Müharibə bitdi, bazar canlandı: – “Azərbaycana pul axını artacaq”

Bakının əmlak bazarında aktivlik müşahidə olunmağa başlanıb.

Xüsusilə bölgələrdə yaşayan sakinlər arasında paytaxtda mənzil almağa üstünlük verənlərin artdığı bildirilir.

Ümumiyyətlə, pandemiya dövrü əmlak bazarındakı durumu necə xarakterizə etmək olar?

Daşınmaz əmlak eksperti Ramil Osmanlı Cebhe.info-ya açıqlamasında bildirib ki, pandemiyanın başlandığı ilk dövlərdə əmlak bazarında ciddi problemlər üzə çıxıb:

“Fəaliyyətin məhdudlaşdırılması ilə bağlı aktiv qərarlar qəbul edilən dövrdə demək olar ki, bazarın tamamilə məhdudlaşdırlması prosesi getdi. Alqı-satqı prosesi kəskin şəkildə azaldı, qiymətlərin azalması istiqamətində meyillər müşahidə olundu. Amma son dövrlər, xüsusilə də döyüş əməliyyatlarından sonrakı dövrdə bazarda aktivlik müşahidə olunmaqdadır. Dövrü tam xarakterizə etsək, demək olar ki, qiymətlərdə azalma müşahidə olunmayıb, əksinə son dövrlərdə bir qədər artım müşahidə olunur”.

Ekspert deyir ki, pandemiyanın nə zaman bitəcəyi məlum olmasa, bütövlükdə bazarda aktivlik bərpa olunub:

“Hökumət tərəfindən məhdudiyyətlər qoyulmadığına görə bazarda aktivliyi bərpa etmək mümkün olub. Pandemiyadan əvvəlki səviyyəyə çatmasa da, aktivlik müşahidə olunur. Eyni zamanda, ipoteka kreditlərinin verilməsi tam axarı ilə davam edir”.

Ramil Osmanlı hesab edir ki, qarşıda əmlak bazarı üçün aktiv dövr gözlənilir:

“Məlum olduğu kimi, işğaldan azad olunmuş ərazilərimizin qısa müddətdə bərpası aktualdır. Hökumət bu istiqamətdə ciddi adımlar atıb. Verilən bəyanatlar deməyə əsas verir ki, qarşıdakı illərdə ciddi investitsiya qoyuluşu olacaq. Xaricdən Azərbaycana pul axını artacaq. Böyük kapital qoyluşları qısamüddətli dövrü əhatə etdiyinə görə, bu, makroiqtisadi göstəricilərdə, o cümlədən ÜDM artımında da özünü göstərəcək. Bu baxımdan da daşınmaz əmlak bazarında aktiv bir dövr gözləyə bilərik”.

Alət çubuğuna keç