Bu möhtəşəm qələbənin memarı Prezident İlham Əliyevdir – ŞƏRH

“Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı imzalanan bəyannamə hər şeydən əvvəl nəinki bu dövlətlər, eyni zamanda region üçün tarixi əhəmiyyətli sənəddir”.

Bu fikirləri Publika.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O qeyd edib ki, sənəd münaqişənin hərbi fazasının bitməsini və sülh yolu ilə işğal altında olan digər ərazilərimizin Azərbaycana qaytarılmasını özündə ehtiva edir: “Sənəd 9 bənddən ibarətdir və bütün maddələr Azərbaycanın milli maraqlarına uyğun olmaqla yanaşı, eyni zamanda Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlərin qəbul edilməsidir. Əvvəla, cənab Prezident deyirdi ki, “Ermənistanın baş naziri öhdəlik götürsün və qrafik əsasında torpaqlarımızın işğaldan azad olunmasına imza atsın”. Burada həmin qrafik öz əksini tapıb”.

“Digər önəmli məqamlardan biri odur ki, Naxçıvanın blokadasına son qoyulur. Burada göstərilir ki, yeni nəqliyyat kommunikasiya infrastrukturu yaradıla bilər və yaradılmalıdır. Bu bəndin də olduqca xüsusi əhəmiyyəti var. Çünki bu bənd cənab Prezidentin təkidi ilə bəyanata salındı. Bunun özü Azərbaycan dövlətinin və bilavasitə cənab Prezidentin qətiyyətinin və siyasi çəkisinin sübutudur”, – politoloq əlavə edib.

 

Ş.Həsənovanın sözlərinə görə, sənəddə önəmli məsələlərdən biri odur ki, ilk dəfə olaraq tənzimlənmə prosesində Türkiyənin iştirakı reallaşır: “Türkiyə sülhməramlıları Rusiya sülhməramlıları ilə birgə fəaliyyət göstərəcək. Ölkə başçımız hər zaman münaqişənin həlli prosesində Türkiyənin də iştirak etməli olduğunu bəyan edirdi. Türkiyə atəşkəs rejiminə nəzarət etmək üçün yaradılacaq birgə monitorinq missiyasında da fəal yer alacaq. Türkiyə hərbçilərinin prosesdə iştirakı isə ona dəlalət edir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı alınacaq”.

Sənəddə bizim üçün ən fundamental məsələlərin əksini tapdığını diqqətə çatdıran politoloq bildirib ki, sənəddə Dağlıq Qarabağa status verilməsi haqqında bir kəlmə də söhbət yoxdur: “Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir, qan tökmədən Laçın, Kəlbəcər və Ağdamın yerdə qalan hissəsi Azərbaycana qaytarılacaq və orada bir erməni əsgəri belə qalmayacaq, yəni işğalçı ordunun Azərbaycan ərazisində mövcudluğuna son qoyulur. Tarixi qələbədir, Azərbaycanın hərb və siyasi tarixinin ən böyük uğurudur. Bu qalibiyyətə yol açan məqam isə Şuşanın azad olunmasıdır. Şuşanın azadlığı bu tarixi nailiyyətin baş tutması üçün unikal imkanlar yaratdı”.

Həsənova onu da vurğulayıb ki, bu möhtəşəm qələbənin memarı cənab Prezident İlham Əliyevdir, müzəffər Azərbaycan Ordusudur, xalqıdır: “Eşq olsun bu vəhdətə. Bu qələbə qələbələrin ən gözəlidir, ən şanlısıdır. Bu qələbə bizim birliyimizin qələbəsidir. Bu qələbə bizim məbədimizdir, səcdəmizdir. Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındıran, xalqın inamını özünə qaytaran qələbədir. İndi bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq, bu məğrur xalq gec-tez öz məqsədinə çatacaq. Bunun isə tək və yalnız bir səbəbi var, o da İlham Heydər oğlu Əliyevdir. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir”.

Şamo Emin

Alət çubuğuna keç