Keçmiş rəis Cahangir Hacıyevin zona gətirtdiyi inventarı “xırıd eləyib?” – İTTİHAM

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyindəki cəzaçəkmə müəssisələrində yaradılacaq seçki məntəqələrində səsvermə prosesinin şəffaf və ədalətli qaydada keçirilməsi üçün hazırlıq işləri görülür. 13 saylı CÇM-də də səsvermə hüququ olan məhkumların aşkar və demokratik şəraitdə istədikləri namizədə səs vermələri üçün hər cür imkan yaradılacaq, məhkumlar da bu prosesdə mütəşəkkil qaydada, ruh yüksəkliyi ilə iştirak edəcəklər. Bəri başdan belə qənaətə gəlməyə səbəb isə sözügedən müəssisənin rəisi ədliyyə mayoru Çingiz Yunusovun CÇM-də demokratiyaya qarant durmasıdır.
13 saylı CÇM-də məhkumluq həyatı yaşayan həmkarımız Arzu Orucov redaksiyamıza məlumat göndərib ki, cənab Çingiz Yunusov keçən il müəssisəyə rəhbər vəzifəyə təyinat alandan ötən aylar ərzində burada xeyli müsbət dəyişikliklər baş verib, demək olar ki, ciddi dönüş yaranıb. Belə ki, yataqxana, ailəvi görüş otaqları, məhkumlarla tərbiyəvi söhbətlərin aparıldığı klub tamamilə təmir olunub, kitabxana bərpa edilib. Zona ərazisində abadlıq işləri görülüb, bağ salınıb, ağaclar əkilib. Cəzaların icrası zamanı məhkumlara dair Azərbaycan Respublikasının , Cinayət-Prosessual məcəllələri və digər qanunvericilik aktları ilə müəyyən edilmişlərdən artıq məhdudlaşdırmalar tətbiq edilmir və istisnalarla onların Azərbaycan Respublikası vətəndaşlarına mənsub olan hüquq və azadlıqlarına təminat verilir. Məhkumların təklif, ərizə və şikayətlərinə qanunvericiliklə müəyyən edilmiş müddətdə baxılır və nəticəsi barədə məhkuma yazılı məlumat verilir.
Məhkum jurnalist həmçinin xatırlatmışdır ki, müəssisənin sabiq rəisi Azər Hacıyevin vaxtında CÇM – də korrupsiyanın baş alıb getdiyi kimi, infrastruktur da bərbad vəziyyətdə idi: “Azər Hacıyevin rəhbərlik etdiyi dönəmdə məhkumların və onların yaxınlarının rəisin və digər məmurların qeyri-qanuni tələblərinə boyun əymələri üçün hər vasitəyə əl atılırdı, məhbuslar incidilir, onların telefon danışıqlarına, qohumları ilə görüşlərinə əsassız məhdudiyyətlər qoyulur, süni maneələr yaradılırdı. Köhnə rəis hətta burada cəza çəkən, hazırda istintaqın yenilənməsi ilə əlaqədar Kürdəxanıda təcridxanada olan Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin cəzaçəkmə müəssisəsinin təmiri üçün gətizdirdiyi materialları, inventar və avadanlıqları da aparıb öz şəxsi məqsədləri üçün xərcləyib”.
Arzu Orucov rəis Çingiz Yunusovla yanaşı, tərbiyə işləri üzrə rəis müavini ədliyyə mayoru Eyvaz Əhmədbəyovun, rejim işləri üzrə rəis müavini kapitan Elnur Hüseynovun da adlarını çəkdi, fəaliyyətlərinin razılıq doğurduğunu bildirdi: “Tanıdığım bütün məhkumlar və yaxınları onların fəaliyyətindən çox razıdırlar və hörmətli Ədliyyə naziri cənab Fikrət Məmmədova, Penitensiar Xidmətin rəisi cənab Ceyhun Həsənova minnətdarlıq edirlər ki, bizə qayğılı və sayğılı rəftar göstərən, hüquqlarımıza hörmətlə yanaşan, qanuni mənafeyimizi qoruyan, fəaliyyətləri həqiqətən də məhkumları islah etmək olan bu peşəkar kadrları 13 saylı cəzaçəkmə müəssisəsinə rəhbər vəzifələrə təyin ediblər”.
Cəzaçəkmə müəssisələri nə qədər qapalı qurumlar olsalar da, onların vəzifəli şəxsləri öz fəaliyyətlərində qanunçuluq, humanizm, demokratizm, məhkumların və barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilən hüquqi şəxslərin qanun qarşısında bərabərliyi, cəzaların icrasının fərdiləşdirilməsi, məcburetmə tədbirlərindən və məhkumların islah edilmə vasitələrindən məqsədəuyğun istifadə edilməsi, onlarda qanuna itaətin həvəsləndirilməsi və cəzanın islahedici təsirinin artırılması prinsiplərinə əsaslanırlarsa, alqışlanmağa, o cümlədən KİV-də təqdir edilməyə layiqdirlər.
 //deryaz.az//

Alət çubuğuna keç