Ramiz Alıyev: Hər bir vətəndaş ictimai asayişi yüksək səviyyədə qoruyan Azərbaycan polisinə öz məsuliyyətli davranışı ilə dəstək verməlidir

“Azərbaycan vətəndaşları hər zaman öz  polisinin və digər hüquq-mühafizə orqanlarının yanında olmuşdur, onların fəaliyyətinə öz töhfələrini vermişdir, birlik nümayiş etdirərək terrora və bu kimi məkirli niyyəti olanlara qarşı birlikdə mübarizə aparmışdır”.

Bunu İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyev bildirib.

R.Alıyev hesab edir ki, bu ənənə yenə də davam edəcəkdir: “Cəbhədə rəşadətli ordumuzun uğurlu əks-hücum əməliyyatları və  torpaqlarımızın mənfur düşməndən azad olunması davam etməkdədir, demək olar ki, hər gün cəbhədən sevindirici xəbərlər alırıq. Bu xəbərlər  hər bir azərbaycanlını sevindirir və qürurlandırır. Biz inanırıq ki, yaxın günlərdə ərazi bütövlüyümüz tam olaraq təmin olunacaq və işğal altında olan torpaqlarımız erməni terrorçularından təmizlənəcək. Hər bir vətəndaşımız bu gün Ali Baş Komandanın ətrafında sıx birləşib və Ali Baş Komandanımız bir sərkərdə olaraq on milyonluq bir ölkənin vətəndaşlarını öz arxasınca aparmağı bacarır, əlli milyonluq bir xalq cənab İlham Əliyevi öz lideri olaraq qəbul edir. Bu, yüz illərlə təkrar oluna bilməyən bir tarixdir. Bu gün bizə  bu tarixi yaşatdığına görə cənab Prezidentə təşəkkür edirik. Bütün bu tarixi uğurlarımızı qeyd etdiyimiz zamanda mənfur düşmənimiz cəbhədə rəşadətli ordumuzun vurduğu zərbələrə tab gətirə bilməyərək yenə də öz ənənəvi vərdişləri olan terrora üz tutublar. Bu günlərdə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinə atmış olduqları ballistik raketlər nəticəsində böyük bir terrora imza atmış oldular. Gəncə ilə  yanaşı, digər rayon və şəhərlərimizə də raketlər ataraq terror aktları törətmişlər. Nəticə olaraq mülki vətəndaşlarımız həlak olmuş və yaralanmışdır”.

“Bu günlərdə  aidiyyəti hüquq-mühafizə  orqanları da bəyanat yaymışdır.  Bu gün ölkəmizdə sabitlik hökm sürür, bu sabitliyin olmasında hüquq-mühafizə orqanlarının, xüsusi ilə də polis əməkdaşlarının xidmətləri böyükdür. Bildiyiniz kimi, müharibə şəraitindəyik. Buna görə də cənab Prezident ölkə ərazisində komendat rejiminin tətbiq edilməsi və komendat saatının müəyyən olunması ilə bağlı fərman imzalayaraq Daxili İşlər Nazirini ölkə üzr komendat təyin edib. Bu gün Azərbaycan hər gün vətəndaşlarımızın xidmətindədir və onların təhlükəsizliyini qoruyur. Onlar cəbhədə döyüşən igid əsgərlərimiz kimi  rayon və şəhərlərimizdə ictimai asayişin qorunmasında, insanlarımızın təhlükəsizliyinin təmin olunmasında, yarana biləcək terror hadisələrinin qarşısının almasında fədakarlıq göstərirlər. Bu gün həm də Azərbaycan polisi ilə vətəndaşlarımızın bir sınaq dövrüdür. Bütün dövrlərdə birlik nümayiş etdirən polis-vətəndaş münasibətləri bu gün ən yüksək səviyyədədir”,-deyə o vurğulayıb.

R.Alıyev bildirib ki, ölkəmizdə mövcud olan ictimai sabitlik, təhlükəsiz həyat, demək olar ki, bütün dünya dövlətləri tərəfindən yüksək qiymətləndirilmişdir: “Bu zamana qədər ölkəmizdə erməni terrorçuları tərəfindən təxribatlar və terror hadisələri törədilibdir. Bu terror hadisələri nəticəsində insanlarımız həlak olub və yaralanıblar. Yenidən belə halların baş verməməsi üçün üzərimizə düşəni etməliyik. Polis əməkdaşlarının daha çevik və qətiyyətli çalışması, cəbhədə əsgərlərimizin bizləri xoş xəbərlərlə sevindirmələri üçün qoyulan qaydalara əməl edərək, daxildə ictimai-sabitliyi qoruyaraq  hüquq-mühafizə orqanlarının yanında olmalıyıq, onlara dəstək nümayiş etdirməyik. Azərbaycan vətəndaşları polisin yanında olub təxribatlara və terrora qarşı birgə mübarizə aparmalıdır. Biz hər zaman öz polisimizə, dövlətimizə  inanmışıq və bu gün də inanırıq. Əminik ki, Azərbaycan polisi və digər hüquq-mühafizə orqanları ölkə vətəndaşlarının və ölkəmizdə fəaliyyət göstərən beynəlxaq təşkilatların, xarici ölkə səfirliklərinin, xarici vətəndaşlarının təhlükəsizliyini ən yüksək səviyyədə qorumağa qadirdir. Bizdən isə yalnız bir şey tələb olunur, o da qoyulan qaydalara maksimum səviyyədə riayət etmək, bütün neqativ hallara qarşı birgə mübarizə aparmaqdır”,-deyən Ramiz Aliyev əlavə edib ki, bir sözlə, hər bir vətəndaş ictimai asayişi yüksək səviyyədə qoruyan Azərbaycan polisinə  öz məsuliyyətli davranışı ilə dəstək verməlidir.

Alət çubuğuna keç