CAVİD QURBANOVUN “QATAR”I YOLDA QALACAQ: DÖVLƏT DƏMİR YOLLARINDA “TƏMİZLƏMƏ” NƏ VƏD EDİR?

Dəfələrlə barəsində ciddi tənqidlər səsləndirilən millət vəkili, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Cavid Qurbanova qarşı yenidən kəskin iradlar var.

Bildirilir ki, fəaliyyəti nöqsan və iradlarla yadda qalan Cavid Qurbanov rəhbəri olduğu qurumun iş strategiyası və idarəetməsini sadəcə olaraq “Azərbaycan Dəmir Yolları”nı “yola vermək”lə qurub. Zaman-zaman çıxış və açıqlamalarında sərnişinlərə göstərilən xidmət səviyyəsinin yaxşılaşdırıldığını, gediş haqlarının tənzimləndiyini desə də, deputatın sözlərindən fərqli olaraq, rəhbərlik etdiyi qurumda işlər tam əksini göstərir.
Elə ona görədir ki, dəfələrlə yenicə istifadəyə verilən sürət qatarı özü, sərnişinlərin isə gözü yolda qalıb. Son belə hadisə dünən yaşanıb. Qatarda texniki nasazlıq yaranıb.

Rubrika.Az azerbaycanrealligi.com-a istinadla bildirir ki, Bakı-Gəncə sürət qatarının xəttə buraxılması 3 il təxirə salınandan sonra nəhayət ötən ilin son günlərində baş tutub. Xüsusu təntənə ilə qeyd edilən bu hadisədən qısa müddət sonra ciddi etiraz və narazılıqlar səslənməyə başlayıb. Nə sürət, nə xidmət, nə də qiymət gözlənildiyi kimi olmayıb. Bakı-Gəncə sürət qatarındakı yüksək gediş haqqı ilə bağlı narazılığını bildirənlərin fikrincə, Gəncəyə qədər olan 364 kilometr məsafəni 4 saat 30 dəqiqəyə getməsi nəzərdə tutulən qatar saatda 80-90 km sürətlə hərəkət etməklə bu sahədə rəqabətə davamlı olmayacaq. Bu sürətlə hərəkət edən qatarlara artıq nəinki inkişaf etmiş Avropa ölkələrində, hətta qonşu ölkələrdə, o cümlədən MDB məkanında rast gəlinmir. Hazırda bir sıra ölkələrdə hər saat üçün qatarların orta sürəti 300 km, maksimum sürət isə 600 km ətrafındadır. Məlumat üçün deyək ki, Bakıdan Gəncəyə gedən avtobusa biletin qiyməti 8 manat 40 qəpikdir. Avtobusdan da tez mənzil başına taksilər isə adambaşına 10 manata aparır. Təxminən 4,5 saata çatan Bakı-Gəncə sürət qatarının bileti isə 15 manata müəyyənləşmişdi. İlk vaxtlarda bəzi sərnişinlər maraq üçün bu xətdən istifadə etsələr də, çox keçmədən gediş haqqının yüksək, xidmət səviyyəsinin isə aşağı olması bu nəqliyyat növünə marağı azaldıb, narazılığı artırdı. Rentabelliyi pozulan “Azərbaycan Dəmir Yolları” onsuz da sayı az olan sərnişinləri də itirməmək üçün Bakı-Gəncə qatarındakı gediş haqqını aşağı salıb. Amma bu da səmərə verməyib. Faktiki hazırda Gəncəyə gedən sərnişinlər sürət qatarından daha çox taksiyə üstünlük verirlər. Bu isə kifayət qədər bahalı layihənin səmərəsizliyini ortaya qoyur.

Digər məsələ Cavid Qurbanovun rəhbərlik etdiyi qurumda idarəetmədəki problemlərdir. Gənc mütəxəssislərin işə cəlb edilməsində problemlər var. Dəmir yollarında insan resursları ilə bağlı problem dövlət müəssisəsinin auditini həyata keçirən KPMG audit şirkətinin də hesabatında öz əksini tapıb. Şirkətin hesabatına görə, ADY-nin işçi heyətinin təqribən 15%-i təqaüd yaşındadır. İşçilərin cəmi 13%-nin yaşı isə 30-dan azdır: “ADY-də mövcud mükafatlandırma sistemi Azərbaycanda nəqliyyat sənayesinin digər şirkətləri səviyyəsində deyil. ADY insan resursları siyasəti işləyib-hazırlamalı, işəgötürmə, qiymətləndirmə, təlim, inkişaf, mükafatlandırma həyata keçirməlidir. Təqaüd yaşında və yaxud bu yaşa yaxın işçilərin, eləcə də bağlanması nəzərdə tutulan bölmələrdəki işçilərin işdən azad edilməsini stimullaşdıran proqram həyata keçirilməli, bu yolla müvəqqəti heyət işdən azad edilməlidir”.

Audit şirkəti Cavid Qurbanovun rəhbərlik etdiyi quruma gənc mütəxəssislərin cəlb edilməsi və onların uzun müddət şirkətdə işləməsini təmin edən insan resursları brendi və proqramlar işlənib-hazırlanmasını tövsiyə edib.

Məsləhət görüb ki, davamlı təlim sisteminin yaradılması, işçi heyətinin müntəzəm olaraq qiymətləndirilməsi həyata keçirilsin. Ümumilikdə 2022-ci ilə qədər “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) əməkdaşlarının sayının 3 dəfədən çox azaldılması təklif olunur. Hazırda ADY-nin işçi heyətinin sayı, təxminən 22 min nəfərdir və bu rəqəmin 6 422 nəfərə qədər azaldılması, orta aylıq əməkhaqqının isə 596 manat təşkil etməsi tövsiyə olunub. Söhbət 16 minə yaxın işçinin ixtisarından gedir. Görünən odur ki, Cavid Qurbanov vaxtilə buraxdığı səhvlərin hesabını ödəyərək 3 dəfədən az heyəti işsiz qoymaq məcburiyyətində qalacaq.

İşçilərin sayının azalmasının onsuz da aşağı olan xidmətin keyfiyyətinə necə təsir edəcəyini isə təxmin etmək çətin deyil.

Alət çubuğuna keç