Daha bir qazimiz köməksiz qalıb: – “Hazırda ağrıkəsici, morfinlərlə ayaqdayam”

Ölkəmiz 44 günlük Vətən müharibəsindən alnıaçıq çıxdı. Bizə qalib ölkə sevinci yaşadan əsgərlərimizi isə artıq yavaş-yavaş tanımağa başlayırıq. Kimisi şəhid olaraq ən böyük zirvəyə qalxdı, kimisi isə qazi olaraq qalib əsgər kimi evinə döndü.

Lakin yaralanmış qazilərimizin bəzilərinin köməyə ehtiyacı olması ilə bağlı son günlər sosial şəbəkələrdə videolara rast gəlməyə başlamışıq. Təəssüf ki, qazilərimizin bəziləri maddi çətinlik yaşadığı üçün özlərini müəalicə etdirə bilməyib, vətəndaşlardan yardım istəyirlər. Bu isə haqlı olaraq insanlarımızı məyus edir. Sağlamlığını Vətən uğrunda itirən əsgərimiz qapı-qapı düşərək heç kimdən yardım istəməməlidir.

Ötən gün sosial şəbəkədə daha bir yaralı qazimizin köməyə ehtiyacı olması ilə bağlı video yayılıb. Artıq bu, neçənci belə videodur ki, İkinci Qarabağ döyüşlərində iştirak edib yaralanmış qazilərimizin köməksiz qaldığını görürük.

“MediaPost” xəbər verir ki, sözügedən videodakı qazimiz Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

“Bizim Vətən borcumuzudur. Bu borcu canla-başla yerinə yetirməyə indi də hazıram. Xahiş edirəm, kömək edə bilən insanlar kömək etsinlər. Mənim elə imkanım yoxdur ki, özümü müalicə etdirim. Böyrəklərimdə kəskin ağrılar var, çirk gəlir, ağciyərlərimdə pnevmoniya var. Şuşada gedən döyüşlərdə yaralanmışam. İki snayper gülləsi dəyib. Ayağım sınıb, güllə qolumdan dəyib, əllərim işləmir. Şəmkir hospitalından 60 günlük məzuniyyətlə evə göndəriblər. Hazırda ağrıkəsici, morfinlərlə ayaqdayam. İmkanlı insanlar, dövlət dəstək versin bu ağrı acıdan qurtulum. Torpaqlarımız uğrunda döyüşməkdən qürur duyuram, bu halımdan da narazı deyiləm. Mənə lazımdır ki, bu ağrılardan qurtulum, ayağa qalxım” – deyə qazimiz vətəndaşlara müraciə edir.

Qeyd edək ki, videoda qazimizin adı və yaşadığı yer qeyd olunmadığı üçün onun haqqında çox məlumata sahib deyilik. Lakin ümid edirik ki, müvafiq qurumlar video vasitəsilə əsaslı məlumatlar əldə edəcək və müharibə iştirakçısı olmuş qəhrəmanımıza yardımını əsirgəməyəcək.

 

 

Alət çubuğuna keç