“BMT münaqişədə erməni tərəfini qınamalıdır” – GƏLİŞMƏ

Mərakeşli professor, beynəlxalq münasibətlər üzrə ekspert Mohammad İssam Laaroussi AYNA-ya özəl müsahibə verib. Beləliklə:

– Rusiyanın vasitəçiliyi ilə, Ermənistanın öz işğalçı korpuslarını Azərbaycan ərazisindən çıxarması ilə yekunlaşan bir atəşkəs razılaşması imzalandı. Müharibə 44 gün davam etdi. Sizcə, bundan sonra nə dəyişdi?

– Dağlıq Qarabağ Azərbaycanın bir hissəsi kimi tanınır, lakin 1990-cı illərdə müharibə zamanı mülki Azərbaycan əhalisi bölgədən qovulduqdan sonra erməni əhalisi mərkəzdən ayrılmağa cəhd etdi. Rusiyanın münaqişəyə müdaxiləsi bölgədə sabitliyi təmin etməyi hədəfləyən ən vacib geostrateji xüsusiyyət hesab olunur. Erməni separatçıları, 1994-cü ildə atəşkəsdən sonra da, Ermənistan hökumətinin dəstəyi ilə Azərbaycan əhalisinə qarşı gizli müharibə aparırlar. Münaqişənin hələ 1994-cü ildə sona çatmalı olması və daha sonra Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi prosesi başlamalı olduğu halda, indiki müharibə baş verdi və bu, Qafqazın cənubundakı oyun qaydalarını müəyyən mənada dəyişdirdi.

– Bildiyiniz kimi, Şuşa şəhəri Azərbaycan xüsusi təyinatlıları tərəfindən döyüşdə alındı. Əsgərlər lazımi avadanlıqları, minaatanları, yüngül alay silahlarını və döyüş sursatlarını çiyinlərində dağlardan keçirdilər. Bu faktı necə xarakterizə edərdiniz?

– Şuşa strategiya baxımından son dərəcə əhəmiyyətli bir şəhərdir və Azərbaycan qoşunları tərəfindən azad edilməsi böyük bir qələbədir. Şuşa Qarabağın inzibati mərkəzi Xankəndini aşan yüksəkliklərdə yerləşir. Şuşa Azərbaycan qoşunlarının nəzarəti altına keçdikdən sonra bu şəhər Xankəndinə hücum üçün tramplin ola bilər. Hərbi baxımdan bu şəhərə sahib olmaq Azərbaycan ordusuna böyük üstünlük verir. Beynəlxalq siyasət sözlüyündə sülhə nail olmaq, neorealist məktəb analitiklərinin iddia etdiyi kimi, bir müharibə qazanmağa hazırlıq və güc məsələsidir. Digər tərəfdən, Şuşanın hər iki tərəf üçün mədəni əhəmiyyəti var. Müharibədən əvvəl 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində əhalisi əsasən azərbaycanlılar idi və bu da yüz minlərlə insanın qaçqın vəziyyətinə düşməsi ilə nəticələndi. Ermənilər üçün bu şəhər vacibdir, çünki burada erməni kilsəsi üçün əlamətdar bir yer olan Qazançetsot Kilsəsi (Müqəddəs Xilaskar) yerləşir.

– Bütün dünya mediasında göstərildiyi kimi, Qarabağdan köçürülən ermənilər evləri yandırır, ağacları və meşələri qırırlar. Əsgərlərin bir qismi başqasının əmlakını talan edərkən yaxalanıb. Ancaq bu şəkildə davranmaq üçün bu ərazinin onlara aid olmadığından əmin olmalısan. Deyilmi?

– Əlbəttə ki, Dağlıq Qarabağdakı müharibə çox mürəkkəbdir və beynəlxalq və regional qaydalardakı xaosu əks etdirir. Erməni qüvvələri barbar işğalçı kimi çıxış edir, nə beynəlxalq hüquqa, nə də insan dəyərlərinə hörmət edirlər. Beynəlxalq humanitar hüquq müharibə dövründə insanları xilas etmək məqsədi daşıyır, buna görə bütün əsgərlər mülki insanlara hörmət etməlidir. Bu həqiqətə baxmayaraq, Dağlıq Qarabağdakı müharibə 44 gün davam etdi və çox sayda itki ilə nəticələndi. Nə də olsa, hətta, inandıqları kimi, bu torpaqlar ermənilərə məxsusdursa belə, şəhərləri, evləri yandırmağa, ağacları kəsməyə və bu cür amansız hərəkətlər etməyə haqları yoxdur.

– Bildiyiniz kimi, müharibə dövründə Ermənistan raket hücumu ilə dinc Azərbaycan şəhərlərini – Gəncə, Bərdə və Tərtəri atəşə tutdu. Onlarla ölü, yüzlərlə yaralı vardı. İrəvan baş verənləri bu şəhərlərin yaxınlığında hərbi obyektlərin olması və Ermənistanın sahib olduğu “Scud” raketlərinin o qədər də dəqiq vurmaması ilə əsaslandırır. Sizin nöqteyi-nəzərinizdən belə bir izah məntiqlidirmi?

– Balistik raketlərin və reaktiv artilleriyanın qəsdən səhv olaraq atəş açmasını, nəticədə insanların ölümünə, yaralanmasına və mülki əhaliyə böyük ziyan vurmasına səbəb olan, silahlardan beynəlxalq humanitar hüququ açıq şəkildə pozan bir şəkildə istifadə edilməsini sübut edən çoxsaylə foto və video dəlillər mövcuddur. İlk növbədə, son vaxtlar Ermənistan tərəfdən dəfələrlə bombardmana məruz qalan Azərbaycanın Gəncə şəhərində mülki insan itkiləri və mülki binalara ciddi ziyan dəydiyi bildirildi. Yaşayış məntəqələrində ballistik raketlərin və digər geniş ərazi partlayıcı qurğuların istifadəsinə dair dəlillər insan həyatına və müharibə qanunlarına qarşı şok bir saymazlığın tarixçəsini ortaya qoyur. Beynəlxalq təşkilatlar və BMT rəhbərliyi beynəlxalq humanitar hüquqa hörmət etmək üçün münaqişənin erməni tərəfini qınamalıdır. Bu silahların və silah sistemlərinin yaşayış məntəqələrinə qarşı istifadəsi dərhal dayandırılmalı idi.

Azərbaycan tərəfindəki mülki əhali arasında itkilər fərqi demək olar ki, ikiqatdır. Buradan belə çıxır ki, Azərbaycan ordusu Dağlıq Qarabağdakı yaşayış məntəqələrinə atəş etməməyə çalışırdı. Xankəndi, Tərtər və Azərbaycanın digər döyüş bölgəsindən kənarda yaşayış məntəqələrinin atəşə tutulmasına cavab olaraq raket və artilleriya hücumuna məruz qaldı. Eyni zamanda, döyüşlər başlayandan Azərbaycan hökuməti erməni mülki əhalisini itki verməmək üçün müharibə zonasını tərk etməyə çağırdı. Bir dəhliz yaradıldı və onun vasitəsi ilə mülki əhali Ermənistana getdi və Azərbaycan ordusu tərəfindən avtokarvanları atəşə tutma halları belə, olmadı.

– Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvana səfər etdi. Baş nazir Paşinyan görüş zamanı qaçqınların evlərinə qaytarılması məsələlərinin müzakirə olunduğunu söylədi. Doğrudur, çox qeyri-müəyyən formul verilmişdi. “Ancaq həll olunmayan, açıq qalan suallar da var: soydaşlarımızın təhlükəsizliyini təmin edəcək bəzi ərazilərin sakinlərinin geri qayıtma hüququnun həyata keçirilməsini bundan sonra necə təmin edəcəyik?”, – deyə sual edirdi Paşinyan. Ancaq Qarabağda sülhün bərpası üçün yol xəritəsi çoxdan hazırlanmışdı. Paşinyan yenidən velosiped icad etməyə qərar verdi?

– Rusiyanın bu münaqişədəki vasitəçiliyi, münaqişə tərəflərinin sülh razılığına gəlməsinə əhəmiyyətli dərəcədə kömək edir. Birincisi, Moskva göstərdi ki, heç bir regional və beynəlxalq oyunçu Rusiyanın olmadığı şəraitdə danışıqlarda uğur qazana bilməz. İkincisi, Rusiya Ermənistan hökumətinə dəstəyini gizlətmir. İmzalanan müqaviləyə əsasən, Rusiya Müdafiə Nazirliyi, Qarabağın mərkəzini Ermənistanla birləşdirən Laçın dəhlizinin qorunmasında rolu olan hərbçilərin tərkibini – 1960 hərbi qulluqçunu təsdiqlədi. Sülhməramlılıq prosesində Türkiyə də iştirak edəcək. Bu oyun qaydalarını dəyişdirən faktlara və Rusiya ilə Türkiyənin Dağlıq Qarabağdakı müharibədə rollarına əsaslanaraq, qaçqın məsələsinə beynəlxalq birlik tərəfindən qərəzsiz baxılmalı olduğuna inanıram. Eyni zamanda, erməni qaçqınları məsələsinin həlli üçün azərbaycanlıların maraqlarına xidmət etməyən yeni bir plan qurmağın mənası yoxdur.

– Ölkəniz hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi. İlk dəfə, məhz sizin ölkənizdə Ermənistana təcavüzkar və işğalçı adı verildi. Əgər rəsmiyyətdən qaçsaq, müharibə zamanı Mərakeşdə baş verənlərə münasibəti necə xarakterizə edərdiniz?

– Mərakeş Ermənistanla hərbi toqquşmalardan sonra Azərbaycana dəstək mesajı göndərdi və təmkinli olmağa çağırdı, beynəlxalq hüququn və BMT-nin münaqişənin sülh yolu ilə həll olunmasını təmin edə biləcəyinə ümid etdiyini bildirdi. Mərakeşin sülh nizamlanmasına dəstəyi Ermənistan və Azərbaycan arasındakı beynəlxalq barışıq çağırışlarını tamamlayır. 44 gün ərzində xeyli sayda insanın ölümü və yaralanması nəticəsində münaqişə nəzarətdən çıxaraq müxtəlif beynəlxalq oyunçuların iştirak etdiyi başqa bir regional müharibəyə çevrilə bilərdi. Mərakeşin müharibəyə dair rəsmi mövqeyi budur. Krallığın diplomatiyası indi informasiya məkanında müharibə etməyə məcbur olan Azərbaycana dəstək verir. Ancaq Mərakeş mətbuatı Ermənistan hökuməti ilə ciddi bir toqquşmaya girmədən, Azərbaycana informasiya dəstəyi vermək üçün diplomatik çıxışlar yolunu seçdi. Əslində, Mərakeş müsəlman ölkəsi olan Azərbaycanla münasibətlərini yüksək qiymətləndirir, lakin Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları tərəfindən elan olunan bitərəf mövqeyə sadiq qalmağa çalışır.

Alət çubuğuna keç