Ermənistanı “qaynar qış” və… vətəndaş müharibəsi gözləyir – GƏLİŞMƏ

Ermənistanın “sorosçu” baç naziri Nikol Paçinyan istefa verməyə hazırlaşmır. Dünən o, bir daha bunu bəyan edib. Öz vəzifəsindən yalnız bir halda imtina edəcəyini deyib – əgər xalq istəsə. 44 günlük müharibədən kapitulyasiya ilə, böyük maddi və canlı itkilərlə çıxan erməni xalq isə bu dəqiqə öz hayındadır. Ona görə ki, sərt və çətin qış artıq qapını kəsdirib. Yerli iqtisadçılar ərzaq, taxıl qıtlığı barədə xəbərdarlıq edirlər.

Eyni zamanda bu, Ermənistan üçün siyasi anlamda “ən qaynar” qış olacaq. Məsələ ondadır ki, Ermənistanda Paşinyana qarşı etirazlar ikinci aya keçsə də, müxalifət hələ də onun əleyhinə genişmiqyaslı, sanballı müqavimət cəbhəsi və ya hərəkatı təşkil edə bilməyib. Belə görünür ki, narazı əhali hazırkı baş nazirə hələlik real alternativ də görmür. Yaxud onun kreslosuna göz dikənlərə, o sırada 17 müxalif partiyanın “vahid namizədi” kimi irəli sürülən eks-baş nazir Vazgen Manukyana etibar etmir, onun personasına şübhələr var.

*****

Siyasi analitiklərin fikrincə, Nikol Paşinyana öz postunda qalmağa yardımçı olan mühüm səbəblərdən biri də onun Rusiya və Qərbi hələ ki qane etməsidir. Rusiyaya sərfəli məqamlarla bağlı yazmışıq. Xüsusən də üçtərəfli sənədin müddəaları ilə bağlı Kremlin Paşinyanla işləməkdə hələ ki maraqlı olduğu sirr deyil.

İkinci yandan, müharibədəki kapitulyasiyadan sonra Ermənistan indi heç vaxt olmadığı qədər Rusiyadan asılı duruma düşüb. Üstəgəl, vurğulandığı kimi, sərt qışın daha da ağırlaşdıracağı iqtisadi və dolanışıq problemləri İrəvanı ən əvvəl Moskvadan imdad diıməyə vadar edir. Zəruri tədbirlər görülməzsə, Ermənistan və əhalisi bu qışdan, sadəcə, çıxmaya da bilər. Belə vəziyyətdə hakimiyyət dəyişikliyinə lüzum qalmır.

Öz növbəsində Qərb, özəlliklə də postsovet məkanında ən böyük səfirliyi İrəvanda olan ABŞ, Soros Fondu da görünür ki, ona alternativ tapmayıb. Yeri gəlmişkən, yayılan məlumatlara görə, Nikol Paşinyan 10 noyabr kapitulyasiya aktını imzaladıqdan sonra etirazçıların qəzəbindən qorunmaq üçün məhz Amerika səfirliyinə sığınıb. Bir neçə gün orada qalıb.

Ancaq artıq Paşinyanın, belə demək mümkünsə, narazı elektoratdan və onun başında gedən 17 partiyadan əvvəlki tək qorxusu yoxdur. Ona indi müxalifətin hətta terror hədələri və ultimatumları da təsir eləmir. Çünki “sorosçu” baş nazir istefa üçün küçələrə yetərli sayda narazı əhalinin çıxmadığını görür. Gerçək belıdir ki, indiki narazıların sayı 2018-ci ilin yazında, “məxməri inqilab” vaxtı Nikol Paşinyanın küçələrə çıxardığından dəfələrlə azdır.

*****

Paşinyanın son payızı: Ermənistanı çökdürən baş nazirin siyasi karyerası bitmək üzrədir

Düşmən ölkədə ikinci aydır hökm sürən və dərin ziddiyyətlərlə müşayiət olunan daxili ictimai-siyasi proseslərin kritik xarakterini, bütövlükdə əhalinin postmüharibə ovqatını erməni mediasında gedən yazılardan aydın görmək mümkündür.

“Hazırda hər yerindən duran hakimiyyətə can atır. Onlar yalnız ölkədaxili siyasi həyatı laxladır, qardaşı qardaşa, atanı oğula qarşı qaldırırlar. Lakin ölkəni bərpa etmək üçün təsirli bir mexanizm təklif etmirlər. Əsas məqsəd – Nikolanı devirmək və ölkəni özləri idarə etməkdir. Xalq onların vecində də deyil”.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə təhlilçi Tevos Arşakyanın Armrenianreport.com-dakı məqaləsində deyilir.

“Baxın, bu gün Paşinyanın istefasını tələb edənlərin hamısı yekdilliklə Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş nazirinin 10 noyabrda imzaladıqları üçtərəfli bəyanatı təftiş və ya ləğv etməyəcəklərini bəyan edirlər. Onlar bunun Putini qəzəbləndirəcəyini yaxşı başa düşürlər. Elə isə niyə baş nazir dəyişməlidir?”, – deyə müəllif sual edib

O, yaranmış vəziyyətdən yalnız bir çıxış yolu görür: “Növbədənkənar parlament seçkiləri. Əgər Nikol qalib gəlsə, yaxşı, qoy bişirdiyi ”kaşa”nı özü yeyib boğmalansın. Seçkini Vazgen Manukyan qazansa – yenə olsun. Nə etmək olar, xalqın iradəsinə nə deyə bilərik ki. Ancaq bu, keçmişə qayıtmaq istəyənlərin iradəsi olacaq. Yeri gəlmişkən, heç də yaxşı olmayan bir keçmişə”.

Lakin erməni siyasi texnoloq, ölkədəki vəziyyəti böhranlı hesab edən Arutyun Mesrobyan Manukyanın baş nazir postuna namizədliyini yüksək qiymətləndirir və keçid dövrü üçün Manukyanın səlahiyyət müddətini hətta 1 ildən 5 ilə qaldırmağı təklif edir: “Çünki 1 il sonra partiyalar arasında çəkişmələr labüd şəkil alacaq. Bu keçid hökuməti ən azı, 5 il ərzində parlament idarəetmə sistemindən prezident sisteminə qayıdışı təmin etməlidir. Mövcud şəraitdə Ermənistan üzərində üstəlik, Türk təhdidi real olduğu üçün bütün yerli və dövlət səviyyəli seçkilər gündəmdən çıxarılmalıdır”.

Yəni Mesropyan əksinə, yaxın 5 ildə Ermənistanda böyük seçkiləri təxirə salmağa çağırır. Beləcə, Ermənistanda müharibədən sonrakı ölkənin gələcəyi ilə bağlı siyasi qütbləşmə və didişmələr dərinləşməkdədir. Hər halda, 17 partiyanın dəstəklədiyi V.Manukyanın öz xalqı yanında reputasiyası yaxşı deyil. Bütün bu siyasi çəkişmələr isə vətəndaş müharibəsinin xəbərçisi sayıla bilər…
“Yeni Müsavat”

Alət çubuğuna keç