“Rus sülhməramlıların sayı artarsa…” – Razılıq vermək olmaz

Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin artırılması məsələsinə aydınlıq gətirib. O, bunun yalnız münaqişə tərəfləri ilə razılaşmaqla mümkün olacağını bildirib:
“Sülhməramlılarımızın sayının artırılması mümkündür, ancaq bu xüsusilə Azərbaycan tərəfi də daxil olmaqla, bütün münaqişə tərəfləri ilə razılaşdırılarsa, mümkün olar.
Çünki əvvəlcə sülhməramlılarımızın sayını müzakirə etmişik və bu rəqəm razılaşdırılıb”.

Aydındır ki, Azərbaycan tərəfi haqlı olaraq bölgədə rus əsgərlərinin sayının artmasını istəmir. Bu, yalnız düşmən ölkənin arzusu ola bilər. Son günlər bölgədəki təxribatların yaşanmasına səbəb də məhz rus sülhməramlılarının varlığıdır.

Mövcud durumla bağlı “Sherg.az”a danışan “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlunun fikrincə, erməni tərəfi istəyir ki, bölgədə Rusiya sülhməramlıların sayı artsın:

“Düşünürlər ki, 1960 nəfər kifayət deyil. Həqiqətən də Qarabağ böyük bir bölgədir. Ermənilər qorxurlar ki, bu qədər sayda hərbçi onların təhlükəsizliyinə cavabdeh ola bilməz. Ona görə bölgədə rus əsgərlərinin sayının artmasını istəyirlər. Amma Putin haqlı olaraq deyir ki, “sülhməramlıların sayının artması mümkündür, lakin gərək iki tərəfin də razılığı olsun”. Bizim bu məsələyə razılığımız yoxdur. İnanmıram ki, nə vaxtsa razılıq verə bilərik”.

E.Şahinoğlunun sözlərinə görə, rusiyalı hərbçilərin sayının çoxalması o mənaya gələcək ki, artıq Rusiya bölgədə hərbi baza yaradıb:

“Bu isə bizim maraqlara ziddir. Onsuz indi rus sülhməramlılarının bölgədə olması da maraqlarımıza ziddir. Sadəcə məcbur qalıb buna razılaşdıq. Lakin rus hərbçilərinin sayının artmasına razılıq verə bilmərik. Çünki Rusiya bu məqamdan istifadə edib, öz bildiklərini edəcək. Məsələn rus sülhməramlıları var deyə ermənilər meşədə gizləniblər və bizə arxadan zərbə vurmağa çalışırlar. İki gün öncə onları tərkisilah etdik, üstəlik rusiyalı əsgərlər özləri də saxtakarlıqla məşğul olub, yanlış xəritələr çap edirlər. Bütün bunlar bizdə qıcıq oyadır”.

Analitik hesab edir ki, bölgədə rus sülhməramlıların sayı çoxalsa, ölkəmizə qarşı təxribatların da sayı artacaq:

“Ermənilər hər zaman bu məsələni qaldırmağa çalışırlar. Onlar nə qədər istəsə belə, rus hərbçilərin sayının artması yaxın müddətdə gündəmə gətirilməyəcək. Bizim üçün əsas olan məqam türk hərbçilərinin bölgədə yerləşdirilməsini sürətləndirməkdir”.

Alət çubuğuna keç