“Heç bir dövlət Azərbaycana təzyiq göstərə bilməz” – Adil Əliyev

Bir neçə gün öncə rəsmi Moskvanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü olub, hər iki tərəfin razılığı əsasında humanitar atəşkəs elan edilib. Ermənistan humanitar atəşkəsin şərtlərinə heç bir gün də əməl etməyib, işğalçı ölkə üzərinə götürdüyü öhdəliyi kobudcasına pozub və təmas xəttindən kənarda olan Azərbaycanın ikinci böyük şəhəri Gəncənin dinc əhalisi raket zərbələrinə məruz qalıb.

Bunu Milli Məclisin sədr müavini Adil Əliyev deyib.

O bildirib ki, eyni zamanda, Cənubi Qafqazın ən böyük su-elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhəri, eləcə də Goranboy, Ağcabədi, Tərtər, Bərdə rayonları intensiv olaraq atəşə tutulub:

“Daha əvvəl Xocalı soyqırımını törətmiş faşist Ermənistan mülki əhaliyə qarşı silahı yalnız bu gün işlətmir. Mənfur xislətli qonşularımız 30 ilə yaxındır ki, hər zaman bölgələrimizdə mülki əhalini hədəfə alır, fasiləsiz olaraq qətllər törədir. Ermənistanın cəbhə xətti ilə əlaqəsi olmayan ərazilərə raket zərbələri endirməsinin, mülki əhalini hədəf almasının yeganə səbəbi ölkəmizi əks-hücuma təhrik etməkdir. İstəyirlər biz də Ermənistanın digər şəhər və rayonlarını vuraq, bununla da üzv olduqları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını və digər dövlətləri müharibəyə cəlb etsinlər.

Baxmayaraq ki, artıq KTMT-yə üzv olan dövlətlər çoxdan Ermənistandan üz çevirib. Bu ilin iyul ayında da törətdikləri təxribatla əlaqədar olaraq KTMT-yə müraciət edib kömək istəmişdilər. Qurum heç Ermənistanın müraciətini nəzərə alaraq görüş belə təşkil etmədi, əksinə üzv dövlətlərdən bəziləri Azərbaycanla həmrəy olduğunu dilə gətirdilər”.

Sədr müavini əlavə edib ki, bu gün artıq dünyanın bir çox dövlətlərı Azərbaycanın haqq mübarizəsini, öz müqəddəs torpaqları uğrunda savaş apardığını görür, bilir və buna görə də bizi daha yaxından dəstəkləyir, xeyrimizə bəyanatlar qəbul edirlər, xüsusilə də, dünyanın lider dövlətlərindən biri, ölkəmizlə köklü tarixi bağlılığı olan dost və qardaş Türkiyə Cümhuriyyəti bu proseslərdə əsl qardaşlıq örnəyi ortaya qoydu:

“Münaqişənin ilkin vaxtlarından dəstəyini əsirgəməyən Pakistan və Ukrayna dövlətlərinin ədalətli mövqeyi də bizim üçün olduqca vacibdir. Hazırda dünyanın bizim haqq işimizə bu səviyyədə dəstək olmasının səbəbi yalnız Azərbaycanın qüdrətli və regionda lider dövlət olması deyil, eyni zamanda ölkəmizin dürüst şəkildə yürütdüyü xarici siyasətin bariz nəticəsidir.

Biz münaqişənin sülh yolu ilə həll edilməsini uzun illər boyu gözlədik. Hər bir halda sülhün tərəfində olduğumuzu göstərdik. Bu gün bir daha qeyd edirik ki, münaqişənin diplomatik həll yoluna, beynəlxalq hüquq normalarına üstünlük veririk”.

Adil Əliyev qeyd edib ki, bu gün heç bir dövlət və ya beynəlxalq təşkilat haqq mübarizəsini dayandırması ilə bağlı Azərbaycana ciddi təzyiq edə bilməz, buna haqları yoxdur:

“Münaqişənin nizama salınması məqsədilə mandat almış ATƏT-in Minsk qrupunun həmsədrləri 28 ildir faktiki olaraq heç bir iş görməyiblər. Qəbul etdikləri bəyanatlarda ölkəmizin ərazi bütövlüyünü tanısalar da, Ermənistana həmin ərazilərdə işğala son qoyması ilə bağlı təsir göstərməyi bacarmayıblar. ATƏT-in Minsk qrupu bu 28 ildə ortaya bir iş qoya bilməyibsə, deməli artıq tərkibi dəyişməlidir, Habelə, Minsk qrupunda təmsil olunan ölkələrdən hər hansı biri Ermənistanın mövqeyini müdafiə edirsə, deməli Azərbaycanın layiqli tərəfdaşı olan Türkiyə də o qrupda yer almalıdır”.

Alət çubuğuna keç