İstanbulda yeni seçki: Dəmirdaş azadlığa çıxa bilər?

İyunun 23-də keçiriləcək seçkilərin nəticələrindən asılı olmayaraq, İmamoğlu təkcə İstanbul deyil, Türkiyə miqyasında da böyük siyasətçiyə çevriləcək.

Bu sözləri Axar.az-a politoloq Zaur Məmmədov İstanbul böyükşəhər bələdiyyəsi sədrliyinə keçirilən seçkilərin nəticələrinin ləğv edilməsi və yeni seçkinin keçiriləcəyi haqda danışarkən deyib. O bildirib ki, yeni seçkilərin keçirilməsi Türkiyədə bəzi çaxnaşmalara yol aça bilər:

“Ali Seçki Qurumunun dünən axşam verdiyi qərar gözlənilən idi. Ərdoğan çıxışında yeni seçkilərin önəmindən danışmışdı. Bu seçkilərin Türkiyə üçün nəticəsi hər iki partıya tərəfdaşları arasında küçələrdə qarşıdurmaların olması ehtimalıdır. Çünki İmamoğlu tərəfdarları özlərini haqları tapdalanmış tərəf hesab edirlər. Dünən ASQ-nin qərarından sonra türk lirəsi də ucuzlaşıb. Seçkilərdə qanun pozuntusu ilə bağlı təkcə AKP deyil, MHP də öz etirazını bildirmişdi. Lakin Ali Seçki Qurumu İqdır və Qarsda keçirilən seçkinin nəticələrinə MHP-nin etirazını rədd etmişdi. Əsas məsələ İstanbulda həll olunur. İstanbul çox böyük maliyyə mənbəyidir. Burda söhbət milyardlarla puldan gedir. Təbii ki, hakim Ədalət və İnkişaf Partiyasının iqtidarı ayaqda tutması və öz iqtisadi, siyasi maraqlarını həyata keçirməsi üçün İstanbulda bələdiyyə sədrinin kimin olması önəmlidir. Hələ seçkilərdən əvvəl İstanbul uğrunda çox gərgin mübarizə gedirdi.

Yeni seçkilər yeni səslər uğrunda mübarizə olacaq. Əvvəlki seçkilərdə kürdlər və HDP tərəfdaşları CHP-yə səs vermişdi. İndi onların səslərini kimə verəcəkləri önəmlidir. Təbii ki, AKP yeni səsvermədə kürdlərin və HDP tərəfdaşlarının səslərini onlara verməsi üçün müəyyən addımlar ata bilər. Bu addımlar içində HDP sədri Dəmirdaşın azadlığa buraxılması da ola bilər”.

Alət çubuğuna keç