığı bir vaxtda, Rusiya siyasi arenasında maraqlı hadisələr yaşanır. Bütün böyük ölkələr koronavirusla mücadiləyə girişib, Rusiya isə 22 apreldə konstitusiya dəyişikliyinə gedir. Necə deyərlər, “vəba tüğyanı zamanı banket verilir”.

2018-ci ildə Rusiyada keçirilən prezident seçkilərindən sonra siyasi icmalçılar Vladimir Putinin 2024-cü ildə yenidən hakimiyyətdə qalıb-qalmayacağı məsələsini ciddi müzakirə obyektinə çevirdilər. Bu müddət ərzində bir çox icmalçı Putinin varisinin kimliyini müəyyənləşdirməyə çalışdı. Amma onu da deyək ki, Putinin hakimiyyətdən əl çəkməyəcəyini söyləyənlər də az olmayıb. Onların arqumentinə görə Rusiya prezidenti öz sələfi Boris Yeltsindən fərqli olaraq, ətrafına güvənmir. Çünki həm onları yaxşı tanıyır və həm də ölkədəki real iqtisadi durumun hansı təməllər üzərində dayandığını bilir. Putin bilir ki, gələcəkdə ölkədə hər hansı iqtisadi tənəzzül yaşansa, o zaman günahkar axtarışına başlanılacaq və onun varisi olan yeni prezident özünə bəraət qazandırmaq məqsədiylə deyəcək ki, bəs, bütün problemlərin kökü keçmişə gedir. Sonra nə baş verəcəyi artıq bəllidir – “Putingate” prosesinə start veriləcək və Vladimir Putin barəsində təhqiqat işə düşəcək. Bəli, Putin üçün belə bir ssenarinin olmayacağı təminatı yoxdur.

Əlbəttə, əgər gələcəkdə iqtisadi vəziyyət yaxşı olarsa, Putinə toxunmaya bilərlər. Ancaq belə görünür ki, Putin ehtimallar üzərində köklənmək niyyətində deyil. Ona görə də, referenduma gedilir. Görünür, həm də, Putin özü-özünə sual edir ki, niyə getməliyəm?

Rusiya televiziyalarında aparılan gurultulu təbliğat həqiqətin pərdələnməsi üçün lazımdır. Lakin artıq bu təbliğat mexanizminin işini qənaətbəxş saymaq olmaz. Putin populyarlıq reytinqinə xüsusi önəm verdiyi üçün həmişə çalışıb ki, atdığı addımlarla özünü gözdən salmasın. Ancaq indi vəziyyət dəyişib. Ölkə əhalisinin güzəranı getdikcə pisləşir. Heç kimin gözləmədiyi iki bədbəxtçilik – koronavirus infeksiyası və enerji resurslarının qiymətinin kəskin ucuzlaşması fonunda tez-tələsik konstitusiyada dəyişiklik edilməsi ilə bağlı referendumun keçirilməsi vətəndaşların narazılığına səbəb olur.

Hazırda Rusiyada baş verən hadisələr dünya mediasının da diqqət mərkəzindədir. Böyük Britaniyanın “The Economist” jurnalında gedən ”Rusiya prezidenti özü istəmədən daha 16 illik hakimiyyətdə qalmağa razılıq verib” başlıqlı məqalədə deyilir: “Əl parlamentinin olması necə də əlverişlidir. Dünyanın ilk qadın kosmonavtının təklifinə əsasən Rusiya duması konstitusiyaya ediləcək əlavələri təsdiq etdi. Bu dəyişkiliyə görə prezidentin indiyədək hakimiyyətdə qaldığı müddət sıfırlanır və iki dəfədən artıq seçilmək limiti ortadan qaldırılır. Konstitusiya dəyişkiliyi Vladimir Putinə daha iki dəfə altı illik müddətə ölkə rəhbəri seçilməyə imkan verir. 2036-cı ildə Putinin 83 yaşı olacaq və həmin zaman o, İvan Qroznudan sonra ən uzunmüddətli – 36 il hökmdarlıq etmiş rəhbər olacaq. Deməli, indi belə çıxır ki, dünyanın iki nəhəng hərbi gücü – Çin və Rusiya ömürlük prezidentlərə malik olurlar.

Sözsüz ki, bütün bunların heç birini gözlənilməz saymaq olmaz. Putin və onun ətrafı hədsiz çoxlu düşmən və xeyli pul toplayıblar və onlar könüllü hakimiyyətdən getməzlər. Əsas real məsələ Putinin ömürlük hakimiyyətdə qalmaq niyyətinin necə təqdim edilməsi formasıdır.

Dəyişikliklər anı onun üçün yaxşı heç nə vəd etmir. Hazırda neftin qiymətinin çökməsi iqtisadiyyata sarsıdıcı zərbə endirir. Putin öz 20 illik hakimiyyəti dövründə Rusiya iqtisadiyyatına rəngarənglik qatmaq və onu neft-qaz asılılığından uzaqlaşdırmaq üçün real tədbir görmədi.

2018-ci ilin seçkilərindən sonra Putinin populyarlığı laxlamağa başladı. Bu, müəyyən qədər zəif iqtisadiyyat və pensiya yaşının qaldırılması ilə bağlıdı. Putin görəndə ki, bu addım hədsiz qeyri-populyardır, o öz planına dəyişiklik etməyə məcbur oldu. Keçən il bələdiyyə seçkilərində onun “Vahid Rusiya” partiyası böyük itkilər verdi. Güclü rəqiblərin adının bülletenə düşməməsinə çalışılsa da, Moskvadakı məğlubiyyət daha güclü oldu.

2018-ci ildə Putin 77 faizlə yenidən prezident seçildi və bu, onun üçün yaxşı nəticəydi. Sözsüz ki, onun bu cür böyük qələbəsində müxalifət lideri Aleksey Navalnının seşkiyə buraxılmaması əhəmiyyətli rol oynamışdı.

Lakin rusiyalıların narahat olmağa əsasları var. Çünki onların müasir çarının taxtda əyləşməsi uzun sürəcək. Putin hökuməti ona görə kifayət qədər maliyyə ehtiyatı yığıb ki, illərlə hakimiyyətdə qala bilsinlər. Amma əbədi yox ki!”

ABŞ-ın “The Wall Street Journal” qəzetinin “Putin, tutduğu postdan getməyi özünə rəva görə bilməz” başlıqlı məqaləsində əsas etibarıyla Rusiya prezidenti və ətrafının fantastik surətlə varlanmasına toxunulur. Məqalədə deyilir: “Dünyanın ilk qadın kosmonavtı Valentina Tereşkova Dumadakı çıxışında Putinin üzərindəki seçilmək məhdudiyyətini götürməyi təklif edib. Tereşkova deyib ki, söhbət Rusiyanın gələcəyindən gedir. Praktik olaraq Putin özü üçün başqa heç bir çıxış yolu qoymayıb. Əgər Putin yaxınlarını qorumaq və öz irsi üzərində amansız təhqiqat aparılmasından qaçmaq istəyirsə, onda o, hakimiyyəti əlindən qəti buraxmamalıdır.

“Putin kleptokratiyası” (Putins Kleptocracy) kitabının müəllifi Karen Davişanın sözlərinə görə, Rusiya aktivlərinin 35%-nə cəmi 110 nəfər nəzarət edir. Bu isə dünyadakı mülkiyyət bərabərsizliyinin ən yüksək səviyyələrindən biridir.

Rusiya milyarderlərinin əksəriyyəti nə vaxtsa Sankt-Peterburq administrasiyasında Putinlə birlikdə işləyənlər, onunla birlikdə cüdo zalında məşq keçənlər, onunla DTK-da çalışanlar və ”Ozero” kooperativinin üzvləridir. Heç bir təcrübəsi olmayan bu adamlar birdən-birə böyük pullara sahib oldular.

Hakimiyyətdən getdiyi təqdirdə Putini şəxsən təhlükə gözləyir. Hələ Putin prezident olmağa başlayanda ona qarşı iki təhqiqat işi aparılırdı. Bu, onun Sankt-Peterburq merinin müavini vəzifəsindəki işi ilə bağlıdır.

Birinci iş 1992-ci ildə baş verən insidentlə əlaqəlidir. O zaman şəhər əhalisi üçün vacib olan ərzaq məhsulu alınması məqsədiylə xarici ölkələrlə xammal mübadiləsi aparılsa da, ərzaq gəlib çıxmamışdı.

İkinci məsələ Sankt-Peterburq şəhər vəsaitinin İspaniyadakı özəl mülkün tikintisində istifadə olunmasıyla bağlıdır. Putin prezident seçildikdən dörd ay sonra – 2000-ci ilin avqustunda hər iki iş səssiz-küysüz qapadıldı.

Rusliyalı siyasi təhlilçi Stanislav Belkovski 2007-ci ildə Almaniyanın “Die Welt” qəzetinə verdiyi müsahibəsində demişdi ki, Putinin gizli maliyyə aktivləri 40 milyard dollardır və prezident faktiki olaraq “Gunvor” beynəlxalq enerji qrupunun səhmlərinin 75 %-nin sahibidir və bu, Rusiya neftin ixracından gələn paydan formalaşır. Həmin hadisədən üç ay sonra Putin və “Gunvor” şirkətinin nümayəndəsi bu ittihamları rədd etdilər. Amma Belkovskinin gəldiyi nəticə Qərb kəşfiyyatının hesabları ilə üst-üstə düşürdü.

Tereşkova çıxışında vurğulayıb ki, əgər Putinə yenidən prezident seçkilərində iştiraka imkan verilsə, bu hadisə Rusiya cəmiyyətində sabitləşdirici effekt yaradacaq. Tereşkova bir məsələdə haqlıdır. Bu “sabitləşdirici effekt” şübhəsiz ki, mövcud iqtisadi staqnasiyanı uzadacaq. Amma görəsən həmin staqnasiya hansı müddətə qədər çəkəcək?…”

“AzPolitika.info”

Alət çubuğuna keç