Məğlub Ermənistanın 1 dekabrdan sonrakı seçimi – gerisayım bitir

Azərbaycanın ərazilərindən erməni silahlı qüvvələrinin çıxması üçün verilən vaxt sona çatdı. Bu gün – dekabrın 1-də işğal altındakı sonuncu rayonumuz – Laçın da öz qanuni sahibinə qaytarıldı – üçtərəfli sazişdə nəzərdə tutulan bəzi ərazilər (“Laçın dəhlizi”) istisna olmaqla.

Bəs dekabrın 1-dən sonra bölgə və onun ətrafında hansı proseslər və gəlişmələr proqnoz edilir? Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan münasibətləri necə təsəvvür olunur? Ən əsası, rəsmi İrəvan 44 günlük müharibənin və bu müharibədə uğradığı rüsvayçı məğlubiyyətin yaratdığı yeni və sərt reallıqları ciddiyə alacaqmı?

Bu suallarla bağlı ekspertlərin təxminləri müxtəlifdir. Bir şeyi dəqiqliklə söyləmək mümkündür ki, çox şey, hətta hər şey Ermənistana rəhbərlik edənlərin və bütövlükdə erməni xalqının nə dərəcədə ədalətli sülhdə və inkişafda maraqlı olmasından asılı olacaq. Əgər yenə də “böyük Ermənistan” xülyasından dolayı sərsəm iddialar davam edəcəksə, ermənilər sırf revanş hissi ilə yaşayacaqsa, onda ən əvvəl özlərinə böyük pislik edəcəklər. Çünki inkişaf və tərəqqi qatarından həmişəlik qalacaq, öz olan-qalan dövlətçiliklərini də itirəcəklər.

*****

“Dünyadakı erməni millətçiləri Qarabağ mövzusunu 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrlə eyni rəfə daşımağa və bundan bəzi siyasi xallar əldə etməyə çalışacaq”.

Musavat.com xəbər verir ki, bu sözləri “Vesti Kavkaza” federal informasiya və analitik agentliyinin baş direktor müavini, siyasi ekspert Andrey Petrov deyib.

“Məncə, 10 noyabr gecə yarısından başlayan və 4 gün sonra başa çatan müharibəsonrakı ilk mərhələ Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli razılaşmanın hərfinə və ruhuna uyğun, nümunəvi şəkildə davam edir. Bu müddətdə atəşkəs rejiminin pozulması ilə bağlı bircə pozuntu da baş verməyib. İşğalçı qoşunlar heç bir təxribat törətməyə cəhd göstərməyib, Azərbaycanın azad edilmiş ərazilərində bir güllə və bir mərmi də atılmayıb”, – deyə o, sazişin bəndlərinin yerinə yetirilməsi barədə danışarkən söyləyib.

Onun sözlərinə görə, dünya Ermənistanın işğalçı qüvvələrini geri çəkməsi ilə bağlı Rusiyanın öz üzərinə götürdüyü öhdəlikləri necə yerinə yetirdiyini, həqiqətən də onları Ağdam və Kəlbəcər rayonlarından necə çıxardığını gördü. Mütəxəssis bu xüsusda hesab edir ki, Rusiya sülhməramlılarının münaqişə zonasında peyda olması vəziyyəti kökündən dəyişdirib: “Belə ki, təcavüzkar tərəfin davranışı üzərində nəzarət yaradılıb və İrəvanın razılaşmanı pozması, onu öz lehinə şərh etməsi və ya icrasını təxirə salması üçün artıq hər hansı imkanı qalmayıb. Bu baxımdan, indi əlbəttə ki, Azərbaycan artıq Rusiyaya konfliktin həllində hakim kimi etibar edir, Ermənistanın isə aldatmaq, yoxsa özünü dürüst davranmaq kimi seçim lüksü yoxdur, çünki erməni potensial təxribatçılarını Rusiya sülhməramlıları daim izləyir”.

Analitikin fikrincə, 1 dekabrdan sonra ilk növbədə Ermənistanın Azərbaycanın azad edilmiş bölgələri ilə sərhədlərinin demarkasiyası və delimitasiyası məsələsi kəskin şəkildə gündəmə gələcək. “Artıq indidən görürük ki, İrəvan Sotkdakı (Zod – red.) qızıl yatağının ən azından bir hissəsinin Ermənistan ərazisində qalmalı olduğunu sübut etməyə çalışır. Həmçinin sərhəd boyu işğal altındakı Azərbaycan torpaqlarının heç olmasa kiçik hissələrini tərk etməmək cəhdləri yəqin ki, davam edəcək. Odur ki, Rusiya sərhəd mühafizəsinin işi burada vacib olacaq. O mənada ki, Ermənistan Azərbaycanla sərhədin qurulması ilə bağlı öhdəliklərini dəqiq yerinə yetirsin və Rusiya-Azərbaycan birgə təmaslarıtda sərhədin beynəlxalq səviyyədə tanınmış koordinatlara uyğun delimitasiya və demarkasiyası reallaşsın”, – deyə rusiyalı politoloq vurğulayıb.

O, habelə azad edilmiş Azərbaycan ərazilərinin hələ uzun illər minalardan təmizlənəcəyini və bununla Azərbaycan, rus və erməni sapyorlarının məşğul olacağını diqqətə çatdırıb: “Erməni mütəxəssislər ən azından soydaşlarının qayıtdıqları Xankəndi, Xocavənd, Xocalı, Əsgəran və Ağdərədə minaları təmizləməlidir. Rusiyanın başqa torpaqlarda da sapyorların işə cəlb olunmasını tələb edəcəyi şübhə doğurmur. Və Moskva üçün Azərbaycan torpaqlarında məhz erməni ordusunun bu qədər sıx şəkildə minalar basdırmasına göz yummağın və bununla Rusiya sülhməramlılarının da həyatını riskə atmağın heç bir əsası yoxdur”.

Ekspert Rusiya tərəfindən də qurbanlar daxil olmaqla, artıq müharibənin minalı “əks-sədası”nın ilk qurbanlarının olduğunu və bunun Azərbaycan üçün azad edilmiş ərazilərinin bərpası prosesində çox ciddi və ən əsası, uzunmüddətli problem olacağını xatırladıb.

Siyasi təhlilçiyə görə, Nikol Paşinyanın Ermənistanın yeni xarici siyasət prioritetinin Azərbaycanla birgə sülhü qorumaqla bağlı olacağı barədə verdiyi son açıqlama böyük ümidlər yaratmasa da, müəyyən nikbinliyə əsas verir: “Azərbaycana qarşı edilən bunca pislikdən sonra İrəvana inanmağa 100% dəyməsə də, ən azından konkret anda, demək həm də yaxın perspektivdə Ermənistan dövlətinin ruhi halında hansısa revanşist hərəkətləri gözləməyə dəyməz. Müharibədən imtina və sülh – iki ölkə arasındakı münasibətləri həqiqətən normallaşdırmağın tək şansıdır. Burada da ümid edirəm ki, Rusiya ”müharibə partiyası”nın İrəvanda fəallaşmasını əngəlləmək də daxil, ən aktiv rolu oynayacaq”.

Ekspert hesab edir ki, yeni nizamlamanın birinci mərhələsinin başa çatması növbəti – Ermənistanla Azərbaycan arasında münasibətlərdəki bütün problemli məsələlərin həmişəlik qapanmaq mərhələsinə keçid demək olacaq. “Erməni qoşunları hələ də Azərbaycan torpağındadır – xüsusən də Xocavənd, Xocalı, Tərtər bölgələrindədir. Oradan da onlar geri çəkilməlidir. Qarabağın statusu məsələsi bu və ya digər şəkildə gündəmdən çıxarılmalıdır. İndi bu prosesin necə gedəcəyini təsəvvür etmək belə çətindir. Aydındır ki, dünyadakı erməni millətçiləri Qarabağ mövzusunu 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrlə eyni rəfə daşıyacaq və bundan bəzi siyasi xallar əldə etməyə çalışacaq. Ancaq mənim fikrimcə, onların fəallığı Cənubi Qafqazdakı həyata əhəmiyyətli təsir göstərməyəcək. Önəmlisi Dağlıq Qarabağ münaqişəsini bacardıqca tez keçmişdə saxlamaqdır ” – rusiyalı analitik əlavə edib.

*****

Əlbəttə ki, bu, öncəliklə erməni tərəfindən asılı məsələdır, onun problemidir. Çünki Güney Qafqazda qeyri-sabitlik və müharibə təhlükəsi on illərdir məhz Ermənistandan qaynaqlanır. Əfsus ki, xain qonşularımızın bu gerçəyi dərki prosesi ağır gedir. Xüsusən də separatçı və işğalçı təfəkküründən qurtula bilməyənlər tərəfindən.

“Biz niyə məğlub olduq? Bu sualı uzun müddət özümüzə verəcəyik və hər birimiz nə etməli olduğumuzu, ancaq etmədiyimizi qeyd edəcəyik. Biz, sadəcə, özümüzə hörmət etmədik. Ən sadə şeyləri etmədiyimizə, özümüzə və illər ərzində itkilər, çətinliklər bahasına əldə etdiyimiz şeylərə hörmət qoymadığımıza inanıram”.

Bu sözləri Azərbaycana qarşı savaşan separatçı polkovnik Senor Asratyan özünün facebook səhifəsində yazıb (Teleqraf.com).

Hərbi cinayətkar uduzmalarının səbəblərinə dair özünün fərziyyələrini səsləndirərək günahın özlərində olduğu qənaətinə gəlib: “Biz bir-birimizi güclü etmək əvəzinə, zəiflətməyə, sevmək əvəzinə, nifrət etməyə üstünlük verdik. Bir neçə nəfər bizi inək sürüsünə çevirdi və istədikləri yolla getməyə məcbur etdi. Amma bu vəziyyətdə belə inək sürüsü olmaqda davam edirik. Çünki müstəqil düşünmək qabiliyyətimiz yoxdur. Həm də düşünməyi biləni də dinləmirik. Bir neçə nəfərin uydurduğu nağılları dinlədik, indi də inanırıq. Evimizi qurmaq əvəzinə yalnız yaxınlıqda duranları göstərdik. Beləcə, bir neçə nəfər müstəqil düşünmək qabiliyyətini itirən kütləni qeyri-müəyyənliyə aparmaqda davam edir”.

Separatçı rejimin hərbi nümayəndəsi bildirib ki, onlar məğlub olublar: “Çünki ölkənin ağalarına çevrilən bu adamlar vətəni insanların yaşadıqları torpaqla qarışdırdılar. Vətəni vəhdətdə saxlamaq əvəzinə, bölgələrə ayırmağa qərar verdilər. Vətənin bir hissəsi yaşayır, digər hissəsi də yaşamaqdan uzaqlaşır. Nəticədə ermənilər bölündü, ”vətən” parçalandı. Bundan sonrakı yolumuzun bizi hara aparacağını söyləmək çətindir. Ancaq boşluqda dayandığımız gerçəkdir”.

Heç şübhəsiz ki, bu boşluqdan çıxıb-çıxmamaq məsələsi məğlub toplumu yönəldənlərin verəcəyi qərarlardan asılı olacaq. Zaman çox az qalıb. Gerisayım bitir… (musavat.com)

Alət çubuğuna keç