“Sürücülər belə halda maska taxmaya bilər” – Vaqif Əsədov

“Sükan arxasında əyləşən sürücü idarə etdiyi nəqliyyat vasitəsinin növündən, markasından asılı olmayaraq təkdirsə, maska taxmaya bilər”.

Bu fikirləri “MediaPost”a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bölmə rəisi, polis polkovniki Vaqif Əsədov söyləyib. O bildirib ki, maşında ikinci bir şəxs varsa, o zaman mütləq maska taxılmalıdır:

“Maşındakı ikinci adam ailə üzvü belə olsa, taxılmalıdır. Yəni tövsiyyə belə olub. Söhbət təkcə cərimələnməkdən getmir. Bu gün tələb budur. Hər halda hesab edirəm ki, Nazirlər Kabineti Yanında Operativ Qərargahın tələbləri müzakirə edilmədən yerinə yetirilməlidir. Çünki gündəlik yoluxma sayına nəzər saldıqda ciddi narahatlıq doğurur. Həftəsonları avtobusların olmaması, konkret taksi fəaliyyəti ilə məşğul olan şəxslərin iştirakının biz şahidi oluruq. Bu da o deməkdir ki, artıq hər bir vətəndaş tələbləri yerinə yetirməlidir. Bir daha vətəndaşlardan xahiş edirik ki, qaydalara əməl edin. Bu tələblər insanların sağlamlığının qorunması üçün nəzərdə tutulub. İndi mövcud vəziyyətə uyğun hərəkət etmək lazımdır. Müharibəni qələbə ilə tamamladıq. Amma müharibədən sonrakı tələblər də var ki, onlar da yerinə yetirilməlidir. Bunun üçün də sağlam bədən lazımdır. Onu da vətəndaşlar özü etməlidir. Vətəndaşları qorxutmaq kimi fikrim yoxdur. İstəyirəm, onlar bilsinlər ki, bu, onlar üçün nəzərdə tutulub. Virusdan heç kim sığortalanmayıb. “Bilmirdim, eşitməmişəm” kimi cümlələr lazım deyil. Hər kəs tələblərə riayət etməlidir”.

Alət çubuğuna keç