“El bir olsa, dağı oynadar yerindən”, – deyib atalarımız. Bu müdrik sözlərin təsdiqini ötən ilin payızında bir daha görüb, şahid olduq. Cəmi 44 günə düşmənin dizini yerə qoyduq. 30 ildə edə bilmədiyimizi cəmi 6 həftədə etdik. 44 gündə Azərbaycan xalqı 7-dən 77-dək yekdil oldu, yumruğu bir yerə vurdu. Heç kim bu müqəddəs savaşda yaxasını kənara çəkmədi. Evində çörəyi olmayan neçə soydaşımız bəlkədə neçə gün ac yatıb, ac durdu. Dözdü. Evin tək övladı əsgər paltarı geyindi, ata-ana demədi ki, niyə sən? Hər bir azərbaycanlı müsəlləh əsgər oldu. Ən qəribəsi bu idi ki, 27 sentyabra qədər bəlkə də hər gün söyülüb, tənqid olunan məmurlar haqqında da 44 gün ərzində heç kim danışmadı, dərdini içinə gömdü, “qurban olsun Prezidentimizə”, – dedi. Heç bir şəhid atası demədi ki, “belim qırıldı”, heç bir şəhid anası demədi ki, “evimin işığı söndü”. 44 gün ərzində hamının dilində bir söz bitdi: Hər şey Vətən üçün.