“Nə Moskvanın sözü bizim üçün qanundur, nə də Vaşinqtonun” – ekspert

Sabah Cenevrədə Qarabağda həyata keçirilən hərbi əməliyyatlarla bağlı görüş keçirilməsi gözlənilir. Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri, Azərbaycan XİN başçısı Ceyhun Bayramov və Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyan iştirak edəcək.

Görüşdən gözləntilərini AYNA-ya açıqlayan politoloq Zərdüşt Əlizadənin fikrincə, barışıq əldə olunub-olunmaması Ermənistanın danışıqlar prosesindəki mövqeyindən asılı olacaq: “İndi hər şey İrəvanın siyasi yetkinliyindən asılıdır. İrəvan yenidən vaxt qazanmaq üçün manevr etməyə çalışsa, status-kvonun saxlanmasında israr etsə, o zaman barışıq olmayacaq”.

Analitik hesab edir ki, ermənilər müharibənin uduzduqlarını, başlarının üzərini qara buludlar aldığını və əllərində olanı da itirə biləcəklərini başa düşəcəkləri halda güzəştə getməyə razılaşacaqlar: “Bəzi şərtlərdə, yəni Azərbaycanın təklif edəcəyi şərtlərdə Qarabağdakı erməni icmasının qorunması, təhlükəsizliyi təmini üçün dərhal bizimlə danışıqlara başlamalıdırlar. Seçimləri azdır. Bir vaxtlar bəzi şərtlər irəli sürə və Azərbaycandan ən yüksək muxtariyyət tələb edə bilərdilər, amma Qarabağı Azərbaycandan qoparmağa üstünlük verdilər. Gördüyümüz kimi bacarmadılar, çünki Azərbaycan heç vaxt belə bir itki ilə barışmazdı”.

Əlizadə deyib ki, ermənilər üçün yaranan mövcud şərtlər indi onları çox az şeylə kifayətlənməyə məcbur edir: “Azərbaycan Prezidentinin dediyi kimi, mədəni muxtariyyət Azərbaycanın indi onlara təklif edə biləcəyi maksimum güzəştdir. Əks təqdirdə, onu da almayacaqlar”.

Azərbaycana qarşı beynəlxalq təzyiqlərdən danışan politoloq bildirib ki, müxtəlif lobbiçilərin, təşkilatların, siyasətçilərin və digərlərinin açıqlamaları Azərbaycan üçün heç bir məna kəsb etmir: “Ümumiyyətlə, beynəlxalq təzyiq anlayışı nə deməkdir? Bizə kredit verməyəcəklər? Bu kreditlərə ehtiyacımız yoxdur. Bizə qarşı qoşun göndərəcəklər? Hansı əsaslarla? Azərbaycan beynəlxalq qanunları pozurmu? Yox! Əksinə, digər dövlətlərdən nümunə götürərək, beynəlxalq qanunları bərpa edirik. Təzyiq ola bilməz. Böyük dövlətlərin, məsələn, ABŞ-ın təzyiqlərinə gəldikdə, bu dövlət öz hüquqlarının pozulduğuna inandıqda birinci özü vurur. Odur ki, ABŞ bizə təmkinli olmağımızı tövsiyə etməməlidir. Rusiya? Birincisi, bu, bizim üçün bir qanun deyil. İkincisi, Rusiyanın özü bir çox beynəlxalq hüquq normalarını pozur. Və heç kimin sözü bizim üçün qanun deyil, elə Vaşinqtonla Moskvanın da”.

“Bundan sonra ermənilərin gələcək taleyi onların öz əllərindədir. Ermənilər üçün yeganə ağlabatan addım silahı atmaq və Azərbaycanın ərazi bütövlüyünü tanımaqdır. Bu, konstruktiv mövqedə olduqlarını və Qarabağdakı erməni icması üçün təhlükəsizlik zəmanətlərini müzakirə etmək üçün danışıqlar masasına oturmağa hazır olduqlarını göstərə biləcək yeganə yoldur. Bu vəziyyətdə barışıq davam edəcək, əks halda müharibə son erməni əsgəri Azərbaycan ərazisindən qovulana qədər davam edəcək”, – ekspert vurğulayıb.

Alət çubuğuna keç