“Ermənilər süni yaradılmış dövlətin vətəndaşları olduğu üçün orda heç bir zaman qüdrətli ölkə ola bilməz…”

“Oqtay Əliyevin təklifi çox bəyəniləsi bir ideyadır. Özü də bu bir növ praktikadan çıxmış bir ideyadır, yəni sovetlər dönəmində bundan istifadə olunub”.

Bunu Moderator.az-a açıqlamasında professor Şahlar Əsgərov deyib. Professor O.Əliyevin təklifini dəstəklədiyini və bunu hətta video-konfrans zamanı təhsil nazirinin də diqqətinə çatdırdığını bildirib:

“Oqtay Əliyevin təklifi çox bəyəniləsi bir ideyadır. Özü də bu bir növ praktikadan çıxmış ideyadır, yəni sovetlər dönəmində bundan istifadə olunub. O zaman Tələbə Gənclər Təşkilatı var idi, onlar ya quruculuq, ya da təsərrüfat işlərində dövlətə köməklik edirdilər. Həm də yay fəslini bir növ maraqlı keçirirdilər. Ona görə Oqtay bəyin təklifini mən də dəstəkləyirəm və belə maraqlı təkliflə çıxış etdiyi üçün ona təşəkkürümü bildirirəm. Əslində bu təklif bizim ictimai şurayla nazirin video-konfransında qaldırılıb. Sadəcə olaraq o konfransın materialları yayılmadı. Amma inanıram ki, Moderator.az-da bu təklif sürətlə yayılacaq”.

Professor bir çox tarixi məqamlara da toxunub:

“Bir şeyi də qeyd edim ki, Oqtay müəllim deyir ki, insanlar Kəlbəcərə gedib Zoddan Basarkeçərə baxacaqlar. Bu həqiqətən o həyati bir sözdür. Sizə bir əhvalatı xatırladım, çünki yeri düşdü. Bakı Dövlət Universitetinin Səfiyar Musayev adlı professoru var idi. Səfiyar müəllimlə günlərin birində Kəlbəcər işğal edildikdən sonra üz-üzə gəldik. O, mənə dedi ki, “Şahlar, bilirsən, atam Bəylər kişi mənə nə deyirdi? Kəlbəcər gedəndə Bəylər kişi dəsmal götürüb ağladı. Deyir ki, atama dedim ki, ay Bəylər kişi, heç Göyçə getdi ağlamadın, indi Kəlbəcər gedəndə niyə ağlayırsan? Dedi ki, Səfiyar, mən gedib Kəlbəcərdə dağa çıxıb Göyçəyə baxırdım. İndi Kəlbəcər də getdi, Göyçəyə hardan baxacam?”.

İkinci bir məqam isə ondan ibarətdir ki, bu məsələnin fəlsəfəsinə və gizli tərəfinə baxaq. Qarabağ prosesi bizim üçün 30 illik bir hadisədir. Amma tarixə baxsan bunun 300 illik tarixi var. Çünki Birinci Pyotrun bununla bağlı fərmanı var, orda yazır ki, “erməniləri Qarabağda yerləşdirib bir xristian dövləti yaradın. Həmin fərmanda yazır ki, Şimali Qafqazın xırda xalqlarını ordan rədd eləyin getsinlər. Min illər keçsə belə İstanbulu götürməyə çalışın”. Bu ideya 200 ildir ki, həyata keçirilir. O zamandan çoxlu erməniləri Qarabağa gətirdilər və orda bir erməni toplumu yaratdılar. Onlara hər bir şeydə kömək etdilər, azərbaycanlıların ən yaxşı torpaqlarında onları yerləşdirdilər. Qarabağın bəylərinin əlindən torpaqları alıb ermənilərə verdilər və “Qarabağın quru bəyləri” ifadəsi də ordan yarandı. Bununla da ermənilər bizim torpaqlarımızda dövlət qurdular.

Kedin adı israilli rusyönümlü bir siyasətçi var. Ona sual verdilər ki, niyə ermənilər yəhudilər kimi ola bilmədilər? Niyə İsrail kimi güclü dövlət qura bilmədilər? O, ordan-burdan danışmağa başladı, amma qətiyyən xoşuma gəlmədi. Ya bunu o, bilir demir, ya da ümumiyyətlə, bilmir. Çünki bu torpaq ermənilərin deyil axı, orda dövlət qursunlar. Amma İsrail torpağı israillilərin idi. Torpaq adama bu qüvvəti verir. Gürcülər də öz torpaqlarında öz dövlətlərini qurdular və bunu axıra kimi qoruyacaqlar. Amma ermənilər süni yaradılmış dövlətin vətəndaşları olduğu üçün orda heç bir zaman qüdrətli dövlət ola bilməz. Oqtay bəy də gözəl qeyd edir ki, ermənilər otuz il Şuşada oldular, heç olmasa bir mahnı qoşaydılar”.

Qeyd edək ki, prodüser Oqtay Əliyev Moderator.az-a müsahibəsində sovetlər dönəmindəki tələbə inşaat dəstələrini xatırladaraq işğaldan azad olunmuş rayonlarımızda da tələbə inşaat dəstələri yaradılmasını təklif edib, bunun gerçəkləşməsinin önəmini qabardıb:

“Çox istərdim ki, bu könüllü gənclər briqadası yaradılsın, onlar orada ən azından mədəniyyət evlərinin, kinoteatrların, əyləncə mərkəzlərinin tikilməsində, hazırlanmasında dövlətimizə təmənnasız olaraq kömək etsinlər. O torpaqların qısa zamanda abadlığa qovuşması üçün kimin əlindən nə gəlirsə əsirgəməməlidir”.

Alət çubuğuna keç