“Regionda Bakını əvəz edəcək ikinci bir paytaxt yoxdur” – GƏLİŞMƏ

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Tod Uolters arasındakı görüşün Bakıda keçirilməsi planlaşdırılır.

“Çox güman ki, 6-7 fevralda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Tod Uoltersin görüşü planlaşdırılır. Gündəm yalnız tərəflərə məlumdur. Bakı ənənəvi görüş yeri sayılır”, – mənbə bildirib.

Görüşün detalları açıqlanmasa da, görüşdə cari il üçün Rusiya və NATO ölkələrində hazırlanan hərbi təlimlər, eləcə də Suriya və Əfqanıstandakı vəziyyətə dair məsələlərin müzakirəsi gözlənilir.

Qeyd edək ki, Bakıda Valeri Gerasimovla Tod Uoltersun sonuncu görüşü 10 iyul 2019-cu ildə baş tutub.

Ekspertlər belə görüşlərin Bakı üçün əhəmiyyətinin böyük olduğunu bildirirlər. Eyni zamanda növbəti görüş üçün yenə də məkan olaraq Azərbaycanın seçilməsinin təsadüfi olmadığı vurğulanır.

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a açıqlamasında həm Rusiyanın, həm də NATO-nun görüşlərin Bakıda keçirilməsindən məmnun olduqlarını bildirdi: “Bakı onsuz da beynəlxalq tədbirlərin keçirildiyi mühüm mərkəzlərdən birinə çevrilib. Cenevrə, Paris kimi şəhərlər sırasında dayanır. Çox önəmli tədbirlərin paytaxtımızda keçirilməsi Bakını beynəlxalq danışıqların mühüm mərkəzinə çevirib. Bunun əsas səbəblərindən biri həm Bakının uyğun infrastruktura, təhlükəsizlik atributlarına malik olması ilə bağlıdır, həm də Azərbaycan xalqının tolerantlığı, qonaqpərvərliyi ilə qırılmaz surətdə əlaqədardır. Generalların Bakı görüşündən hər iki dövlət məmnunluq duyur, yəni həm Rusiya, həm də ABŞ. Bu görüşlərin Bakıda keçirilməsi Azərbaycan üçün çox mühüm əhəmiyyətə malikdir. Bu o deməkdir ki, Azərbaycan dünyanın ən təhlükəsiz və sabitliyin bərqərar olduğu bir bölgədir. Bundan başqa Bakı bu cür tədbirlərin həyata keçirilməsi üçün uyğun hotellərə, görüş yerlərinə malikdir. Ən başlıcası isə görüşün məxfiliyini təmin edən mühüm göstəricilərə malikdir. Görüşün bu dəfə də Bakıya salınması dediklərimin təsdiqidir. Hər iki ölkə əvvəlki görüşlərin keçirilməsi səviyyəsindən razı qalıb ki, bu görüşün də Bakıda keçirilməsinə mühüm əhəmiyyət veriblər. Digər tərəfdən, Bakının geopolitik üstünlüklərinin olduğunu da unutmamalıyıq. Azərbaycan iki materikin, yəni Avropa və Asiyanın kəsişməsində çox mühüm bir məntəqədir. Bakıdan böyük aviasiya xətləri, dəmiryolları və quru yolları qovşağı keçir. Regionda Bakını əvəz edəcək ikinci bir paytaxt yoxdur. Paytaxtımızın göstəriciləri beynəlxalq standartlara tam cavab verir. Bu nöqteyi-nəzərdən görüşün burada keçirilməsini həm alqışlayırıq, həm də bundan məmnunluq duyuruq”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu generalların bu görüşlərinin tarixə Bakı prosesi kimi düşə biləcəyindən söz açdı: “Bu artıq neçənci görüşdür ki, Bakıda keçirilir. İldə ən azı bir və ya iki görüş baş tutur. Azərbaycan üçün bu görüşlər olduqca əhəmiyyətlidir. Çünki Rusiya ilə NATO arasında münasibətlər soyuqdur. Gürcüstan 2008-ci il müharibəsi, Ukrayna ilə 2014-cü il savaşı, Krımın ilhaqı, Donbasdakı separatçılara dəstək istər-istəməz Rusiya ilə NATO-nun münasibətlərini gərginləşdirib. Belə bir ərəfədə hər iki qüvvənin dialoqa ehtiyacı var. Dialoq üçün onlara elə bir məkan seçilməlidir ki, hər iki tərəflə bərabər məsafədə olsun. Düzdür, Azərbaycanın Rusiya ilə yaxın əlaqələri mövcuddur, iqtisadi əlaqələr inkişaf edib. Amma hər halda, biz Ermənistan kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyilik. NATO ilə də münasibətlərimiz yaxşıdır. Lakin NATO-ya üzvlüyü hədəf qoymamışıq. Bu baxımdan hər ikisi ilə eyni məsafədə dayandığımızı deyə bilərik. Ona görə düşünürəm ki, tərəflər görüş yeri kimi nə Ermənistanı, nə də Gürcüstanı seçə bilərdilər. Münasib yer kimi Azərbaycan ola bilərdi. Düzdür, bu görüşlərdə bir çox məsələlər həll olunmur. Amma dialoq mühiti var. Əgər dialoqlar Bakıda davam edirsə, demək, hər iki tərəf bunda maraqlıdır. Ola bilsin ki, hansısa detalları tərəflər Bakıda razılaşdırırlar. Bu Rusiya ilə NATO arasında dialoqun davamına da çox münbit şərait yaradır. Düşünürəm ki, gələcəkdə dialoq daha da genişlənərsə, bu görüşlər Bakı prosesi kimi tarixə düşə bilər”.

Alət çubuğuna keç