Murov dağını fəth edən xüsusi təyinatlı – Bilirdi ki, o, bu yolda ya şəhid olacaq, ya da… – VİDEO

Şəhidlərimiz bizim azadlıq, yenilməzlik, mərdlik və qəhrəmanlıq simvolumuzdur. Azərbaycan xalqı torpaqlarının azadlığı uğrunda canını qurban vermiş hər bir şəhidi ilə fəxr edir, onların xatirəsini uca tutur. Böyük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri də 052 XTQ baş leytenantı Musa Əsgərovdur. Murov dağını fəth edən Musa Əsgərov qalibiyyətə gedən yolda düşməni ilk saatlardaca qorxuya salan igidlərimizdəndir.

Kərbəlayi Sadiq Əsgərov şəhidlik zirvəsinə ucalan qardaşı haqqında xatirələrini  bölüşüb. Şəhidin qardaşı bildirib ki, Musa ilk günlərdən gözünü qırpmadan döyüşə qatılanlardandır:

“Qardaşım 17 fevral 1997-ci ildə Cəlilabad rayonunun Sabirabad kəndində dünyaya gəlib. O, uşaqlıqdan hərbiyə maraq göstərirdi. 8-ci sinifdə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil oldu, daha sonra Hərbi Akademiyanı leytenant rütbəsi ilə başa vurdu və Qazax istiqamətində xidmətə başladı. Bir il orada xidmətdə olduqdan sonra XTQ-yə qəbul olunmaq üçün imtahan verdi. Bu imtahanı da uğurla keçdi. İki il idi ki, 052 XTQ-də xidmət göstərirdi, artıq baş leytenant rütbəsi də gəlmişdi. Belə bir igidin qardaşı olduğum üçün qürur duyuram. Musa qanı, canı, mərdliyi və şücaəti ilə Böyük Vətən dastanının ilk səhifələrini yazan oğullardandır.

Vətəni sevməyi imanından irəli gəlirdi. Orduda xidmət etməyinə baxmayaraq, qohum-əqrəba ilə yaxından maraqlanır, hamımıza arxa-dayaq olurdu. Hərbçilərə xas olan bütün xüsusiyyətləri özündə birləşdirmişdi, ciddi və nizam-intizamlı idi. Eyni zamanda ən ali və nəcib duyğuları özündə təcəssüm etdirmişdi, mehriban insan idi, bir Allah şahiddir ki, necə qardaş olub. Onun yerini heç nə doldura bilməz…

Heç vaxt istəməzdi ki, kimsə ona acısın, kimsə ona köməklik etsin. Yol verməzdi ki, kimsə ona görə əziyyət çəksin, onun məsuliyyətini daşısın. Hərbçi yoldaşları ilə birlikdə şəhid ailələrinə dəstək olmağa çalışardı. Bu yaxınlarda telefonunda mesajlarına baxırdım, gördüm ki, yardım istəyən hər kəsə cavab verib, “Narahat olma, əlimdən gələn köməkliyi edib göndərərəm” yazıb. Evdə işindən söz düşəndə heç vaxt danışmazdı, deyirdi ki, məxfidir, danışa bilmərəm. İşinin bütün yük və məsuliyyətini çiyinlərində böyük mətanət və fədakarlıqla daşıyırdı. Zəhmətsevərliyi, səmimiliyi, insanlara sevgisi ilə başqalarından seçilirdi. Nümunəvi və işıqlı bir ömür yaşadı”.

Şəhidin qardaşı qeyd edib ki, Musa Əsgərov döyüşlərə böyük ruh yüksəkliyi ilə qatılıb:

“Qardaşım Murov yüksəkliyindən sonra sentyabrın 27-də Daşkəsən və Göygöl istiqamətində gedən döyüşlərdə düşmənə ağır zərbələr vurub. İllərdir ki, həsrətində olduğumuz torpaqlara üçrəngli bayrağımızı sancmaq onun da arzusu idi. Təəssüf ki, 28-i yoldaşları ilə birlikdə şəhid oldu. Musa ayağından iki dəfə yaralanmasına baxmayaraq, düşmən üzərinə hücumlarını davam etdirib”.

M.Əsgərovun şücaətindən fəxarət hissi ilə danışan qardaşı onu da bildirib ki, xüsusi təyinatlı hərbçimiz şəhid olacağını hiss edirdi:

“Hərbi Akademiyanı bitirdikdən sonra Musa müharibənin başlanmasını gözləyirdi, əmin idi ki, şanlı Azərbaycan Ordusu bu döyüşdən zəfərlə çıxacaq. Yoldaşlarından birinə “Dostum, bax akademiyanı da bitirdik, indi qaldı şəhid olmaq” demişdi. Bir kəs şəhid olmazdan əvvəl şəhid kimi yaşayır, sonra bu müqəddəs zirvəyə yüksəlir. O bilirdi ki, bu yolda ya şəhid olacaq, ya da qazi”.

Şəhid qanı ilə suvarılmayan torpaq zəfər bayrağı bitirməz! Bu haqq savaşında Musa şəhadəti ilə örnək oldu. İndi Vətən şəhidlərin mübarək çiyinlərində sabahlayır. Buna görə də hər bir şəhidimiz and yerimiz və qürur mənbəyimizdir!

Aytən Məftun

Alət çubuğuna keç