Lənkəranda rəzalət: əsgərə şəhid statusu verilmədi, ara qarışdı – Video

Vətən müharibəsində iştirak etmiş Lənkəranın Osaküçə kənd sakini, əsgər Əflatun Fərəcova şəhid statusu verilməməsi rayonu ayağa qaldırıb. Reportyor.info xəbər verir ki, qəzəblənən sakinlər etiraza qalxaraq aksiya keçiriblər, Ə.Fərəcova şəhid statusu verilməsini tələb ediblər. Nəşi kəndə gətirilən əsgərin yaxınlarına bildirilib ki, Fərəcov maşın qəzasında dünyasını dəyişib və ona şəhidlik verilməyib.
Bundan hiddətlənən Osaküçə kənd camaatı və sakinlər küçələrə çıxaraq yürüş ediblər, qarşıdurma yaranıb.
Vəziyyətin gərginləşdiyini görən yerli icra orqanı etirazçılara Ə.Fərəcova şəhidlik statusunu veriləcəyini bildirib.
Lakin hadisə ilə bağlı Müdafiə Nazirliyindən və Lənkəran şəhər İcra Hakimiyyətindən heç bir açıqlama verilməyib. Məlumata görə, mərhum əsgərin atası və anası həyatda yoxdur. Ümid edirik ki, tezliklə müvafiq qurumlar baş verənlərə münasibət bildirəcək, lazımı addımlar atılacaq.
Bu arada Lənkərandan olan ziyalı Yadigar Sadıqlı feysbuk hesabında əsgərin şəhid olduğunu təsdiqləyən faktın sakinlər tərəfindən sübut olunduğunu, hadisənin təfərrüatını yazıb.

“Lənkəranda rəzalət baş verib. Vətən uğrunda canını əsirgəməyən şəhidlər üçün məmurlar pullarını əsirgəyirlər, anlaşılan.
Lənkəranın Osaküçə kəndinə bir əsgər nəşi gətirilib – Əflatun Mircahangir oğlu Fərəcovun. Atası və anası artıq vəfat etmiş bir gəncin. Haradasa, hansısa səviyyəli məmurlar fikirləşiblər ki, yiyəsiz əsgərdir, sahib çıxan olmayacaq və elan ediblər ki, Əflatun avtomobil qəzası nəticəsində həlak olub. Dolayısı ilə, şəhid statusu verilmir, sığorta ödənilməyəcək, yas mərasiminə, məzar daşına məmurlar da xərc çəkməyəcəklər. Amma kənd camaatı əsgəri yiyəsiz buraxmayıb. Tabutu açıblar və güllə yaralarını görüblər. Əsgər şəhid olub! Bundan sonra kənd camaatı qadınlı-kişili rayon mərkəzinə doğru yürüşə başlayıb. Yolda polis qarşısını kəsmək istəsə də alınmayıb. Nəhayət, icra başçısı gəlib qarşılarına. Əflatun Fərəcovun şəhid olması aktlaşdırılıb və yalnız bundan sonra dəfn olunub.
Qələbə təkcə hakimiyyəti gücləndirmir. Bu xalq da əvvəlki xalq deyil, artıq qalib xalqdır” – Y. Sadıqlı qeyd edib.

Alət çubuğuna keç