Dilimizə kimlər “qəbir qazır”?

Hə, dilimizə “qəbir” qazanlar neçə illərdir ki, iş başındadırlar. Həm də hamının gözü qarşısında. Ona görə də, dilimizi qorumaq indiki zəmanədə çox, bizə lap çox lazımdır. Əcnəbi leksikonların və bisavad aparıcıların efirlərimizi başına götürüb getdiyi bu günlərdə dilimizin keşiyində durmaq, sözün əsl mənasında, düşmənlə üzbəüz səngərdə durmağa bərabərdir. Məntiqlə, bunun xalq üçün nə demək olduğunu anlayanlara böyük məsələdir dediklərim.
Dilimizi qorumaq deyəndə, həm Azərbaycan dilinin qrammatik qaydalarını, həm də öz dilimizi başımıza bəlalar açan sözlərdən qorumalıyıq. Hər iki mənada, dilimizə sahib olmaq hər şeydən önəmlidir bizim üçün. Həzrəti Əlinin “dilinizə, əlinizə və belinizə sahib çıxın” kəlamı indi lap aktualdır bizim üçün. Çünki biz yaşadığımız bu günlərdə nə dilimizə, nə də əlimizə sahib ola bilmirik. Dilimizə gələn min cür zərərli və mənaca əxlaqımıza, mənəvi dəyərlərimizə ziyan olan cümlələri ictimai müzakirələrdə belə dilə gətirməkdən çəkinmirik. Fikirlərimizi ata-baba kəlamlarımızla deyil, əcnəbi cümlələrlə anlatmağa çalışırıq. Sanki and içmişik ki, dilimizi bu şəkildə məhv edəcəyik!
Son bir neçə il ərzində payız göbələyi kimi artan yalançı, bisavad “fəlsəfə doktoru olan dilçi alimlərimizin” bu məsələdə günahı lap böyükdür. Dilimizi kor qoyanlara qarşı ilk səsini ucaltmalı olan bu “alimlər”, efirlərdə özləri dilimizə qənim kəsilənlərlə bir cəbhədə yer alırlar. Özlərinin savadsızlıqlarını gizlətmək üçün də, dilin müdaifəsinə qalxmaq əvəzinə, həmin qaragüruhçulara züy tutumaqla məşğul olurlar. Bu, olduqca ürəkağırıdıcı faktdır.
Bir də xalqın ədəbi dilinə və mənəvi dəyərlərinə qarşı amansız “efir terroru” aparan lazımsız TV-lərin də dilimizin aşağılanmasında “qəhrəmanlığı” böyükdür. Bisavad gözəlçələri və qulağı sırğalı, “incə-mincə” oğlancıqları efirlərə dolduran TV rəhbərləri, açıq şəkildə dil qrammatik qaydalarının milyonlarla tamaşaçının gözü qarşısında məhv edilməsinə “fitva” verirlər.
Təsəvvür edəndə ki, efir gözəlçələri milyonların gözləri qarşısında Azərbaycan qrammatik dil qaydalarını kabluk ayaqqabılarının altına salıb “əzik-üzük” edərək, məhəlli və ara sözlərlə ədəbi dilimizi tarixin məzarlığına gömməyə çalışırlar, bax, onda ayılırıq ki, dilimizi qorumaq səngərdə torpağımızı ermənidən qorumaqdan daha ağır və çətin işdir.
İtirilən torpağımızı, Lələtəpə zəfərində olduğu kimi, nə vaxtsa geri qaytarmağa ümidimiz olduqca böyükdür. Amma efirlərdə “şikəst” edilib, daha sonra tamamilə məhv edilən dilimizi heç bir silahla, top-tüfənglə belə geri qaytara bilməyəcəyik. Beynimizdən və dilimizdən silinən heç nə geri qayıtmır, qardaşlarım! Bu fakt, milyon dəfə etiraf olunub. Acı həqiqət budur. Xoşuna gəldisə də, gəlmədisə də.
Amma əsas məsələ, fərd olaraq, ağız boşluğumuzda yerləşən kiçik çəkili dilimizə sahiblənməkdən daha çox, xalq olaraq neçə on əsrlərdir ki, qoruyub bu günə çatdırdığımız Azərbaycan dilinin qorunması barəsindədir. Yüz illərdən üzübəri böyük bir xalqın tarixin ən ağır dönəmlərindən qoruyub bu günə çatdırdığı Azərbaycan dili, hazırda əcnəbi hərflərin, bisavad, gədə-güdə səviyyəli TV aparıcılarının işğalı altındadır. Açıq-aşkar İŞĞAL! Gəlin dilimizə sahib çıxaq. Bu gün dilimizə sahib çıxmasaq, sabah doğma dilimizi də çıraqla axtaracayıq. Çünki biz sahib olmadıqlarımızı tez itiririk. Necə ki, Topxana meşəsi məhv ediləndə Qarabağa sahib olmadığımız kimi!.

Mətləb Salahov

Bütün xəbərlə

Alət çubuğuna keç