Kürd yaraqlıları Ermənistan ordusunun sıralarına qoşulur – YENİ FAKTLAR – ARAŞDIRMA

Ermənistanın İraqdakı səfiri Qraçya Poladyanın Süleymaniyyədə apardığı danışıqlar və PKK yaraqlılarının Qarabağa daşınması marşrutu barədə bundan əvvəl məlumatlar sosial şəbəkələrdə də yayılmışdı.

İndi isə bu haqda Misirin “Cairo24.com” portalı yeni sensasiyalı təfərrüatları yayıb. PKK-nın bir qrup yaraqlısı və komandirləri İraq və Suriyadan tranzit keçməklə Ermənistan ərazisinə atılıb.

Ermənistana gətirilən PKK yaraqlılarının birinci qrupu 25 nəfərdən ibarətdir. Onlar Türkiyə ərazisindən İraqa gediblər və PKK-nın əməliyyat mərkəzi olan Qəndil düşərgəsində təlim keçiblər.

Bildirilir ki, həmin qrup hərbi hazırlıq keçmək və diversiya əməliyyatlarının aparılması üzrə ixtisaslaşıb. Qrup iyul ayında əvvəlcə İranın Urmiyə şəhərinə aparılıb, orada İnqilab Keşikçiləri Korpusunun “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin “Həmzə” batalyonunun qərargahında (qərargah Colh rayonunda yerləşir) bir neçə gün qalıblar və daha sonra Ermənistana keçiblər. Bundan əlavə, hazırda İran və Suriya ərazisində Ermənistana keçmək üçün gözləyən daha iki PKK qrupu var.

İkinci qrup isə Ərbildən cənubda, PKK-nın Mahmur bazasında yerləşir və 25 nəfərdən ibarətdir. Bu dəstə partizan müharibəsi aparmaq təcrübəsi olan yaraqlılardan təşkil olunub. Qrup bu ilin avqust ayında iki avtobusla “Hizbullah”ın İraq qolu olan “Hərəkat əl-Nucaba” qruplaşmasının qərargahına, Bağdadın Sədr-siti rayonuna aparılıb. Sentyabrın əvvəllərində isə qrup İlam əyalətindən keçirilməklə İrana atılıb, həmin qrupdan 17 nəfər daha sonra Kirmanşaha göndərilib. Qalan 8-i İlam şəhərində qalıb. 17 nəfərlik qrup Kirmanşahda bir neçə gün qaldıqdan sonra Ermənistana keçmək üçün Urmiyəyə aparılıb. 8 PKK yaraqlısı isə Tehrana gedib, oradan təyyarə ilə Yerevana uçub.

Kürd yaraqlıları Ermənistan ordusunun sıralarına qoşulur. Habelə məlumat var ki, erməni tərəfi PKK yaraqlılarının Azərbaycana qarşı əməliyyatlarda istifadə olunmasının əvəzində Türkiyənin pilotsuz təyyarələri ilə mübarizə aparmaq üçün bu terror təşkilatına Rusiya istehsalı olan raket kompleksləri verməyə razılaşıb. Bu raket komplekslərinin çatdırılmasını PKK-nın Qəndildəki komandiri Cəmil Bayık koordinasiya edir, gözlənilir ki, tezliklə raketlər Qəndilə göndəriləcək.

(Haqqin.az)

Alət çubuğuna keç