Dövlətdən oğurlanmış pullar “mədəni oğlanlar”ın evindən çıxdı

DTX Mədəniyyət Nazirliyində həbslərə dair yeni məlumat və görüntülər yaydı; nazirliyin nəzdindəki idarələr həbsdəki sabiq nazir müavininə hər ay 60 min manat verib; təmirlərdən isə 150 min manat cibə qoyulurmuş; korrupsiya bütün nazirliyi “yeyirmiş”…

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsi Mədəniyyət Nazirliyində keçirilən əməliyyatla bağlı rəsmi məlumat yayıb.

Rubrika.Az-ın musavat.com-a istinadən xəbərinə görə, məlumatda deyilir: “Azərbaycan xalqının mədəni-tarixi irsi hesab edilən tarix-mədəniyyət abidələrinin mühafizəsi, bəzi vəzifəli şəxslərin öz maraqları naminə bu sahədə dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan hüquqazidd əməllərinin qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Aparılan araşdırmalarla, Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlunun vəzifə səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, vətəndaşların hüquqlarına mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələrinə dair məlumatlar əldə edilib. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2020-ci il mayın 8-də məhkəmənin qərarı əsasında Rafiq Bayramov və Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülmüşdür.

İstintaq araşdırmaları zamanı Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin Zakir Sultanov tərəfindən müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Davam edən cinayət işi üzrə mədəni irs hesab edilən xüsusi arxitektura-memarlıq üslubuna malik binalarda rekonstruksiya işlərinin aparılmasına maddi maraq müqabilində vəzifə səlahiyyətlərindən istifadə edərək razılıq verilməsi ilə bağlı əldə olunmuş məlumatlar araşdırılır.

Həmçinin araşdırmalar nəticəsində Rafiq Bayramov tərəfindən Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsilə rayonlarda fəaliyyət göstərən musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatlarının rəsmiləşdirilərək bunun müqabilində onların əmək haqlarından tutulan vəsaitlərin, habelə müxtəlif qanunsuz yollarla əldə edilən digər vəsaitlərin hər ay toplanaraq ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.

DTX Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatla bağlı məlumat …

Respublika ərazisindəki musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitabxanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin və sair mədəniyyət müəssisələrinin tikintisi, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsinin Rafiq Bayramov tərəfindən şəxsən və Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsilə müntəzəm olaraq nağdlaşdırılıb mənimsənildiyinə dair məlumatlar əldə edilib.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Hər iki şəxs Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə) maddələri ilə ittiham olunur. 308-ci maddə vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda, min manatdan iki min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinin 179-cu maddəsi (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) isə yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edək ki, Rafiq Bayramov uzun müddət Əbülfəs Qarayevin köməkçisi vəzifələrində çalışıb. 2006-2014-cü illər ərzində Mədəniyyət və Turizm Nazirliyində də nazirin köməkçisi vəzifəsində işləyib.

2014-cü ilin iyul ayından təyinatadək Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb. 27 iyun 2018-ci ildə mədəniyyət nazirinin müavini təyin olunub. Cəmi iki ildə nazirlikdə rüşvət piramidasının qollarından birinə çevrilməsi, əlbəttə ki, özfəaliyyət ola bilməz. Göründüyü kimi, onu Ə.Qarayevlə uzun illər birləşdirir və sübhəsiz ki, məhz onun dəstəyi ilə də nazir müavini postuna otura bilib. “Mədəniyyət Nazirliyinin tabeliyində olan 15 idarədən ümumilikdə hər ay 60 min manat pul yığılıb mənə verilirdi”.

Rafiq Bayramov aldığı rüşvəti etiraf edən zaman deyib. O qeyd edib ki, rayonlarda mədəniyyət binalarının cari təmir işlərinin aparılması üçün vəsaitlər nəzərdə tutulub: “Bütün rayonlar üzrə təmir işlərinə 1 milyon 500 min manat ayrılırdı. İl ərzində 40-45 müəssisə təmir edilirdi. İdarə rəisləri həmin vəsaitdən 10 faiz miqdarında nazirliyə verirdilər. Bu da 150 min manat demək idi. Bu pulları bəzi hallarda şirkət rəhbərləri, bəzən də idarə rəisləri mənə verirdilər”.

Zakir Sultanova gəlincə, o, Mədəniyyət Nazirliyinin həyata keçirdiyi tikinti işlərinə nəzarət edərkən dövlət büdcəsindən ayrılan vəsaiti mənimsəməkdə ittiham olunur. Məlumata görə, Zakir Sultanov bir sıra tikinti sifarişlərini yaxın adamlarına tapşıraraq onlardan rüşvət alıb. Zakir Sultanov topladığı pullarla özünə şəhərin bahalı ərazilərində kafe-barlar alıb. Özlərini “mədəni oğlan” kimi görən bu acgözlərin evindən çıxan oğurlanmış dövlət pullarını görəndə onlara nə ad verməyi oxucunun öhdəsinə buraxırıq…

Alət çubuğuna keç