Rusiyaya qarşı beynəlxalq qətnamə, amma… – “Moskva əməl etməyəcək”

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Rusiya hərbi qüvvələrinin Krımdan ən qısa müddətdə çıxmasını və Ukrayna ərazisinin müvəqqəti işğalına son qoymasını nəzərdə tutan qərar qəbul edib. 193 üzvlü BMT Baş Assambleyasında səsə qoyulan qərar 17 əleyhinə, 63 lehinə olmaqla qəbul edilib. 62 üzv isə fikir bildirməkdən imtina edib.

Krım və Sevastapol şəhərinin Rusiya tərəfindən işğalını pisləyən qərarda “ilhaqın tanınmadığı” və “Krımın zorakılıqla ələ keçirilməsinin qanunsuz və beynəlxalq hüquqa zidd olduğu” vurğulanıb. BMT üzvləri və beynəlxalq təşkilatların nümayəndələri tərəfindən, Rusiyanın Krımın işğalına son qoyacaq addımlara güclü dəstək verilməsi istənilib.

Qərarda, həmçinin qeyd edilib ki, BMT “Rusiyanın Krımda hərbi mövcudluğunu artırmasından, məhz Ukrayna ərazilərinə nüvə potensialına sahib təyyarələr, raketlər, silah-sursatlar və hərbi personal da daxil olmaqla, müasir silahlar köçürməsindən” narahatdır. Rusiyanın Krımda ələ keçirdiyi Ukrayna hərbi sənaye şirkətlərindən istifadəsinin də pislənildiyi qərarda, Moskvanın Krımdakı nüvə obyektləri və materiallarının yurisdiksiyasını genişləndirmək səylərinə də xitam verməsi tələb olunub, Krımda hərbi gəmilər istehsalına dair fəaliyyətləri qınanıb. Qara dəniz, Azov dənizi və Kerç boğazında beynəlxalq hüquqa uyğun gəmi səyahətlərinə mane olmaqdan imtina etməsi istənilib.

Qeyd edək ki, Qərb ölkələri tərəfindən dəstəklənən qərarın, dünya ictimaiyyətinin Krımın ilhaqına dair fikrini əks etdirdiyi ifadə edilir. Xatırladaq ki, bənzər bir qətnamə 2019-cu ildə də BMT Baş Assambleyasında qəbul edilib.

Bəs, bu qərar Rusiyanın mövqeyinə necə təsir edəcək? Sözügedən qərarın Rusiya tərəfindən rədd edilməsi hansı nəticələrə gətirib çıxara bilər?

Mövzunu AYNA-ya dəyərləndirən siyasi şərhçi Şahin Cəfərlinin sözlərinə görə, BMT qətnamələrinin işə yarayıb-yaramamasını ən yaxşı Azərbaycan bilir: “Çünki Qarabağla bağlı da dəfələrlə istər BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi, istər ondan sonra BMT Baş Assambleyası çərçivəsində qəbul olan qərarların faktiki olaraq heç biri yerinə yetirilməyib. Düzdür, mən bu qərar və qətnamələrin əhəmiyyətini inkar etmirəm, çünki Azərbaycanın 44 günlük Vətən müharibəsinə legitimlik qazandıran və yol açan məqamlardan biri də məhz həmin qərar və qətnamələrdə Azərbaycanın ərazi bötövlüyünün vurğulanması faktı olub. Yəni, həmin sənədlər siyasi baxımdan əhəmiyyətli olsa da, faktiki olaraq həmin qərarları məhz BMT özü icra etməyib”.

“Ümumiyyətlə, BMT-nin bu cür qərarları, xüsusən də Baş Assambleya çərçivəsində qəbul edilən qərarların hər hansı bir icra mexanizmi yoxdur. Məsələn, BMT Təhlükəsizlik Şurasında icra mexanizmləri var və Təhlükəsizlik Şurasının üzvü olan 5 dövlət razılaşdığı təqdirdə, qəbul edilən qətnamələri icra edirlər. İstəmədikləri təqdirdə də, qəbul edilən qətnamələri icra etmirlər. Necə ki, Qarabağla bağlı qətnamələr bizim lehimizə olsa da, icra etmirdilər. Amma BMT Baş Assambleyası çərçivəsində qəbul olunan qərar və qətnamələrin, ümumiyyətlə icra mexanizmi yoxdur. Bu baxımdan da bu cür qərarların, o cümlədən də Krımla bağlı qəbul olunan qətnamənin siyasi əhəmiyyəti olmaqla yanaşı, praktiki təsiri olmadığını da qeyd etmək lazımdır. Çünki bundan əvvəl də Krım və Donbassla bağlı BMT Baş Assambleyası çərçivəsində buna bənzər qərarlar qəbul edilib, amma onların da heç birinin praktiki təsiri olmayıb. Çünki Rusiya özü də bu cür qərarları ciddi qəbul etmir”, – politoloq bildirib.

O, qərarların siyasi əhəmiyyətinin olmasını, pratiki həllinin isə olmamasını belə əsaslandırb: “Ukrayna məsələsində bu qərarların siyasi əhəmiyyəti ondan ibarətdir ki, Krım və Donbass bütün dünya tərəfindən Ukrayna ərazisi kimi tanınır. Bu baxımdan da, beynəlxalq təşkilatların həmin əraziləri Ukrayna ərazisi kimi tanıması, dəfələrlə vurğulaması və nəticədə qərar qəbul etməsi siyasi baxımdan böyük əhəmiyyət kəsb edir. Amma məsələ burasındadır ki, Rusiya bu qərarlara əməl etməyəcək. Ukraynanın isə hərbi əməliyyatlar keçirməsi o qədər də ehtimal edilmir. Çünki Ukrayna Rusiya ilə birbaşa üz-üzədir”.

“Məsələn, Azərbaycanın Vətən müharibəsində Rusiya Ermənistana dəstək versə belə, biz Rusiya ilə üz-üzə deyildik, çünki müharibəni Rusiya ilə yox, Ermənistanla aparırdıq. Baxmayaraq ki, Rusiya Ermənistana hər cür dəstək verirdi. Amma hər halda, biz Ermənistanla qarşı-qarşıyaydıq. Amma Ukrayna birbaşa Rusiya ilə münaqişə yaşayır. Ona görə də mən Ukraynanın müharibə riskinə gedəcəyini düşünmürəm. Ən azı, yaxın gələcəkdə belə bir perspetkiv görmürəm”, – Cəfərli vurğulayıb.

Həmsöhbətimizin fikrincə, bu da o deməkdir ki, işğal edilmiş Ukrayna ərazilərinin ilhaq prosesi uzanacaq: “Düzdür, Ukrayna ilk növbədə Qərbin dəstəyi ilə Rusiya üzərində siyasi təzyiq yaratmağa çalışır. Bunun isə ən effektiv yolu o ola bilər ki, yaxın gələcəkdə Rusiya-Qərb dialoqunda Rusiya ona ediləcək hansısa güzəştlərin müqabilində, məsələn, Donbassdan çıxmağa razılıq versin. Yəni, Donbass məsələsində Rusiyanın Qərblə razılıq əldə etməsi və Donbassı tərk etməsi müsbət ehtimal kimi dəyərləndirilə bilər. Amma Krımla bağlı bunu demək çox çətindir. Düşünürəm ki, Krım problemi çox uzanacaq”.

Alət çubuğuna keç