“SON NƏFƏSƏDƏK” FİLMİ REAL TARİXİMİZDİR – VİDEO

Nizami kinoteatrında millət vəkili Adil Əliyevin təşkilatçılığı ilə yenicə ərsəyə gəlmiş “Son nəfəsədək” filminin ilk dəfə olaraq təqdimat mərasimi keçirilmişdir.

Gunaz.az bildirir ki, vətənpərvər ziyalıların, şəhid analarının, Qarabağ müharibəsi əlillərinin, geniş ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilmiş təqdimat mərasimində dövlət himni səsləndi, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirin təşkilatçısı və təşəbbüskarı Millət vəkili Adil Əliyev gənclərimizin vətənpərvər ruhda böyüməsində bu filmin tarixi əhəmiyyətindən danışdı.

Qarabağ münaqişəsi ilə bağlı reallıqların əbədiləşdirilməsi, bugünki və gələcək nəsillərə çatdırılması, düşmənin və onların himayadarlarının iç üzünün açılması üçün filimlərə də böyük ehtiyac duyulur. Çünki əsrlər boyu davam edən düşmən hücumlarının qarşısını almaq üçün tarixi bilmək, reallığı dərk etmək lazımdır. Qarabağ həqiqətlərindən bəhs edən “Son Nəfəsədək” trillerinin geniş təqdimat mərasimində bunun vacibliyi bir daha özünü göstərdi. Uzun illərdir ki, erməni silahlılarının vəhşilikləri və onlara dayaq duranların hərəkətləri barədə mütəmadi olaraq danışır, fikir mübadiləsi aparırıq. Filmdə isə onları daha yaxından görüb, dərindən tanıdıq.

“Son Nəfəsədək” filmi ilk andan mənəvi irsimizin yüksək zirvəsinə yüksəldi. Bunun bəzi vacib məqamlarına toxunmaq istərdim.

Birincisi, film real faktlara söykənir. Çünki onun ssenari müəllifi və baş prodüseri Nurəddin Aslanov 14 yaşında bu dəhşətlərin içərisində yaşayıb. Ermənilərin təcavüzkarlığını, münaqişəni sakitləşdirmək üçün bölgəyə yerləşdirilən Sovet ordusu zabitlərinin xəyanətini və xalqımızın müsibətlərini gözləri ilə görüb. Qəlbində bu faciələri yaşadıb, təhlil edib.

İkincisi, müəllif qadınların, uşaqların, qocaların, yaralıların, əsir və girovların üzləşdiyi dəhşətləri görüb, dərdlərini eşidib, ağrılarını hiss edib. Buna görə də film tam real mənzərəni əks etdirir.

Üçüncüsü, ermənilərin əsrlər boyu hiyləgərliyi barədə dəfələrlə yazılsa da, danışılsa da, filmdə onların iç üzü qabarıq şəkildə göstərilir. Ermənilərin Sovet ordusunun zabitlərini müxtəlif hiylələrlə ələ alaraq geyimlərindən və silahlarından istifadə etməklə xalqımızı qırması filmin təsir gücünü xeyli artırır.

Dördüncüsü, Sovet ordusunun bölgədə rolu, ermənilərə yaxınlığı və soydaşlarımıza düşmənçiliyi gözlərimiz önünda real mənzərə kimi canlanır. Düşmənin onlara arxalanması və xalqımıza qarşı vəhşiliklərini həyata keçirməsi Qarabağ müharibəsinin real təhlilidir.

Beşincisi, filmdə Yavər və Qaratel obrazları neçə-neçə qurulmadan məhv olan ailələrin bariz nümunəsidir.

Bir sözlə, yaxın tariximizin real mənzərəsi filmdə nümayiş etdirilir. Aktyorların peşəkarlığını isə xüsusi vurğulamaq istərdik. Hər biri ifa etdiyi roldan asılı olmayaraq (Filmdə Azərbaycan, erməni, rus, türk, qırğız vətəndaşları var) onu qabarıq şəkildə göstərməyi bacarıb.

Filmdən sonra keçirilən tədbir isə onun dəyərini qat-qat artırdı. Təqdimat mərasimində iştirak edən kənd sakinləri, şəhid ailələri, müharibə əlilləri aktyorlarla birlikdə səhnəyə dəvət olundu. Onların ürək sözləri, göz yaşları sanki izlədiyimiz “Son Nəfəsədək”in film yox, real mənzərə olduğunu göstərdi.

Filmin çəkilişinə öz dəstəyi ilə seçilən millət vəkili Adil Əliyevin mərasimdə çıxışı isə cəmiyyətimizə xüsusi bir ismarış oldu:

“Fimin çəkilişində xidməti olan hər bir şəxsə dərin təşəkkürümüzü bildiririk. Çünki onlar bu məsələdə üzərlərinə düşən öhdəliyə layiqincə əməl ediblər. Bizlərin isə öhdəliyi qalır. Bir vacib məqama da toxunmaq istərdim. Filmin nümayişinin ilk olaraq ölkə ərazisində geniş şəbəkədə – Füzuli rayonunun işğalı günündə də yayımına şərait yaradılmalıdır. Bütün məktəblərdə göstərilməlidir. Xarici dillərə tərcümə olunaraq respublikamızdan kənarda da nümayiş etdirilməlidir. Bu hər birimizin VƏTƏN, XALQ qarşısında mənəvi borcu olmalıdır”.

Xatırladaq ki, filmin ssenari müəllifi və baş prodüseri Nurəddin Aslanov, quruluşçu rejissor Elnur Əliyev, quruluşçu operator Cavid Orucov, bəstəkarı Yaşar Baxış, quruluşçu rəssam Mehriban Əfəndi, icraçı prodüseri Rövşən Quliyev, redaktoru Kamran Qasımovdur. Ekran işində İlqar Cahangir, Eldar Bağırbəyov, İlqar Musayev, Vüqar Vəlixanov, Elşən Rüstəmov, Ülviyyə Rza, Elçin Əfəndi, Namis Şirməmmədov, Rövşən Kərimduxt, Taleh Yüzbəyov və başqaları çəkiliblər.  Çəkilişlər isə Füzuli rayonunda və Bakı şəhərində aparılıb.

Bilman İSAQ,

Rauf İlyasoğlu

Alət çubuğuna keç