Qırğızıstan milli komandasının məşqçisi: “Ad günümü Bakıda keçirməkdən məmnunam”

Ad günümü Bakıda, bu cür gözəl gimnastika zalında yetirmələrimlə birgə qeyd etməkdən məmnunam.

Milli.Az bildirir ki, bunu Trend-ə Qırğızıstan milli komandasının məşqçisi Saule Tlebaldinovadeyib.

Məşqçinin ad günü olduğunu “AGF Junior Trophy”nin aparıcıları elan edib və ona hədiyyə və güllər təqdim edib.

S.Tlebaldinova bunun gözlənilməz olduğunu deyib:

“İlk dəfədir ki, mən ad günümü belə qeyd edirəm. Ötən il də ad günümdə Bakıda “AGF Junior Trophy”də idik, amma həmin gün öz gimnastlarımız çıxış etmirdi. Bu gün isə həmin yetirmələrimin çıxışı ilə üst-üstə düşdü. Bu, mənim üçün ikiqat bayram oldu”.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci “AGF Junior Trophy” beynəlxalq turniri keçirilir. Yarışda 20 ölkədən 130-a yaxın gənc bədii gimnast iştirak edir.

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçirilən gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edirlər. İştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparırlar.

Ayın 21-dək davam edəcək yarışda qaliblər çoxnövçülük və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.

Ölkəmizi bu turnirdə fərdi gimnastlar Nərminə Səmədova, Nərmin Bayramova, 2018-ci il Avropa çempionatının gənclər arasında bürünc medalçısı Arzu Cəlilova, qrup komandasının tərkibində isə Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadə təmsil edirlər.

Alət çubuğuna keç