Azərbaycan peyvəndə nə qədər xərcləyəcək? – “İmkanımız var ki, vaksin pulsuz olsun”

Dünyanı 1 ildir cənginə alan koronavirus pandemiyasının ikinci mərhələsi ilə mübarizə davam edir.

Bu mərhələdə epidemioloji durum daha ciddi, yoluxma və ölüm sayı isə birinci mərhələyə nisbətən daha çoxdur. Artıq bir çox ölkələr pandemiya ilə mübarizədə peyvəndlənməyə start verib. Əczaçılıq şirkətləri isə peyvəndlərdən nə qədər qazanacaqlarını hesablayıblar.

ABŞ-ın dərman şirkəti Pfizer ilə Almaniyanın BioNTech və ABŞ-ın Moderna şirkətinin COVİD-19 peyvəndlərindən 2021-ci ildə cəmi 32 milyard dollar qazanacaqları gözlənilir.

ABŞ-ın sərmayə bankı “Morgan Stanley” tərəfindən nəşr olunan hesabata görə, “Pfizer” şirkətinin 2021-ci ildə koronavirus peyvəndindən 19 milyard dollar gəlir əldə etməsi gözlənilir.

“Morgan Stanley”, “Pfizer”-in 2020-ci ildə peyvəndlərdən əldə etdiyi qazancın 975 milyon dollar olduğunu açıqlayıb, 2022 – 2023-cü illərdə koronavirus peyvəndində daha 9.3 milyard dollar qazanacağını bildirib.

“Pfizer” qazancını əməkdaşlıq etdiyi Almaniyanın BioNTech şirkəti ilə bölüşəcək. 2021-ci ildə ABŞ-ın bio-texnologiya şirkəti olan Moderna-nın hazırladığı koronavirus peyvəndindən isə 13.2 milyard dollar gəlir əldə etməsi gözlənilir.

Maraqlıdır, bəs ölkələr peyvəndi almaq üçün nə qədər xərcləyəcəklər? Məsələn Azərbaycan?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, Azərbaycanın miqyasından baxsaq, ölkəmizin peyvənd alması üçün xərcləyəcəyi məbləğ elə də böyük rəqəm deyil:

“Peyvəndlərin müxtəlif qiymətləri var. Məsələn Rusiya və Çin peyvəndi təqribən 10 dollar civarındadır. ABŞ-da istehsal olunan peyvəndin qiyməti loqistika və çatdırılma yerlərindən asılı olaraq 20-30 dollar arasında dəyişir. Azərbaycan hökumətinin hansı vaksinə qərar verəcəyi qiymətlərə də təsir göstərəcək. Burada qiymətlərdən də əsas məsələ peyvəndin kimlərə hansı qrafik və şərtlərlə vurulmasıdır. Dünya ölkələri artıq elan etdilər ki, peyvənd tam pulsuz olacaq. Azərbaycanda da yəqin ki, bununla bağlı qərar verilməlidir. Çünki insanların indiki durumunda peyvəndin pulsuz olması vacibdir və əlavə vəsait ödənməsi doğru olmazdı. Təqribən 10 dollardan hesablasaq, 100 milyon dollar, 15 dollardan hesablasaq, 150 milyon dollar olacaq və s… Bir sözlə, bu qiymətlərdən və hansı ölkədən almağımızdan asılı olacaq. Azərbaycan miqyasından baxsaq, bu miqdar böyük məbləğ deyil. Azərbaycanın bunu alıb əhalisini pulsuz peyvəndləməyə imkanı var”.

Ekspert əlavə edib ki, dünyanın hər yerində peyvəndlənmə prosesində könüllülük prinsipi var:

“Azərbaycanda da çox güman ki, belə olacaq. Bu, o demək deyil ki, 10 milyonun hamısı peyvəndlənməlidir. Əsas risk qrupları var. Yaşlı insanlar, xroniki xəstəliyi olanlar, həkimlər, ticarət və iaşə obyektlərinin işçiləri və s… Bu insanlar ilk növbədə peyvəndlənməlidir. Ümumi 3-4 milyon insanın peyvəndlənməsi kütləvi immunitetin formalaşması üçün kifayət edər”.

Alət çubuğuna keç