“Qarabağdakı silahlı muzdlular maliyyələşdirilir” – SENSASİON AÇIQLAMA

Noyabrın 10-da üçtərəfli bəyanatı imzalamaqla Ermənistan kapitulyasiya aktını imzalamış oldu. Bildiyimiz kimi, Azərbaycan dövləti Ermənistana qarşı təzminat davası açmağa hazırlaşır. Rəsmi səviyyədə bəyan edilir ki, Ermənistan işğal etdiyi ərazilərimizdə törətdiyi saysız cinayətin qarşılığını mütləq şəkildə ödəməlidir. Son günlərdə bəzi erməni siyasət adamlarının Zəngəzurun kompensasiya qarşılığında Azərbaycana qaytarılması kimi fikirlər səsləndirirlər. Zəngəzur Azərbaycana təzminat əvəzinə verilə bilərmi?

Bununla bağlı KONKRET.az-ın sualını cavablandıran ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, “Azərbaycanın Ermənistana təzminat davası açacağı artıq realdır. Real vəziyyət də ondan ibarətdir ki, Ermənistan tərəfi bu təzminatı ödəyə bilməyəcək. Ona görə beynəlxalq normalar çərçivəsində Azərbaycan Zəngəzur və ya digər əraziləri təzminat əvəzində tələb edə bilər. Ancaq bu gün dünyada ikili standartlar var. Biz bilirik ki, 30 il ərzində Azərbaycan torpaqları işğal altında idi.

Yerinə yetirilməyən 4 qətnamə var idi. Azərbaycan güc yolu ilə həmin qətnamələrin həyata keçməsini təmin etdi. Ona görə də bu məsələnin beynəlxalq normalar çərçivəsində yerinə yetirilməsinə şübhə var. O biri təfəfdən də azərbaycanlıların Ermənistana köçürülməsi digər səbəbdən də reallığa çevrilə bilər. Bunun üçünsə siyasi proseslər iki ölkə arasında qarşılıqlı münasibətlərin formalaşmasını şərtləndirməlidir. Əlbəttə, bu da ermənilərin müəyyən şəkildə azərbaycanlıların yaşadığı yerlərə, bizim vətəndaşlarımızın isə vaxtı ilə yaşadığı İrəvana, Zəngəzura, Göyçəyə köçməsi qarşılığında olmalıdır. Əgər doğurdan da erməni tərəfi yol verdiyi tarixi səhvi başa düşüb, Azərbaycanla münasibəti yaxşılaşdırmaq üçün təzminat ödəməklə və yaxud əvəzində ərazilər təklif edib əlaqələri düzəltməyə çalışsa, bu məsələlər də yavaş-yavaş öz həllini tapacaq. Ancaq bu barədə danışmaq hələ çox tezdir”.

Şair Ramaldanov qeyd edib ki, işğaldan azad edilmiş rayonlarda minalı ərazilər qədər təhlükəli olan gizlin və gözə görünməyən təhlükələr də var: “Bilirsiniz ki, Ermənistan müharibəyə çox saylı muzdlular cəlb etmişdi. O muzdlular artıq nəzarətdən çıxıb. Böyük ehtimalla başqa maraqlı qüvvələr onları maliyyələşdirir. Biz ermənilərdən “partizan müharibəsi” deyilən kəlmə də eşitmişik. Ola bilsin ki, biz azad olunmuş torpaqlarda belə bir terror faktları ilə üzləşəcəyik və mübarizə aparacağıq. Əlbəttə, torpaqlara gediş-gəlişə məhdudiyyət qoyulub. Bu gün həmin ərazilərdə təhlükəsizlik tədbirləri görülür. Təkcə o ərazilər minalardan təmizlənmir. Həm də ola biləcək terrorçulardan təmizlənmə işləri aparılır. Doğrudur, biz zəfər qazanıb, ərazi bütövlüyümüzü təmin etmişik. Ərazi bütövlüyümüzü bərpa etsək də, işğaldan azad edilmiş ərazilərdə erməni təxribatlarının davam etməsi gözləniləndir. Ona görə də oradakı silahlı qüvvələrimiz təhlükəsizliyin təmin edilməsi istiqamətində işlərini davam etdirir. Hesab edirəm ki, bizim qarşıda görüləcək çox işlərimiz var”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Alət çubuğuna keç