BÜTÜN SAHƏLƏRDƏ ONLAYN QƏBULLAR VACİBDİR

Bütün dünya COVİD-19 adlı kabusun cəngindədir. Pandemiya həyatın bütün sahələrini iflic edib. Təəssüf ki, ölkəmizdə də vəziyyət olduqca ciddidir. Yoluxanların sayı hər gün durmadan artır. Artıq gündəlik yoluxma halları 3 mini keçib. Sərt qapanma rejiminə keçilməsə də bir çox sahələrin fəaliyyəti məhdudlaşdırılıb. Bu isə təbii ki, bir çox problemlər yaradır.

Rubrika.az saytı bildirir ki, pandemiyanın geniş yayıldığı bu günlərdə ən acınacaqlı durum dövlət idarə və təşkilatlarında vətəndaşların qəbulu prosedurunda yaranıb. Onsuz da bərbad vəziyyətdə olan qəbul prosesi artıq tamamilə dayandırılıb. Vətəndaşların birbaşa müraciət etmək hüququ təmin olunmur. Bu isə ciddi problemlər yaradır. Pandemiya dövründə onsuz da yetərincə çətinliklər yaşayan vətəndaşlar problemlərinin həlli üçün heç bir yerə müraciət edə bilmirlər. Nəzərə alsaq ki,indiki dövrdə dövlət-vətəndaş münasibətləri xüsusi həssaslıq kəsb edir, o zaman qəbul proseslərinin dayandırılması ciddi fəsadlar törədə bilər.

Pandemiya dövründə bir çox proseslərin məsafədən idarə edilməsi təcrübəsi geniş yayılıb. Təhsil sistemində distant tədris artıq bütün dünyada tətbiq edilir. Odur ki, vətəndaş qəbullarının onlayn sistemə keçrilməsi yaranmış vəziyyətdə optimal variant hesab edilə bilər. Pandemiyadan öncə nazirlər,komitə sədrləri rayonlara gedib yerindəcə qəbullar keçirirdilər. Eləcə də icra başçıları kəndləri,qəsəbələri gəzərək vətəndaşların problemləri ilə tanış olurdular. Hal hazırda bunun mümkünsüzlüyünü nəzərə alaraq qəbulların onlayn sistemdə həyata keçirilməsi məqsədəuyğundur. Nazirlər, komitə sədrləri rayonlar üzrə onlayn qəbul günləri təyin etməli, bu yolla vətəndaşların problemləri ilə tanış olaraq həll etməlidirlər. Nəzərə alsaq ki, belə olduqda vaxt itkisi olmadan daha çox vətəndaşın problemlərini həll etmək olar. Bir daha bildiririk ki, bu həssas dönəmlərdə insanlar daha çox problemlərlə üz-üzə qalıblar. Onlara yardım etmək, çətinliklərini həll etmək isə dövlət qurumlarının bilavasitə vəzifəsidir.

Təhsil müəssisələri, məktəblər də eyni qaydada onlayn qəbul prosesləri keçirə bilərlər. Hal hazırda valideynlərin məktəblərlə daha sıx əlaqədə olması zərurəti yaranıb. Odur ki, məktəb direktorları onlayn qəbul təşkil etməlidir.

Cənab Prezident İlham Əliyev, birinci vitse prezident Mehriban xanım vətəndaşlara göstərdikləri diqqət və qayğıyla misilsiz bir nümunədirlər. İnanırıq ki, dövlət strukturlarına onlayn qəbulla bağlı göstəriş veriləcək, vətəndaşların problemlərinin həllinə şərait yaradılacaq.

NİCAT MAHMUDOV
Rubrika.Az

Alət çubuğuna keç