Düşmən xarici jurnalist və deputatları təhdid edir: – “Dünya iç üzlərini görür”

Niderland və Belçika Krallıqlarında yaşayan soydaşlarımız tarixi qələbəmiz və bundan sonra Azərbaycan diasporunun qarşısında duran vəzifələrlə bağlı virtual görüş təşkil edib. Görüşdə çıxış edən Niderland Parlamentinin deputatı Tunahan Kuzu qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib. Deputat diqqətə çatdırıb ki, Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyi üçün ermənilər onu təhdid etməyə başlayıblar: “Lakin mən öz mövqeyimdən əl çəkməyəcəyəm. Bütün beynəlxaq ictimaiyyətin bildiyi kimi Qarabağ Azərbaycandır, bu gün Azərbaycan bayrağının Şuşa şəhərində və Ermənistanın işğalından azad edilmiş digər torpaqlarında dalğalandırılması qürurvericidir”.

Baş verənlərə dair fikirlərini “Sherg.az”la bölüşən millət vəkili Ramil Həsən bildirib ki, ordumuzun uğurlu fəaliyyəti, tarixi torpaqlarımızı düşmən tapdağından azad etməsi erməniləri tamamilə qıcıqlandırıb. Ona görə də nifrət hissi ilə bütün imkanlardan yararlanaraq, dövlətimizin haqq səsini müdafiə edən insanları susdurmaq üçün hədə-qorxudan çəkinmirlər. Parlament üzvü bildirib ki, erməni vandalizminin bir istiqaməti də terror həyata keçirməkdir:

“Düşmən tarix boyu terrordan bir alət kimi istifadə edib. Bu, Osmanlı İmperiyası və Azərbaycan Xalq Cümhuriyyəti dövründə də belə idi. 1960 və 1980-ci illərin əvvəllərində ASALA teror təşkilatı vasitəsilə Avropa və Amerikada türk diplomatlarına qarşı terror aktları həyata keçirilib. Bütün bunlar ermənilərin mafia qanunları ilə hərəkət etdiklərini bir daha sübut edir”.

R.Həsən qeyd edib ki, ermənilərin niderlandlı millət vəkilini və erməni vandalizmi haqqında reportajlar yazan xarici jurnalistləri təhdid etmələri onların iç üzünü aydın şəkildə ortaya qoymaqdadır:

“Amma niderlandlı deputatının da dediyi kimi, ədalət üçün çalışan və haqqı müdafiə edən insan əsla qorxmamalıdır. Əminəm ki, haqq səsimizi müdafiə edən insanların qətiyyətli mövqeyi Ermənistan və onun havadarları olan cinayətkar birləşmələrini yerində otuzduracaq.

Ümumiyyətlə, Ermənistan aydın şəkildə dərk etməlidir ki, 21-ci əsrdə yaşayırıq. Hədə-qorxu gəlməklə beynəlxalq təşkilatların onları susdurması üçün imkan yaradırlar. Əminəm ki, birlik və bərabərliyimiz bizləri müdafiə edən insanları daha da cəsarətləndirəcək.

Onlar xarici vətəndaşlar olaraq daha ciddi-cəhdlərlə ölkəmizin haqq səsini dünyaya çatdıracaqlar. Müzəffər ordumuzun və Ali baş komandanımızın cəbhədə qazandığı uğurlar diplomatiya və media sahəsində bizə olan təzyiqlərin öhdəsindən uğurla gəlməyimiz imkan verir.

Eyni zamanda qardaş Türkiyə ilə birlik və bərabərlik mövqeyimizi də unutmalı deyilik. Çətin zamanımızda qardaş ölkə yanımızda oldu”.

Alət çubuğuna keç