Bir ay sonra necə olacaq: Bağlı obyektlər və işsizlər ordusu… – BÖHRAN

Nazirlər Kabinetinin qərarına əsasən, 14 dekabr saat 00: 00-dan 18 yanvar 2021-ci il saat 00: 00-a qədər ölkədə sərt karantin rejimi təbiq edildi. Məlum olduğu kimi, sərt karantin rejimi zamanı restoranlar da daxil olmaqla, bütün ictimai iaşə müəssisələrinin fəaliyyəti dayandırıldı.

Qeyd etmək istərdik ki, restoranlar təkcə bütün xidmət sahələri üçün – göyərti satanlardan ofisiant və sürücülərə qədər iş yerləri deyil, həm də ölkə büdcəsini doldurmaq üçün vacib bir mənbədir. İlk lokdaun (kilidlənmə, qapanma) zamanı restoranların da fəaliyyəti dayandırıldı. Bəzi restoranlar, sərt karantin rejiminin ləğvindən sonra fəaliyyətlərini bərpa edə bilməyərək, iflas etdi. Nəticədə hamı – işçi, iş adamı və dövlət itirdi.

Sərt karantin tədbirlərinin yenidən tətbiqi zamanı restoran sahibləri hansı çətinliklərlə qarşılaşacaqlar? İkinci lokdaun dövlətdən xırda maddi yardımla xilas olma ehtimalı az olan restoranlar üçün ölüm hökmü olacaqmı? AYNA problemə aydınlıq gətirməyə çalışıb.

Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov düşünür ki, sərt karantin rejimi restoran sahibləri üçün çox çətin olacaq: “Dövlət yalnız işçilərin əməkhaqqı xərclərini kompensasiya edir. Restoran sahibləri isə karantin dövründə icarə haqqını və istismar xərclərini ödəməyə davam etməli olacaqlar. Düşünürəm ki, sərt karantinin yenidən tətbiqi bir çox restoran və digər iaşə obyektlərinin məhv olmasına gətirib çıxaracaq”.

İqtisadçı-ekspert Natiq Cəfərli də kafe-restoran sektorunu ağır günlər gözlədiyi qənaətindədir: “Restoran sahiblərinin xərcləri həm də bizneslərini genişləndirmək üçün götürdükləri biznes kreditləri ilə əlaqəlidir. Ancaq bu problemləri özləri həll etməli olacaqlar. Çünki dövlət yalnız restoran işçilərinə maaş verməklə bağlı xərcləri ödəyir”.

Pandemiya və müharibənin bütün “ləzzətlərini” özündə hiss edən, ilk lokdaun və sonrakı komendant saatından sağ çıxan bir neçə restorana, “sərt karantin tədbirlərinin ikinci dalğasından sonra ayaqda qala biləcəksinizmi” sualı ilə üz tutduq.

“AVENUE BAKU” restoranının nümayəndəsi, sərt karantinin yenidən tətbiq edilməsinin onlar üçün çox çətin olacağını düşünür: “Dövlət yalnız işçilərin əməkhaqqı xərclərini kompensasiya edir. Bəs, sahibkarların itkilərini kim qarşılacaq?”.

“Restoran 13”-ün əməkdaşı da dövlətin restoranlara ayırdığı bütün pulların işçilərin maaşlarına xərclənəcəyini qeyd edib: “Biz onlayn yemək çatdırılmasını təşkil edəcəyik. Bəlkə, bu şəkildə xərcləri birtəhər ödəyə bildik”.

“Astoriya” restoranının əməkdaşı da eyni fikri səsləndirib: “Dövlət yalnız işçilərin maaşlarına pul ayırır. Sahibləri restoranların müvəqqəti bağlanması zamanı qarşılaşdıqları problemləri özləri həll etməli olacaqlar”.

Bir sözlə, restoratorlar sərt karantin tədbirlərinin tətbiq olunmasından məyusdurlar. Pandemiyaya qarşı mübarizənin insanların sağlamlığı baxımından çox vacib olduğunu başa düşürlər. Ancaq unutmamalıyıq ki, dövlət həm də restoranlar tərəfindən ödənilən vergilər vasitəsilə büdcə formalaşdırır. Dövlətin sahibkarlara kömək üçün hərtərəfli tədbirlər barədə düşünməsi yaxşı olardı. Əks təqdirdə, yanvar ayının sonunda, lokdaun bitdikdən sonra hökumət başqa bir problemlə üzləşəcək – qapalı obyektlər və işsizlər ordusu…

Alət çubuğuna keç