İşğaldan azad olunan rayonlarda “Hədiyyə karvanı” layihəsi həyata keçiriləcək-ÖZƏL

Mehmet Mutlu: “Uşaqlarımızın pandemiya dövürünü öz evlərində daha səmərəli keçirmələri üçün biz “Oyun karvanı”mızı “Hədiyyə karvanı” kimi hazırladıq”
Türkiyənin Cocuq Oyunları və Spor Federasiyası (COSKF) Azərbaycanda “Hədiyyə karvanı” adlı sosial layihə həyata keçirəcək. Bu haqda Türkiyənin Cocuq Oyunları və Spor Federasiyasının (COSKF) sədri Mehmet Mutlu özəl olaraq “KANAL  5”-ə məlumat verib.
Mehmet Mutlu deyib ki, fəaliyyətə başladıqları gündən bəri “Uşaq oyunla, dünya uşaqla böyüyür” devizi altında 250 000 uşağı ənənəvi küçə oyunları ilə 55 şəhərdə bir araya gətirblər: “Dünya və ölkəmizi bürüyən pandemiyaya görə “Oyun karvanı” layihəmizi reallaşdıra bilməmişik. Uşaqlarımızın bu dövürü öz evlərində daha səmərəli keçirmələri üçün biz “Oyun karvanı”mızı “Hədiyyə karvanı” kimi hazırlamağı qərar verdik. Bu məqsədlə Azərbaycandakı uşaqlarımıza valideynləri ilə oynaya biləcəkləri ənənəvi oyunların (doqquz daş, üç daş, barmaq hesabı, klas-klas, dama, rəsm dəsti və s.) oyun avadanlıqlarını və vacib ehtiyac olan hədiyyələrini Türkiyənin Xarici İşlər Nazirliyi və Azərbaycandakı səfirliyinin himayəsi və işbirliyi ilə uşaqlarımıza çatdıracağıq”.
Layihədə əsasən kimsəsiz, ehtiyacı olan və dövlət himayəsi altındakı uşaqlar iştirak edəcək. Layihə çərçivəsində “Hərdiyyə karvanı” Türkiyənin Balıkesir şəhərindən start götürəcək. Daha sonra Azərbaycanın Tovuz, Bərdə, Tərtər, Ağdam və Füzuli rayonlarından keçəcək. 15-31 dekabr müddətində ümumi olaraq 2.336 km yol qət ediləcək.
Xatırladaq ki, Türkiyənin Cocuq Oyunları və Spor Federasiyası bundan əvvəl Azərbaycanın Bakı, Gəncə, Qazax, Qəbələ, Lənkəran, Mingəçevir və Şəki şəhərlərində “Oyun karvanı” adlı sosial layihə həyata keçirib. Bu istiqamətdə daha geniş şəkildə fəaliyyət göstərmək üçün ötən ilin oktyabrın 16-da COSKF ilə Azərbaycan Məktəb İdmanları Federasiyası arasında memorandum imzalanıb.

 

 

 

Alət çubuğuna keç