Goranboy hərbi komissarlığı xəstəni hərbiyə yollamaq istəyir? – GİLEY

Goranboyun Xan Qərvənd kəndinin 39 yaşlı sakini Şəfa Sadıqovanın şikayəti var. Deyir, oğlu Ayxan Sadıqov hərbi xidmətə yararsız olsa da, israrla çağırılır. Vəziyyəti göz önündə olsa belə, məhəl qoyulmur: “Yeriyə bilmir. 3 il əvvəl fəhlə işləyirdi. Ağır yük qaldırıb. Elə həmin vaxtdan belindəki fəqərələrdən biri sürüşüb, yerində protuziya yaranıb. Bu da belinə vurub. Nəticədə ayaqları tutulub”.

Rubrika.Az-ın dia.az-a istinadən məlumatına görə, ana deyir ki, ilk vaxtlar ümumiyyətlə, yataq xəstəsi olub. İndi müalicələr, fizioterapiyalar nəticəsində az da olsa ayağa qalxa bilib. Amma yenə də çox çətinliklə yeriyir: “Yəni şükr edirik ki, ayağa qalxdı, özünü təmin edir. Amma əsgərliyə gedə biləcək vəziyyətdə deyil. Məsələn, hələ də corabını geyinə bilmir. Tam əyilib görməli işləri özü görmür. Mən əyilib corabını geyindirir, dırnağını tuturam. Ancaq bunu bizim hərbi xidmətə çağırış komissiyasına izah edə bilmirəm. Həkimdən sənəd, uşağın özünün göz önündə olan vəziyyəti onları qane etmir. Nəsə umurlar, o nəsə də məndə yoxdur”.

Şəfa Sadıqova Naftalandakı müalicə mərkəzlərinin birində xadimə işləyir. Həyat yoldaşı illər öncə vəfat edib. Qızı və oğlunu tək böyüdüb. Evdə tək işləyən özüdür. Bununla da ailəsinin gündəlik xərclərini və oğlunun müalicəsini güclə çatdırır: “Fəqərə sürüşməsi sinirini də zədələyib. Ona görə də müalicələr çox effekt vermir. Təsəvvür edin ki, illərdir işləyə də bilmir. Ayağının ağrısından güclə yeriyir. Çəkə-çəkə birtəhər, çətinliklə. Əl çəkmirlər, izah edə bilmirik ki, bu uşaq xəstədir, yararsızdır. Bakıya getdik, orda müayinə edildi. Orda da hörmət gözlədilər, vermədik. Yazdılar əsgərliyə yararlıdır. İnanın, bu uşaq şalvarını özü geyinə bilmir, əyilə bilmir. Corabını da mən geyindirirəm. Necə səgərliyə gedəcək. Onda gərək mən də yanında gedəm”.

Ana deyir ki, yararlı olsa, bir sözü yoxdur, getsin. Hətta deyir ki, hökumət müalicəsini birdəfəlik həll etsin və hara istəyir aparsın. Onun imkanı buna çatır: “Dövlət əməliyyat etdirsin, sağaltsın, sonra da əsgərliyə aparsın. Mən buna da razıyam. İndiki halda vallah da, billah da yararlı deyil. Hələ axırıncı analizlərdə qanında güclü iltihablaşma da çıxdı. İnanın işlədiyim, qazandığım hamısı onun iynə-dərmanına gedir. Evdə böyük bir çamadan resept, müalicə, müayinə, testlərdir”.

Şəfa Sadıqova deyir ki, bu yaxınlarda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy Rayon Şöbəsi bir də oğlunu çağırıb. Taksiyə güclə mindirib göndəriblər: “Ağrıkəsici vurdurmasaq durub yeriyə bilmir. Əsgərliyə gedən uzanmayacaq də, qaçmalıdır, idman etməlidir. Bu, onları yerinə yetirə bilməsə, necə olacaq? Əməliyyatla bağlı da konkret nəsə demirlər. Səfərbərlikdən deyiblər ki, müvəqqəti möhlət veririk, yenə komissiyadan keçməlisən. Nə qədər komissiyadan keçmək olar? Ağrıkəsici atmaqdan mədəsi də xəstə düşüb. Yediyini də qaytarır. Belə çıxır ki, atası yoxdur deyə uşağımı kiminsə yerinə aparacaqlar.

Alət çubuğuna keç