Eddi İsrafilov da Azərbaycana gəlməkdən imtina etdi

İspaniyanın “Albasete” klubunda çıxış edən Eddi İsrafilov Azərbaycan milli komandasının təlim-məşq toplanışında iştirak edə bilməyəcək.

Yenisabah.az AFFA-nın saytına istinadən xəbər verir ki, futbolçu millimizin baş məşqçisi Canni De Byaziyə müraciət edərək bildirib ki, hazırda İspaniyada koronavirus (COVID-19) pandemiyası ilə bağlı vəziyyət gərgin olduğu üçün ölkəni tərk etdikdən sonra geri qayıdarkən minimum iki dəfə müvafiq test verilməlidir, testlərin cavabının alınması isə qısamüddətli deyil.

Testlərin cavabını gözlədiyi müddətdə futbolçunun məşq etməsinə icazə verilməyəcək.

Eddi İsrafilovun qeyd olunan problemlə üzləşməməsi üçün Canni De Byazi onun millinin təlim-məşq toplanışında və UEFA Millətlər Liqası çərçivəsində Lüksemburq və Kipr millilərinə qarşı oyunlarda iştirak etməməsinə razılıq verib.

Qeyd edək ki, daha əvvəl millimizin Almaniyada oynayan futbolçusu Dmitri Nəzərov eyni səbəbdən Azərbaycana gəlmək istəməmişdi.

Alət çubuğuna keç