” Qarabağ, biz gəlirik”

” Qarabağ, biz gəlirik”.Necə də gözəl səslənir bu cümlə…Sanki insanın ruhuna sığal çəkilir, cümlə oxunduqca…
Bəli, Qarabağ, gəlirik…Gözlə bizi!
Hər səhər yerimdən tezdən durub, əl-üzümü yumamış, çayımı içməmiş tez televizoru yandırıram, qarşıma çıxan ilk milli kanalda saxlayıram… İki gözümü dörd göz edib, iki qulağımı da fil qulağına çevirirəm. Diqqətlə səhər xəbərlərinə qulaq asıram.Cəbhədən nə xəbər var, bu gecə atışma olubmu, təxribat varmı deyə həyəcanlı bir şəkildə xəbərləri izləyirəm…Arada hələ hiss edirəm ki, dodaqlarımdan qan axır, sən demə həyəcandan dodaqlarımı da qopardıb, ətini yeyirmişəm. Olsun, canım fəda, qanım fəda Vətənimə, əsgərlərə…
Biz indi isti, komforlu evimizdə rahat oturmuşuqsa, çay-kofe qabağımızda televizora baxırıqsa, demək onların sayəsində baxırıq..Bu cümlə nə qədər klassikləşsə də deyirəm,çünki həqiqətən də onlara borcluyuq..Onların qarşısında baş əyirəm, minnətdaram.
Eşq olsun, Azərbaycan ordusuna, əsgərinə.
Hər gün Ali Baş Komandanın çıxışlarına qulaq asdıqca, göz yaşlarımı saxlaya bilmirəm..Təbii ki, sevinc göz yaşlarıdır…30 illik həsrətə artıq son qoyulur..Nə qədər xəyallarım, arzularım var Qarabağla bağlı…İnşallah, tezliklə, hamısını həyata keçirəcəyimə əminəm. Qarabağ bütün Azərbaycan xalqı üçün müqəddəsdir, and yeridir, pirdir..
Bütün arzuların beşiyi, başlanğıcı Qarabağdır. Qarabağsız Azərbaycanı, Azərbaycansız da Qarabağı düşünmək olmaz! Azərbaycanın döyünən ürəyi, mədəniyyət ocağı, şərqin konservatoriyası, Şuşa..Azərbaycanı Şuşasız düşünmək belə ruhumu titrədir..
Yenidən baş qaldıracaq Xarı Bülbül səndən,Vətən!
Natəvan, Vaqif dilə gələcək məzardan, göz yaşları tökəcəklər, sevinc göz yaşları…
O günlər çox yaxındır, həm də çox yaxın..Bu sətirlərin bir-birinə yaxın olduğu kimi yaxın…
Artıq yeni bir tarix yazılır. Ali Baş Komandanımız və Azərbaycan əsgəri yeni tarixin ən parlaq səhifələrini yazırlar…
O səhifələrin ən başında şəhidlərimizin qanıyla: “Qələbə” , “Zəfər”, “Qarabağ Azərbaycandır” sözləri həkk olmuşdur.
Azərbaycan yeni bir dövrün başlanması mərhələsindədir.Bu elə bir mərhələdir ki, sonu bizim üçün zəfərdir…Xalq olaraq zəfərimiz, birliyimizdir….Bir olaq, birgə olaq, güclü olaq! Biz birlikdə güclüyük!
Çox yaxında bu yazını Qarabağda davam etdirmək diləyi ilə…
Ülvi Ələkbərzadə
Alət çubuğuna keç