Natəmiz avtobuslardan şikayət edən vətəndaşlara BNA-dan açıqlama

Tez-tez mətbuatda bəzi avtobusların natəmiz olması ilə bağlı şikayətlər yer alır.

Növbəti belə şikayət “MediaPost”a daxil olub. Vətəndaşlar 163 nömrəli marşrutdan şikayət edirlər.

Onlar bildirir ki, avtobus həm natəmizdir, həm gec-gec gəlir, həm də ödəniş haqqı 40 qəpikdir.

Məsələ ilə bağlı “MediaPost”a açıqlama verən BNA-nın mətbuat katibi Mais Ağayev bildirib ki, “Vətən-AZ” MMC-nin müvəqqəti istismarında olan 163 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaların vəziyyəti vətəndaşlarımızın da bildirdiyi kimi qənaətbəxş deyil:

“Bəli bu xətdən istifadə edən sərnişinlər tərəfindən BNA-ya müraciətlər daxil olub və hər dəfə çatışmazlıqla bağlı daşıyıcıya xəbərdarlıq olunub. Nöqsanların qısa vaxtda aradan qaldırlması ilə bağlı daşıyıcı qarşısında yazılı və şifahi formada tapşırıqlar qoyulub. Lakin görünən mənzərə odur ki, xətt üzrə daşıyıcı tərəfindən müsbət istiqamətdə dəyişiklik yoxdur. Bildirim ki, 2021-ci ildə sərnişindaşımalarda laqeydliyə yol verən, sərnişinlərin ciddi narahatlığına səbəb olan daşıyıcılar marşrut şəbəkəsindən kənarlaşdırılacaq. Dövlət başçısının tapşırığı əsasında şəhərimiz üçün alınan müasir və komfortlu avtobuslar bu cür problemli xətlərin dəyişdirilməsi imkanlarımızı daha da genişləndirir. Xüsusi ilə bu il şəhərimizə gətiriləcək 9 metrlik avtobuslar sayəsində 163 kimi hazırda ciddi çatışmazlıqların olduğu xətlər tamamilə yenilənəcəkdir. Çünki bizim üçün önəmli olan vətəndaşlarımızın xüsusilə gündəlik olaraq ictimai nəqliyyatdan istifadə əhalinin həssas qrupu olan sərnişinlərimizin rahatlığını və təhlükəsizliyini təmin etməkdir”.

Alət çubuğuna keç