Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərdə 86 saylı İsmayıllı seçki dairəsində deputatlığa qeydə alınmış namizədlər tərəfindən

09 Fevral 2020-ci il tarixdə keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərdə 86 saylı İsmayıllı seçki dairəsində deputatlığa qeydə alınmış namizədlər tərəfindən

B Ə Y A N A T

Biz, aşağıda imza edən deputatlığı qeydə alınmış namizədlər hesab edirik ki, 09 Fevral 2020-ci il tarixdə keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər zamanı bizim Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinin 1-ci bəndində insan haqqları haqqında bəyənnamənin 21-ci maddəsinin birinci bəndində və Avropa İnsan Hüquqları və əsas azadlıqları haqqında konvensiyanın 1 saylı protokolunu 3-cü maddəsində təsbit edilmiş hüquqlarımız pozulmuşdur. Həmçinin seçki prosesi zamanı Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddənin 1-ci bəndi də pozulmuşdur.

​Həmçinin bildirmək istəyirik ki, İsmayıllı 86 saylı seçki dairəsində 9 fevral 2020-ci il tarixində keçirilmiş parlament seçkilərində çox mərhələli saxtakarlıq həyata keçirilmişdir. Burada həm seçki qabağı təşviqat, həmçinin seçki prosesində qanun pozuntularına yol verilmişdir.

​1) Seçki qabağı təşviqat çərçivəsində yerli icra hakimiyyəti və digər dövlət qurumları tərəfindən dövlət resurslarından Novruzəli Aslanovun xeyrinə istifadə edilmişdir;
​2) Seçki günü dövlətə məxsus avtomobillərlə Novruzəli Aslanova səs vermək üçün seçicilər zorla məntəqələrə gətirilmişdir;
​3) Saxtakarlıq üçün səyyar seçki qutularından istifadə edilmişdir. Vətəndaşların ünvanlarına təyin edilmiş bülletenlərdən çox aparılmış və qutulara əlavə edilmişdir;
​4) Bülletenlər sayılarkən bəzi namizədlərin səsləri Novruzəli Aslanovun və tərəfdarlarının adına hesablanmış, günün sonunda bülleteni yoxlamaq üçün müşahidəçilərə imkan yaradılmamışdır;
​5) Seçki gününün sonunda məntəqələrdə namizədlərin müşahidəçilərinə elan olunan nəticələr ertəsi gün 10 fevral tarixində, dəyişdirilərək təqdim edilmişdir.

​86 saylı seçki dairəsində nəticələrin ləğv edilməsinə digər səbəblərdən biridə, həmin məntəqədə seçici aktivliyinin aşağı olmasıdır. Burada həm seçkilərdə iştirak edənlərin ümumi sayı, həmçinin Novruzəli Aslanovun xeyrinə olan səslər iki dəfədən çox artırılmışdır. Belə ki, kəskin pisləşmiş hava şəraiti səbəbindən rayon mərkəzində və kəndlərdə məntəqələrə gələn seçicilərin orta sayı 18-20%-dan çox olmamışdır;

​Göründüyü kimi, 86 saylı seçki dairəsində keçirilən seçkilərdə ənənəvi saxtakarlıq üsulları ilə yanaşı tam yeni, əvvəllər istifadə olunmayan saxtakarlıq metodları tətbiq edilmişdir. Belə ki, bir namizədin adına olan səslər hesablanma zamanı digər namizədə sayılmışdır. Bu cür faktlar aşkar edilsə də onu yoxlamaq üçün müşahidəçilərə və hətta komissiyanın üzvlərinə imkan yaradılmamışdır.

Bununla da biz 09 Fevral 2020-ci il tarixdə keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər zamanı tərəfimizdən səlahiyyətli nümayəndə vəkil edilmiş şəxs və müşahidəçilərimiz seçki komissiyaları tərəfindən seçkilərin keçirilməsi və səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı qeydə aldığı yüzlərlə akt və videogürüntülər- bura “karusel”, bülletenlərin topa sayda atılması, müşahidəçilərə lazımi şəraitin yaradılmaması, seçki prosesi zamanı onlara təzyiq olunması, bülleten çatışmamazlığı, əvvəldən qeyd olunmuş hazır bülletenlər kimi onlarla fakt seçki məcəlləsində ciddi pozuntularının olmasını sübut edir. Bu faktları nəzərə alaraq keçirilmiş seçkinin rəsmi nəticələrini tanımadığımızı bəyan edir, 86 saylı İsmayıllı seçki dairəsi üzrə səsvermənin nəticəsinin etibarsız hesab edilməsini və təkrar seçkilərin keçirilməsini tələb edirik.

İmza:
1. Abdullazadə Vüsal
2. Ağayev Famil
3. Bəşirov Fuad
4. Carullayeva Dünyaxanım
5. Məhərrəmov Natiq
6. Qardaşov Zaur

Tarix: 14 fevral 2020-ci il

Alət çubuğuna keç