Sərt karantinə keçək? Bunun xeyri olmayacaq – Həkim

Ölkədə koronavirusa yoluxma sayının 4 mindən çox olması və xəstəxanalarda koronaviruslu xəstələr üçün yer olmaması əhali arasında narahatlığa səbəb olub. Mütəxəssislər karantinin sərtləşdirilməsini və SMS-icazənin yenidən bərpa edilməsini zəruri hesab edir.

Rubrika.Az bildirir ki, məsələ ilə bağlı Axar.az-a açıqlama verən professor Adil Qeybulla bildirib ki, karantinin sərtləşdirilməsinin artıq heç bir əhəmiyyəti olmayacaq:

“Sərt karantinin artıq heç bir mənası yoxdur. Çünki əhalinin böyük əksəriyyəti yoluxub və kollektiv immunitet formalaşır. Bundan sonra karantinin sərtləşdirilməsi insanları depressiyaya salacaq. Vətəndaşlarımız özünü qorumaq üçün yalnız karantin davranış qaydalarına ciddi riayət etməlidir. Yoluxmanın bu cür artmasının səbəbi qələbə yürüşüdür. Bu yürüşlərdə heç kim maskadan istifadə etmirdi və məsafə gözləmirdi. Maskanı düzgün taxmaq və sosial məsafə gözləmək lazımdır”.

A.Qeybulla onu da bildirib ki, qarşıdakı günlərdə gündəlik yoluxma sayı müəyyən səviyyəyə qədər artacaq:

“Kollektiv immunitet formalaşdıqdan sonra virus demək olar ki, yoxa çıxacaq”.

Millət vəkili Fazil Mustafa isə bildirib ki, təhlükəli vəziyyət yaranarsa, karantinin sərtləşdirilməsi ilə bağlı qərar verilə bilər:

“Sərt karantinin tətbiq edilib-edilməyəcəyi ilə bağlı qərarı Operativ Qərargah qəbul edir. Təhlükə olduğu təqdirdə karantinin sərtləşdirilməsi qaçılmaz olacaq. Ümid edirəm ki, qərargah vəziyyəti təhlil etdikdən sonra bununla bağlı düzgün qərar verəcək”.

Millət vəkili onu da qeyd edib ki, yoluxma sayının bu cür artmasına səbəb bəzi vətəndaşların məsuliyyətsizliyidir:

“Əhali arasında karantin davranış qaydalarına əməl edilmir. Xüsusilə müharibədən sonrakı dövrdə bu hal daha çox müşahidə edilir. İnsanlar anlamalıdır ki, artıq daha fərqli tendensiya yaranıb və yoluxma sayı 4 mini ötüb. Rəqəmlər artırsa, burada məsuliyyətsizlik amili daha çox rol oynayır”.

Alət çubuğuna keç