Böyük Dəbilqə: Yeddi idmançımız mübarizəyə başlayır


Azərbaycan 7 cüdoçusu bu gün Gürcüstanın paytaxtı Tbilisidə start götürəcək Böyük Dəbilqədə mübarizəyə başlayır.

“Report”un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Oruc Vəlizadə Oleq Veredıba (Ukrayna) ilə, eyni çəkidəki Kəramət Hüseynov Rodriqo Lopeslə (Portuqaliya) üz-üzə gələcək.

66 kq-dakı Yaşar Nəcəfov Orlando Polankonun (Kuba) müqavimətini qırmağa çalışacaq.

Qadınların yarışında isə 4 cüdoçu qüvvəsini sınayacaq. 48 kq-da Aişə Qurbanlı və Leyla Əliyeva tatamiyə çıxacaq. Onlar müvafiq olaraq Marusa Stanqar (Sloveniya) və Gülkader Şentürk (Türkiyə) ilə görüşəcək.

52 kq çəki dərəcəsində Gültac Məmmədəliyeva Anjelika Delqadonun (ABŞ), Şəfəq Məmmədova isə Yasmin Cavadyanın (Böyük Britaniya) müqavimətini qırmağa çalışacaq.

Cüdoçuların hamısı mübarizəyə 1/16 finaldan qoşulacaq.

Qeyd edək ki, Böyük Dəbilqəyə martın 27-də yekun vurulacaq. Azərbaycan turnirdə 11 idmançı ilə təmsil olunur.