Karantin və təhsil. Pandemiyanın ən böyük qurbanı uşaqlardır

2020-ci ilin yazından müəllimlər, uşaqlar, valideynlər pandemiyanın və karantinin yaratdığı yeni reallığı, təhsil sisteminə dəyən zərbəni hiss etdilər. Etiraf etmək lazımdır ki, Azərbaycan bu sahədə çox uğurla, vaxtında tədbir görərək, təhsil sistemini tez uyğunlaşdıra bildi. Hətta distant təhsilə keçid məsələsində dünya liderləri arasında oldu və Qərb ölkələrini geridə qoya bildi. Gələcəkdə onlayn təhsilin rolunun çox böyük olması labüddür. Bu mənada Azərbaycanda görülən işlər təqdirəlayiqdir.

Amma biz onu da etiraf etməliyik ki, karantin və məktəblərin bağlı olması uşaqların gələcək inkişafı üçün ciddi maneələr yaradır. Uşaqlar 1 ildən artıqdır ki, normal məktəbə gedə bilmirlər, həmyaşıdları ilə ünsiyyətdən məhrumdurlar, əqli, fiziki inkişafdan ciddi geri qalırlar, idmanla məşğul olmurlar, saatlarla günlərini internetdə keçirirlər.. İngiltərənin Milli Statistika Ofisi tərəfindən hazırlanan “Uşaqların və Gənclərin əqli Sağlamlığı” haqqında hesabatına görə 2020-ci il üzrə aparılan araşdırmanın nəticələri göstərir ki, 5 – 16 yaş uşaqların arasında ruhi sağlamlıq pozuntuları halları ciddi artıb (əvvəllər 9-10 uşaqdan birində əqli-psixoloji pozuntular olurdusa, 2020-ci ilin sonu üçün 5-6 uşaqdan birində bu hallara rast gəlinib). Bu bütün dünyada belədir.
Əlilliyi, sağlamlıq məhdudiyyətləri olan, xüsusi ehtiyacları olan, autizm spektrinə daxil olan xəstəlikləri olan (autizm, uşaq serebral iflici, Daun sindromu və s) uşaqların üzləşdiyi problemin fəsadlarını düşünməliyik. Pandemiya çətinliklər yaratdı, amma onun qarşısını almaq üçün tətbiq olunan karantin bu uşaqların çoxu və ailələrinin həyatını dözülməz etdi.

Digər tərəfdən uşaqların Covid-19 virusuna az yoluxduğu artıq məlumdur, uşaqların virusun ötürücüsü olub olmaması haqda alimlər və mütəxəssislər arasında hələ də mübahisələr var. Məsələn, nüfuzlu tibbi LANCET jurnalının araşdırmasına görə, uşaqlar arasında və uşaqlardan böyüklərə yoluxmanın mümkün olduğu, lakin nadir olduğu görünür. Eyni zamanda, LANCET jurnali araşdırmasında onu da göstərir ki, koronavirus virusuna görə  məktəblərin bağlanması virusun yayılma dinamikası və ölüm nisbətinə ciddi təsir etmir. Səhiyyə mütəxəssisləri üçün ixtisaslaşmış resurs olan “British Medical Journal”ın apardığı araşdırmalar eyni nəticələri göstərir.

Digər bir problem odur ki, bir neçə övladı olan ailələrdə onlayn dərslərə qatılmaq üçün laptop, kompyuter yoxdur. Bu ailələrdə uşaqlar ümumiyyətlə dərslərə qatılmır. Bu da təhsilin keyfiyyətinə ciddi zərbə vurur.

Sual yaranır, uşaqlar gələcəkdə insanlarla ünsiyyət qurmağı öyrənəcəklərmi? İmmun sistemi digər viruslarla necə mübarizə aparacaq?

Məktəb tək təhsil almaq üçün məkan deyil. Məktəb gələcək həyata hazırlaşmaq üçün, ünsiyyət qurmağı öyrənmək üçün bir məkandır. Məktəbləri bağlı saxlamaq uşaqların gələcək sağlamlığına zərbə vurmaq deməkdir.

Karantin rejiminin məqsədi bütün sistemə (səhiyyə, sosial, təhsil , nəqliyyat və s.) pandemiya şəraitinə uyğunlaşma və lazımi hazırlıqların görülməsi üçün vaxt ayırmaqdır. Bu məntiqlə baxsaq, karantin şərtləri tədricən zəifləməli, daha az məhdudiyyətləri nəzərdə tutmalı və hər bir yeni karantin daha “yumşaq” olmalıdır.

Təbii ki, dövlətin məqsədi vətəndaşların səhhətini qorumaqdır, buna heç kimin şübhəsi ola bilməz!! Və Azərbaycan ilk gündən bu məsələdə öndə idi. Cənab Prezident və I Vitse Prezident bu məsələyə xüsusi diqqət yetirirdi (modul tipli xəstəxanalar açıldı, avadanlıqlar alındı, vaksinasiyaya erkən başlanıldı və s). Onu da etiraf etməliyik ki, son günlər epidemioloji vəziyyətin ağırlaşdığını, Covid-19 xəstələrinin sayının artdığını görürük və dünyasını dəyişənlər arasında müəllimlər də var. Və təbii ki, bunun qarşısının alınması üçün tədbirlər görülməlidir. Müəllimlərin və təhsil işçilərinin qorunması üçün əlavə tədbirlər haqqında düşünmək lazımdır (daha çox testlərin olunması, maarifləndirmə, məktəblərdə uyğun şəraitin yaradılması, vaksinasiya və s).

Amma, Covid-19-a qarşı mübarizə apardığımız zaman, karantin nəticəsində vətəndaşlarımızın, xüsusilə də uşaqların əqli və fiziki səhhətinə vurduğumuz ziyan haqda düşünməliyik.

Karantin pandemiya ilə mübarizədə yeganə alət olmamalıdır. Çıxış yolu maarifləndirmə olmalıdır. Təhsil Nazirliyi məktəblərin bağlanması haqqında qərar qəbul etməzdən əvvəl, vətəndaşlar arasında sorğu keçirdi, bunu alqışlayırıq.

Eyni zamanda, Operativ Qərargaha, TƏBİB-ə, Təhsil Nazirliyinə müraciət etmək istərdim ki, pandemiyanın qarşısının alınması üçün tədbirlər haqda düşünəndə yuxarıda qeyd olunanları da nəzərə alsınlar.

 

Nigar Arpadarai

Milli Məclisin deputatı