İllərlə edilən şikayətlərə niyə reaksiya verilmədi? – Masazırda tökülən qan

Xəbər verdiyimiz kimi, dünən Abşeron rayonunun Masazır qəsəbəsində “Yeni Bakı” yaşayış kompleksində komendant 3 nəfərə odlu silahdan atəş açaraq, onları yaralayıb. 

“Yeni Sabah” xəbər verir ki, həmin komendant Ehtiram Yusifov adlı şəxsdir. Onunla bağlı internet resurslarda kifayət qədər neqativ informasiya tapmaq mümkündür. Həmin şəhərciyin minlərlə sakini illərlə bu adamın əlində girinc qalıb. Təsəvvür edirsinizmi, balaca bir adam – komendant olan şəxs şəhərciyi kriminal bir zonaya döndərib. Və onunla bağlı mediada saysız-hesabsız informasiyalar dərc olunub. Və bu xəbərlərin çoxunda cinayət tərkibi tapmaq mümkün idi: Məsələn, sakinləri hədələmək, qeyri – qanuni olaraq pul tələb etmək, vətəndaşa məxsus elektrik sayğaclarının sökülməsi və sairə…

Problem təkcə media vasitəsi ilə edilmirdi. Sakinlər bildirirlər ki, həmin komendantın qanunsuz əməlləri barədə dəfələrlə hüquq mühafizə orqanlarına yazılı və şifahi məlumatlar verilib. Bildirilib ki, bu adam sakinlərlə normal davrana bilmir, sakinləri təhqir və təhdid edir, qadın, uşaq demədən onları küçə söyüşləri ilə alçaldır və bütün bunları nümayişkaranə şəkildə, sanki digər sakinlərə görk olması üçün hər kəsin qarşısında edir. “Elə sakin olub ki, Ehtiram Yusifov gecə yarısı telefonla zəng edərək, onu “razborka”ya çağırıb. Bu komendantlığın elə işçiləri olub ki, sakinə hər kəsin qarşısında bıçaqla hücum edib, onu ölümlə hədələyib; digər sakinlər olmasaydı, bəlkə dünən odlu silahla baş vermiş cinayət 2 il əvvəl bıçaqla həyata keçiriləcəkdi”.

Sakinlər şəhərcikdə baş verən bütün bu hadisələrdən “Yeni Bakı” yaşayış kompleksini inşa edən “İlin Dörd Fəsli” MMC-nin sahibi Elnur Hüseynovun da məlumatının olduğunu bildirir: “Buna rəğmən biz sakinlər olaraq, ona da bu barədə məlumatlar vermişik. Bütün bu qanunsuzluqlara son qoymasını, şəhərcikdə qurduğu qanunsuz idarəçiliyi ləğv etməsini, Azərbaycan Respublikasının “Mənzil Məcəlləsi”nin tələblərinə uyğun olaraq kompleksin idarə edilməsinin sakinlərə keçməsinə mane olmamasını tələb etmişik. Ancaq Elnur Hüseynov bizim bu qanuni tələblərimizi yerinə yetirmək əvəzinə, Ehtiram Hüseynovu müdafiə edib, onun qanunsuz idarəçiliyinin daha da möhkəmlənməsinə şərait yaradıb, üstəlik bəzi sakinləri də “cəzalandıracağı” ilə bağlı təhdid edib.

Biz bu harınlamış və Azərbaycan qanunlarına dırnaqarası yanaşan şəxslərin əsl simalarını 10 ilə yaxındır ki, görürük və məsuliyyətli vətəndaş kimi müvafiq orqanları – polisi və prokurorluq orqanlarını dəfələrlə məlumatlandırmışıq. Ümid edirik ki, aidiyyatı qurumlar dünən baş vermiş hadisəni “qırmızı xətt” kimi qəbul edəcək və sərt tədbirlər görəcəklər”.

Ölkədə son proseslər həqiqətən də onu göstərir ki, səlahiyyətli qurumlar əksər hallarda məhz “qırmızı xətti” gözləyirlər. Bu xətti keçmədən  heç bir tədbir görülmür. Məşhur “Molla və polis” lətifəsindəki kimi məsələ “ölü mənim, diri sənin” həddinə çatmadan səlahiyyətli şəxslər hərəkətə keçmir.

Alət çubuğuna keç