“Ümumiyyətlə, kənddə sovet dövründə də qaz olmayıb…” – GİLEY

Salyan rayonunun Xıdırlı kəndinin sakinləri hələ də qış aylarında evlərini, məktəblərini baha qiymətə aldıqları odun vasitəsilə qızdırırlar.

Regionxeberleri.com bildirir ki, Moderator.az-a bu haqda kənd sakini Elşad Məmmədkərimov məlumat verib.
“İşıqlarımız, şükür Allaha, son illər yaxşı yanır. 4-5 il əvvəl su da çəkilib. Ancaq Xıdırlıda hələ də təbii qaz yoxdur. Ümumiyyətlə, kənddə sovet dövründə də qaz olmayıb…
Özüm də Qarabağ müharibəsi veteranıyam, ürək xəstəsiyəm. Qışda yanacaq sarıdan çox əziyyət çəkirik. Qış ərzində oduna 300 manatadək pul veririk. Çoxuşaqlı ailələr, körpə uşaqları olanlar isə yanacağa, azı, 400-500 manat xərcləyir. İlboyu çay, xörək üçün qaz balonu almağa da xeyli pul gedir. Kənd sakinləri dəfələrlə Salyan Rayon İcra Hakimiyyəti Sevindik Hətəmova, 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputat Fəzail Ağamalıya müraciət etsələr də, hələ ki, bir nəticə yoxdur. Bizcə, məsələnin məsuliyyəti əsasən “Azəriqaz”ın boynundadır… Maraqlısı odur ki, qonşu Kürsəngi kəndində, Ələt qəsəbəsində qaz var. Ən başlıcası və təəccüblüsü isə, Xıdırlıdan cəmi 5 km məsafədə qaz quyusu, qaztəmizləmə aqreqatları var, qonşu kəndlərə də qaz oradan gedir, ancaq hansı səbəbdənsə bizim kəndə verilmir… ”

Oeyd edək ki, rayon mərkəzindən 45 km məsafədə yerləşən, 3500-ə yaxın əhalisi olan Xıdırlı kəndinin sovet dövründən bəri problemləri çox olub. Müstəqillik illərində kəndin su sistemi sıradan çıxıb. Yalnız 2013-cü ildə Xıdırlıya yeni su kəməri çəkilib. Su kəmərinin açılışında deputat Fəzail Ağamalı da iştirak edib.

Son vaxtlar Xıdırlı kəndində intihar hadisələri də tez-tez baş verir. Yalnız 2018-ci ilin 6 ayı ərzində kənddə 3 intihar olayı baş verib.

Onu da xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci ilin sentyabrında Salyan rayonunun Xıdırlı kəndində səfər edərək dəniz suyunun duzsuzlaşdırılması kompleksinin fəaliyyəti ilə tanış olub. Həmin kompleks 2013-cü ildə istifadəyə verilib. 2016-cı ildə kompleksdə əlavə tikinti işləri aparılmadan ikinci xətt quraşdırılıb

Ümid edirik ki, müvafiq hökumət qurumları Xıdırlı kəndinin problemləri ilə daha yaxından maraqlanacaq və bu kənd də tezliklə mavi yanacaqla təmin olunacaq.

Alət çubuğuna keç