Rusiyadan asılı qalan qeyri-neft ixracımız: – bu riski necə azalda bilərik?

Məlum olduğu kimi, Azərbaycanda qeyri-neft sektorunun əsasını kənd təsərrüfatı təşkil edir. Yəni neft amilini çıxsaq, əsasən aqrar ölkəyik və bu istiqamətdə çox böyük potensialımızın hələ çox az qismindən faydalanmışıq.

Xüsusən də Vətən savaşından sonra işğal altında olan 20 faiz torpaqlarımızın azad edilməsi və böyük təbii imkanları bu ərazilərin ən qısa zamanda aqrar sektora qazandırılması kənd təsərrüfatı məhsullarının istehsalında böyük bir artımın olacağından xəbər verir. İstehsalın artması təbii ki, ilk növbədə daxili bazarın tələbatını tam olaraq ödəməyə və idxaldan asılılığın azalmasına səbəb olur. Lakin daxili bazarda tələb məhduddur və aqrar sektorun əsas perspektivi xarici bazarlardır. Təəssüf ki, bu məsələdə ötən 30 ildə elə böyük bir uğur əldə edilməyib və sovet dövründə olduğu kimi, Azərbaycanın kənd təsərrüfatı məhsulları Rusiyaya ixrac olunur.

Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri olsa da, ixracla bağlı əsas bazarın əlində olmasından zaman-zaman istifadə edir. Hətta siyasi təzyiq vasitəsi kimi də faydalanır. Artıq Rusiyanın Azərbaycandan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoymasının nə zaman gerçək, nə zaman siyasi səbəblərdən baş verdiyini aydınlaşdırmaqda çətinlik çəkirik. Bu isə böyükməkdə olan aqrar sektorumuz üçün ciddi problemdir. Ekspertlər çıxış yolu kimi ixrac bazarlarının şaxələndirilməsini, tamamilə fərqli bazarlara daxil olmağı və aqrar istehsaldan sənaye istehsalına keçidi təklif edirlər.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn mövzunu şərh edərkən bildirib ki, bu cür qadağaların Azərbaycanın qeyri-neft ixracına təsirini azaltmaq üçün fərqli bazarlara çıxışın olması mütləqdir: “Son illərdə Rusiya ilə Azərbaycan arasında iqtisadi münasibətlər yüksələn xətt üzrə davam edir. Bu ilin 10 ayı ərzində Azərbaycana Rusiyadan 1,6 milyard ABŞ dolları dəyərində mal idxal olunub və ölkəmizin idxalının 19 faizi Rusiyanın payına düşüb. Rusiyaya ixracımız 566 milyon ABŞ dolları olub. Göründüyü kimi, bu ticarət əlaqələrinin inkişafından hər iki tərəf faydalanır. Digər tərəfdən, indiyə kimi bir neçə dəfə idxalçı ölkələrin Azərbaycanın ixrac məhsulları ilə bağlı iradları olub və qısa müddətdə həll edilib. Hətta bu ilin yanvar ayında da belə bir hal yaşanmışdı və Rusiya Azərbaycanın ixrac etdiyi pomidoru saxlamışdı. Amma ötən illərin təcrübəsi onu deməyə əsas verir ki, Rusiya tərəfinin ölkəmizin bitkiçilik məhsulları ilə bağlı iradları Azərbaycanın müvafiq qurumları tərəfindən qısa müddətdə əsaslandırılmış şəkildə cavablandırılır və problem həllini tapıb. İndi də Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (Rosselxoznadzor) Azərbaycandan idxal olunan məhsullarda Cənubi Amerika pomidor güvəsi və şərq almaqurdu aşkarlandığını bildirir. Şübhəsiz ki, Azərbaycanın müvafiq dövlət qurumları pomidor və alma ixracı ilə bağlı yaranan problemlərin qısa zamanda həllinə çalışacaqlar. Ölkəmizin fitosanitar nəzarətindən məsul olan qurum bu istiqamətdəki problemləri həll etmək potensialındadır. Nəzərə alaq ki, son illər isə Azərbaycanda modern istixanalar qurulub və onlarda zərərvericilərə qarşı müasir metodlardan istifadə etməklə mübarizə aparılır. Bu problem qısa müddətdə həllini taparsa, bunun ümumi iqtisadiyyatı təsiri müzakirə ediləcək səviyyədə olmayacaq. Azərbaycanın pomidor ixracı Rusiya bazarına yönəldiyi üçün bu qadağanın qeyri-neft ixracına təsiri məsələsi aktuallıq daşıyır. Azərbaycanın pomidor ixracının 99 faizi Rusiya bazarına reallaşdırılır. Həmçinin Azərbaycan alma ixracının da 90 faizindən çoxu Rusiya bazarına yönəlir. Hər iki məhsulumuz Rusiya bazarında həm qiymət, həm də keyfiyyət baxımından rəqabət qabiliyyətliliyinə malikdir. Onun üçün də bu ilin 10 ayı ərzində Azərbaycandan 173 milyon ABŞ dolları dəyərində 160 min ton pomidor və 21 milyon ABŞ dolları dəyərində 51 min ton alma ixrac olunub”.

İcraçı direktor vurğulayıb ki, yaranmış vəziyyət qarşıdakı müddətdə Azərbaycan məhsullarının ixracı üçün alternativ bazar axtarışının sürətləndirilməsini aktuallaşdırır: “Bu işə Azexport.az portalı da öz töhfəsini verəcək. Məlumat üçün onu da qeyd edim ki, 2019-cu ildə Azərbaycan Rusiya ilə yanaşı Ukraynaya, Belarusa, Qazaxıstana pomidor ixrac edib. Hətta son illər Azərbaycandan Almaniya, Polşa, Qətər, Birləşmiş Ərəb Əmirliyi, Estoniya, Latviya, İraq, Gürcüstan, Macarıstan kimi ölkələrə də az miqdarda da olsa pomidor ixracı reallaşdırılıb. Həmçinin ötən il Azərbaycandan Ukraynaya, İrana, Qazaxıstana, Türkmənistana, Türkiyəyə, Malayziyaya alma ixrac olunub. Növbəti mərhələdə bu ölkələrə sözügedən məhsulların ixracının artırılması məsələsinə baxmaq lazımdır”.

Ramil Hüseynin sözlərinə görə, işğaldan azad edilən ərazilərimizin də kənd təsərrüfatı istehsalı ilə bağlı potensialı böyükdür və onların məhsulları üçün də xarici bazarlar tapılmalıdır: “İşğal azad olunan Kəlbəcər-Laçın iqtisadi rayonunda əsasən heyvandarlıq məhsullarının istehsal potensialı böyükdür. Bu isə o deməkdir ki, həmin iqtisadi rayonda istehsalından bərpa edilməsi ilk növbədə idxalın azalmasına xidmət edəcək. Azərbaycanın heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi yüksələcək. Bu iqtisadi rayonda bal istehsalı artarsa, onun ixracı üçün də Yaponiya başda olmaqla, bir çox inkişaf etmiş ölkələrini bazarında tələbat var. Yuxarı Qarabağ iqtisadi rayonuna gəldikdə isə burada taxılçılığın inkişaf potensialı var və bu məhsul əsasən idxalın əvəzlənməsində rol oynayacaq. Yuxarı Qarabağ iqtisadi rayonunda pambıqçılıq bərpa edilərsə, həmin məhsula da ixrac bazarı tapmaqda hər hansı bir problem yoxdur. Eyni zamanda sözügedən iqtisadi rayonda üzümçülüyün bərpası üçün 4-5 il vaxt lazım olacaq. Bu müddətə kimi isə yeni bazarlar müəyyənləşdiriləcək. Bildiyiniz kimi, hazırda ölkəmizdə uzunmüddətli qeyri-neft ixracı strategiyası hazırlanmaqdadır. Bu strategiyada aqrar sektora aid məhsulların ixracı məsələsinə də xüsusi diqqət yetirilir. Onun üçün də işğaldan azad olunan rayonlarda istehsal olunan kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı da kompleks işlər görüləcək”.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı alim Fikrət Yusifov da böyük həcmdə məhsulun taleyinin bir ölkədən asılı qalmasını doğru hesab etmir: “Biz artıq uzun müddət öncə bu addımları atmalı idik. Doğrudur, müəyyən tədbirlər görülür. Dövlət başçısının qəbul etdiyi qərarlarda, çıxışlarında bu məsələlər açıq şəkildə qoyulur ki, biz ixrac bazarımızı şaxələndirməliyik. Bu istiqamətdə xüsusi strukturlar yarandı. Dövlət büdcəsinin xərcləri hesabına iş adamları ilə birgə müəyyən səfərlər, yarmarkalar təşkil olundu. Lakin biz istədiyimiz nəticələri əldə edə bilməmişik. Pomidor ixracının 95 faizindən çoxu Rusiya bazarına gedir. 200 milyon dollarlıq məhsulun taleyini bir bazara bağlamaq nə dərəcədə məqsədəuyğundur? Azərbaycan pomidoru Rusiya bazarına öz möhürünü çoxdan vurub. Ruslar bazara gələndə birinci Azərbaycan pomidorunu soruşurlar. Təbii ki, alma və pomidora qoyulan qadağa siyasi motivlərlə bağlıdır. Bunu və digər amilləri nəzərə alaraq, bazarlarımızı bütün məhsullar üzrə şaxələndirməliyik. Artıq dünyada ticarət siyasi alver vasitəsinə çevrilib. Çin və Amerika arasında son 5 ildə yaşanan olayların hamısı ticarətlə bağlıdır. İdxal olunan məhsullara gömrük rüsumlarının artırılması, azaldılması və sair siyasi alətə çevrilib. Bütün bunlar nəzərə alınmalıdır. Biz ixrac bazarının diversifikasiyası istiqamətində gördüyümüz işlərin demək olar ki, nəticəsini görməmişik. Sovet dövründəki vəziyyətdən bir addım qabağa keçə bilməmişik. Sözdən işə keçə bilmədik ki, nəticə əldə edək”.

Sabiq nazir vurğuladı ki, bazarların şaxələndirilməsi üçün MDB ölkələrinə, Yaxın Şərq ölkələrinə üz tuta bilərik: “Bu ölkələrlə iş aparmalıyıq, təkcə ticarət evləri açmaqla iş bitmir. Bu gün reklam dünyanın ən böyük silahıdır, reklam olmadan heç bir məhsulu satmaq olmaz. Reklama çoxlu pul xərcləmək lazımdır. Bazarda məhsulu görməlidirlər, onun keyfiyyətini bilməlidirlər və digər ölkələrin məhsullarından üstünlüyünü anlamalıdırlar. Bunları müxtəlif bazarlarda göstərməliyik.

Hələ ki qeyri-neft sektorundan elə böyük ixracımız yoxdur. İxracla bağlı hələ 2014-cü il səviyyəsinə gəlib çıxa bilməmişik. Pandemiya və müharibə səbəbindən ixracımız bir qədər də azaldı. Bu da təbii səbəblərdir. İxrac həcmini artırmaq üçün real işlər görməli, bu sektora pul ayırmalıyıq. Xaricə ixrac etmək üçün məhsul istehsal etmək istəyən sahibkar pul tapa bilmir, müxəlif maliyyə mənbələrindən məhrumdur. Ona görə də maliyyə problemi həll olunmalıdır. Xarici bazarlarda məhsullarımızın əsaslaşdırılmış şəkildə reklamını təşkil etmək, təbliğatını aparmaq lazımdır”.

F.Yusifov onu da vurğuladı ki, bu istiqamətdə azad olunmuş torpaqlarımızın da böyük potensialı var: “Ermənistan özünün taxıla olan tələbatının böyük bir hissəsini, 60-70 faizini bizim torpaqlarımızdan idxal etdiyi taxıl hesabına ödəyirdi. Indi biz həmin torpaqlardan daha artıq həcmdə taxıl əldə edəcəyik. Dağlıq Qarabağdakı münbit torpaqlarımızda kənd təsərrüfatı inkişaf edəcək, məhsuldarlıq həcmimiz 20-30 faiz artacaq. Bunun fonunda isə biz ixrac bazarlarımızı diversifikasiya etməliyik”.

Qeyd edək ki, Azərbaycan məhsullarının ixrac potensialının artırılması, rəqabət qabiliyyətinin yüksəldilməsi, yeni bazarların tapılması üçün milli valyutanın məzənnəsinin də yumşaldılmasına ehtiyac var. Aqrar məhsulların ixracı ilə bağlı ixtisaslaşmış qonşu ölkələrin milli valyutası dəfələrlə dəyərdən düşdüyü halda manatın uzun müddətdir sabitlik nümayiş etdirməsi kənd təsərrüfatı məhsullarımızın xarici bazarlarda qiymət baxımından rəqabət qabiliyyətinin azalmasına gətirib çıxarır. Bundan başqa, ixracdan yaranan əlavə dəyərin artırılması və ölkəyə daha çox valyuta cəlb edilə bilməsi üçün aqrar məhsullar təkcə xammal şəklində deyil, həm də sənaye istehsalı olan məhsullar şəklində xarici bazarlara çıxarılmalıdır.

Alət çubuğuna keç