SON DƏQİQƏ! Azərbaycanda vəzifəli şəxs həbs edildi

“Ağcabədi rayon Mərkəzi xəstəxanası” Publik hüquqi şəxsin direktoru və digər vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.

Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, “Ağcabədi rayon Mərkəzi xəstəxanası” Publik hüquqi şəxsin direktoru vəzifəsində işləyən Tahirov Fövzi Tahir oğlunun qanunsuz əməlləri ilə əlaqədar keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Qeyd edilənlərlə əlaqədar, Baş İdarənin əməkdaşları tərəfindən Fövzi Tahirovun xidməti otağına və avtomobilinə baxış keçirilərkən iş üçün mühüm əhəmiyyət kəsb edən sosial kartlar, pul vəsaitləri və müxtəlif əlyazma qeydlər aparılmış bloknotlar aşkar edilərək sübut qismində götürülüb.

Fövzi Tahirova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 311.3.3 (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda təqsirləndirilən şəxsin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, əmək müqavilələrinin bağlanılması və ya müddətinin uzadılması müqabilində ayrı-ayrı şəxslərdən rüşvət alması, xəstəxanaya ayrılmış dərman vasitələrini mənimsəməsi hallarına dair əsaslı şübhələrin araşdırılması, habelə cinayətin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi və digər halların yoxlanılması istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

 

Alət çubuğuna keç