ABŞ-la İrəvan arasında Qarabağı yazışması … – Sensasiyalı sənədlər

ABŞ Dövlət Departamenti Dağlıq Qarabağla bağlı iki vacib sənədi açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə Ermənistanın 7or.am saytı məlumat yayıb.
Hər iki sənəd Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın münaqişənin həllinə dair mövqeyi ilə bağlıdır.
1993-cü ilin 29 mayına aid olan ilk sənəddə ABŞ-ın İrəvandakı səfiri Harri Gilmorla Ermənistanın xarici işlər nazirinin səlahiyyətlərini icra edən Jirayr Lipartiyanın dialoqu yer alıb:“Ter-Petrosyan hökuməti Qarabağı itirməkdən narahat deyil. Onlar başqa məsələlərə – demokratiya, insan hüquqları və həyat şəraitinin yüksəldilməsi ilə bağlı öhdəlik götürüblər. Kəlbəcərin qorunması erməni əhalisinin əsas hədəfinə çevriləcəksə, Ter-Petrosyan və hökuməti istefaya gedəcək. Onlar işğal olunmuş ərazilərin geri qaytarılmasının tərəfdarıdırlar”.
Digər sənəddə isə 1996-cı ildə ABŞ dövlət katibinin müavini Strob Talbottun ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Sandi Berger ilə yazışması qeyd olunub:“Ter-Petrosyan bildirir ki, Dağlıq Qarabağ məsələsində 90% uğur qazana bilərik, qalan 10% üçün isə vasitəçilər lazımdır. Birinci ATƏT-in Minsq Qrupu, ikinci ABŞ, üçüncü isə Rusiya. Daha bir variant var – Azərbaycan Respublikasının dövlət müşaviri Vəfa Quluzadə ilə birbaşa dialoq. Ermənistan Prezidentinin sözlərinə görə, burada söhbət ərazi bütövlüyü və Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmaqdan gedir. Ter-Petrosyan eyni zamanda deyir ki, vasitəçilər Dağlıq Qarabağın təhlükəsizliyi ilə bağlı təminat məsələsini həll etməlidirlər. Onun sözlərinə görə, Qarabağ Ermənistanla əlaqədə olmalıdır. Bu, həm də hərbi-təhlükəsiz dəhliz olmalıdır”.
Əlavə edək ki, Levon Ter-Petrosyan məhz bu mövqeyinə görə 1998-ci ildə Moskvanın “dobrosu” və Qarabağ klanının əli ilə hakimiyyətdən devrilib. Devrilmək ərəfəsində verdiyi müsahibələrin birində isə o demişdi ki, “əgər bu gün Ermənistana təklif ediləni götürməsək, zaman gələcək yalvaracağıq. Çünki Azərbaycan güclənəcək”.
Artıq həmin dövr başlayıb. Bunu Ter-Petrosyanın müridi olmuş Nikol Paşinyan da tezliklə anlayacaq…
Alət çubuğuna keç