Britaniyadakı azərbaycanlı icması Şuşanın azad olunmasını qeyd etdi – Foto

Şuşa şəhərinin erməni işğalından azad edilməsi dünyanın hər yerində olduğu kimi, Böyük Britaniyada yaşayan azərbaycanlıların da böyük sevinc və fərəh hissləri keçirməsinə səbəb olub.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu barədə xəbəri Azərbaycan xalqına çatdırdıqdan bir qədər sonra Böyük Britaniyada yaşayan azərbaycanlı icmasının üzvləri bayraqlarımızla bəzədilmiş avtomobillərlə London küçələrində yürüş edib, sonda Azərbaycanın Britaniyadakı səfirliyi ətrafına toplaşaraq “Qarabağ Azərbaycandır”, “Şuşa Azərbaycandır” şüarları səsləndiriblər.

Azərbaycanın bu ölkədəki səfiri Tahir Tağızadə, səfirliyin işçiləri və hazırda Londonda olan Milli Məclisin deputatı, Azərbaycan-Böyük Britaniya Parlament Dostluq qrupunun sədri Cavanşir Feyziyev yürüşü səfirliyin inzibati binasından izləyib. Azərbaycan səfirliyinin qarşısına toplaşan icma üzvləri səfirliyə dəvət olunub.

Səfir Tahir Tağızadə çıxış edərək Müzəffər Ali Baş Komandanımızın və şanlı Azərbaycan Ordusunun xalqımıza bəxş etdiyi bu qələbə münasibətilə icma nümayəndələrini təbrik edib. Dövlət başçısına istinad edən səfir bildirib: “Şuşa Azərbaycanın döyünən ürəyidir və bu gündən bu ürək yenidən döyünməyə başlayıb. Hazırda bütün Azərbaycan xalqının, o cümlədən Britaniyadakı azərbaycanlıların ürəyi də həmin ürəklə birlikdə döyünür”.

Səfir qeyd edib ki, son aylar ərzində Azərbaycanın haqq səsinin Britaniya ictimai-siyasi dairələrinə çatdırılmasında Britaniyada yaşayan Azərbaycanlı icmasının üzvlərinin əvəzolunmaz rolu olub. O, göstərdikləri vətənpərvərlik və təəssübkeşliyə görə icma nümayəndələrinə təşəkkür edib.

Deputat Cavanşir Feyziyev də öz növbəsində icma nümayəndələrini Şuşanın işğaldan azad edilməsi münasibətilə təbrik edib və bugünkü qələbəni Azərbaycan xalqına bəxş edən, Vətən uğrunda canından keçən şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsini təklif edib. Şəhidlərimizin xatirəsi yad edildikdən sonra icma nümayəndələri Azərbaycan himnini oxuyub və milli vətənpərvərlik ruhunda olan mahnıların fonunda bir-birini təbrik edib. Daha sonra burada yaşayan Azərbaycan icmasının nümayəndələri öz avtomobilləri ilə London küçələrində qələbə yürüşünü davam etdirib.

Alət çubuğuna keç