Azərbaycan və Türkiyənin geopolitik zəfəri qıcıq doğurub: Rəqiblər prosesi pozmağa çalışırlar

Bəzi güclər rəsmi Bakının son 30 ilə yaxın bir müddətdə uğurla yürütdüyü və Azərbaycanı bir çox təhlükəli situasiyalardan ustalıqla yayındırdığı ənənəvi balans siyasətinə eynilə davam edəcəyinə ümid bəsləyirdilər…

Ancaq rəsmi Bakı fərqli geopolitik manevrlə onları pat vəziyyətinə saldı, Cənubi Qafqazda balans siyasəti dönəminin artıq bitdiyini nümayişkaranə şəkildə elan etdi…

Azərbaycan nə qədər qıcıqlanıb, müqavimət göstərməyə çalışsalar da, əsas pozucu gücləri Cənubi Qafqazdan sıxışdırıb, əvəzində Türkiyəni regionda özünə ortaq seçdi…

Müqavimət göstərirlər. Cənubi Qafqazda mövqelərini əldən vermək niyyətində olmadıqlarını sezdirməyə çalışırlar. Və müxtəlif geopolitik kombinasiyalar qura biləcəklərinin açıq mesajını verirlər.

Hələ bu, başlanğıcdır. Arsenallarında olan bütün pozuculuq mexanizmlərini işə salmaqdan çəkinməyəcəklər. Bu bir geopolitik savaşdır və bu regiondan elə asanlıqla əl çəkməzlər.

Hər şeyə hazır olmaq lazımdır. Atdıqları hər addıma vaxtında sərt reaksiya verib, bütün geopolitik xaos mexanizmlərini bloklamaq vacibdir. Geriyə yol yoxdur. İstənilən gecikmə arzuolunmaz situasiyanın yaranmasına şərait yarada bilər.

Son günlər baş verənlər qətiyyən təsadüf ola bilməz. ATƏT-in Minsk Qrupunun “həmsədrləri” regiona dəvətsiz, gözlənilməz səfər edirlər və ermənilər atəşkəsi pozurlar. Bu işin arxasında bir planlı geopolitik hesablaşma cəhdinin ola biləcəyi qətiyyən istisna deyil.

Ən maraqlı məqam isə odur ki, bütün bunlar – “həmsədrlər”in gəlişi də, ermənilərin terrorçu təxribatları da Azərbaycanın Zəfər Paradından bir gün sonraya təsadüf edir. Ancaq sadəcə, təsadüf edir, çünki qətiyyən təsadüf deyil.

Məsələ ondadır ki, Azərbaycanın Zəfər Paradı sadəcə, Ermənistan üzərində qazanılan tarixi qələbəni simvolizə etmirdi. Bu Zəfər Paradının bir də geopolitik statusu var idi. Hər halda, II Qarabağ savaşının nəticələrinin Cənubi Qafqazda yeni situasiya yaratdığı inkaredilməz reallıqdır.

Bu reallığı Cənubi Qafqazda maraqları olan bütün beynəlxalq siyasi iradə mərkəzləri tam dəqiqliyi ilə anlamamış deyillər. Hər şeyi çox gözəl anlayırlar. Üstəlik, rəsmi Bakı da öz qərarları və atdığı qətiyyətli addımlar ilə onlara daha yaxşı anlamaqda “kömək” edir.

Böyük ehtimalla rəsmi Bakıdan belə nümayişkaranə cəsarət örnəyi gözləmirdilər. Rəsmi Bakının son 30 ilə yaxın bir müddətdə uğurla yürütdüyü və Azərbaycanı bir çox təhlükəli situasiyalardan ustalıqla yayındırdığı ənənəvi balans siyasətinə eynilə davam edəcəyinə ümid bəsləyirdilər.

Ancaq rəsmi Bakının fərqli geopolitik manevri ilə üzləşib, pat vəziyyətinə düşdülər. Cəmisi bir manevrlə rəsmi Bakı Cənubi Qafqazda balans siyasəti dönəmini artıq yekunlaşdırdığını təsdiqlədi. Və yeni geopolitik dönəmin başladıldığını rəsmən, həm də nümayişkaranə şəkildə elan etdi.

Zəfər Paradına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvət edilməsi və hərbi keçiddə Türk əsgərlərinin də yer alması geopolitik mesaj idi. Bu mesaj ilə rəsmi Bakı Cənubi Qafqazın yeni hərbi-siyasi iradə mərkəzini bütün dünyaya elan etmiş oldu. Bundan sonra Cənubi Qafqazın gələcək taleyi məhz Azərbaycan-Türkiyə ittifaqının inhisarında olacaq. Kimsə bu regionda hansısa maraqlardan çıxış etmək istəsə, ilk növbədə bu ittifaqın qapısını çalmalıdır, icazə almalıdır. Əks halda, içəri girə bilməz.

Zəfər Paradının formatı bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan yalnız Ermənistan üzərində hərbi qələbə qazanmayıb. Bu savaş əslində, geopolitik savaş olub. Azərbaycan-Türkiyə ittifaqı bu geopolitik savaşdan mütləq qalib statusunda çıxıb. Və indi Cənubi Qafqaz bu iki dövlətin ortaq hərbi-siyasi iradəsinə məhkumdur.

Bəli, Zəfər Paradı ilə yalnız Ermənistan üzərində hərbi qələbə deyil, buna paralel olaraq, həm də Azərbaycan-Türkiyə ittifaqının geopolitik qalibiyyəti təsdiqlənib. Bunu bəzi Qərb siyasi dairələrində də artıq etiraf etməyə başlayıblar. Ümumi qənaət isə belədir ki, Azərbaycan Rusiyanı Cənubi Qafqazdan çıxarıb, əvəzində Türkiyəni regionda özünə ortaq edib.

Təbii ki, bu reallıq bəzilərini qıcıqlandırıb. Vəziyyəti düzəltmək üçün can-fəşanlıq etməyə çalışırlar. Hətta regiona “kəşfiyyatçılar” da göndərdilər.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona son səfəri məhz kəşfiyyat xarakteri daşıyırdı. Çünki son 30 ildə Dağlıq Qarabağ münaqişəsinin həllinə heç bir fayda verməyib, yalnız sülh danışıqları prosesinin uzadılması yollarının “kəşf” olunması ilə məşğul olan həmsədrlərə hazırda regionda nə ehtiyac ola bilər? Artıq münaqişə onların iştirakı olmadan həll edilib, daha onlara aid ola biləcək hər hansı problem də mövcud deyil.

Maraqlıdır ki, “həmsədrlər”in kəşfiyyatı uğursuz oldu. Çünki Azərbaycan Prezidenti İlham Əliyev onlara elə cavab verdi ki, bundan sonra gərək bir də bu coğrafiyaya üz tutmasınlar: “Mən sizi dəvət etməmişəm…”

Prezident İlham Əliyevin Minsk Qrupu həmsədrlərinə daha sonra dedikləri isə bir çox önəmli mətləblərdən xəbər verir: “Mən sözlərimi yekunlaşdırıram ki, sizi dinləyim, çünki buraya gəlmək sizin ideyanız idi. Bunu bir daha kameralar qarşısında deyə bilərəm. Mən Minsk qrupunu səfərə dəvət etməmişəm”.

Bu sözləri ilə Azərbaycan Prezidenti əslində, həmsədrləri şəffaf olmağa çağırır. Bağlı qapılar arxasında müzakirələr üçün elə bir ciddi ehtiyacın olmadığına, bunun üçün nə səbəbin, nə də onlarla müzakirə edilə biləcək mövzunun qalmadığına eyham vurur.

Maraqlıdır ki, Azərbaycan Prezidenti öz mövqeyini kifayət qədər sərt ifadə etməyə üstünlük verib. Dövlət başçısı Minsk Qrupu həmsədrlərinin gəlmək istəyi barədə ona məlumat veriləndə etiraz etmədiyini vurğulaması isə ibrətamizdir: “Bəlkə onların mənə sözləri var. Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, buyurun. Əgər istəmirsinizsə, mən onlara deyim getsinlər. Necə istəsəniz. Buyurun, sizi dinləyirəm”.

Prezident İlham Əliyevin bu sözləri həm sədrlərin ünvanına siyasi ittiham təsiri bağışlayır. Eyni zamanda, Azərbaycan Prezidenti rəsmi Bakının həmsədrlər ilə hər hansı müzakirə təlabatının olmadığını elə dolayısı ilə onların diqqətinə çatdırmış kimi görünür.

Belə anlaşılır ki, rəsmi Bakı üçün həmsədrlər artıq mövcud deyil. Onlarla mövzusuz müzakirələrə zaman xərcləməyə də həvəsli görünmür. Çünki rəsmi Bakı son 30 ildə münaqişənin hərbi yolla həlli olmadığını təkrarlamaqdan başqa heç nə etməyən həmsədrlərə bunun əksini artıq sübut edib. Məsələ də bitib.

İndi həmsədrlərin regiona səfərləri artıq tamamilə mənasızdır. Elə Minsk Qrupu da öz əhəmiyyətini itirib. Mövcudluğu formal xarakter daşıyır, reallıqdasa, 10 noyabr anlaşmasından sonra “dəfn” olunub.

Əlbəttə ki, bunu onların özləri də çox gözəl anlayırlar. Ancaq bu dəfə əsas dərdləri həmsədrlik missiyasının icrası deyildi. Əsas məqsədləri yaranmış yeni situasiyanı pozub, regionda maraqlarının təmin olunmasına “pəncərə” açmaq idi.

Bunu həmsədrlərin, daha doğrusu, Rusiyasız heyətin – Cənubi Qafqazdan tamamilə kənarda qalmış ABŞ və Fransa cütlüyünün İrəvandakı davranışları da təsdiqləyir. Onlar İrəvanda Araik Arutyunyan ilə görüşməyə cəhd ediblər. Halbuki qondarma separatçı qurumun artıq mövcud olmadığı hamıdan yaxşı bilirlər. Olmayan bir qurumun “rəhbəri” ilə görüşmək cəhdi isə yalnız prosesi geçmiş dönəmə qaytarmaq üçün pozuculuq niyyətindən xəbər verir.

Göründüyü kimi, Azərbaycan və Türkiyənin geopolitik zəfərindən bərk qıcıqlanıblar. Cənubi Qafqazda yaranmış yeni situasiyanı qəbul etmək istəmirlər. Ancaq əvvəl-axır geopolitik reallıqlarla barışmaq məcburiyyətində qalacaqlar.

Alət çubuğuna keç